Erməni terroru dünya mediasını təhdid edir


Siyasət 06 Noy 2020 16:51:00 114 0

Erməni terroru dünya mediasını təhdid edir

Ermənistanın işğalçılıq siyasətini, təcavüzkarlığını, terrorçu dövlətin Azərbaycanın dinc əhalisinə qarşı təxribatlarını, terror aktlarını ifşa edən, Azərbaycanın ədalətli mövqeyini işıqlandıran xarici media orqanları erməni lobbisi tərəfindən hədəfə alınır, onlar ölümlə təhdid edilir.

Hətta neytral, balanslı mövqe nümayiş etdirən, Ermənistanın və erməni diasporunun maraqlarına cavab verməyən medianı, siyasətçiləri, ictimai fəalları hədəfə almaqda davam edir.

Ən qəribəsi də odur ki, bu yolverilməz hallar əsasən Avropa ölkələrində yaşanır.

Fransanın "TF-1" kanalı, ABŞ-ın "The New York Times" qəzetinin əməkdaşından sonra bu dəfə İtaliyanın "La Repubblica" qəzeti də erməni lobbisi tərəfindən sosial şəbəkələrdə çoxsaylı təzyiqlərə məruz qalıb. Qəzeti islampərəst olmaqda ittiham edən erməni lobbisinin üzvləri qəzetin müxbiri Peitro Del Reni Azərbaycan Prezidenti ilə müsahibəsində Ermənistana qarşı qərəzli suallar verdiyini iddia edirlər.

Artıq məsələyə Rəsmi Bakı da ciddi reaksiya verib. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Beynəlxalq Sərhədsiz Reportyorlar" təşkilatını və ATƏT-in Media Azadlığı üzrə Nümayəndəsini Ermənistan-Azərbaycan münaqişəsinin obyektiv reallıqlarını işıqlandıran peşəkar jurnalistlərə, mediaya qarşı fiziki, şifahi təhdidləri, təhqiramiz şəxsi hücumları qınamağa çağırıb.

Sözsüz, belə bir vəziyyətdə ifadə azadlığı əsas meyar kimi götürülməli və bu amilə hörmət edilməlidir.

Erməni diasporu ümumiyyətlə son dövrlərdə bütün dünyada müstəqil medianı susdurmağa cəhdlər edir, təhdidlər edir. Son bir ayda bir çox əcnəbi jurnalist və ictimaiyyət nümayəndələri ilə yanaşı, siyasətçilər, deputatlar da hücumlara məruz qalırlar. Onlar bütün vasitələrə əl ataraq, öz yalanlarını bütün dünyaya qəbul etdirməyə çalışırlar. Bununla bir daha faşist, terrorçu xislətlərindən əl çəkmədiklərini nümayiş etdirirlər. Əlbəttə ki, onların bu çirkin əməllərinə, təhqir və təhdidlərinə ilk növbədə həmin ölkələrin rəhbərliyi, rəsmi şəxsləri münasibət bildirməlidir. Çünki başqa vaxt media, söz, mətbuat azadlığından danışan, digər ölkələri buna görə qaralayan həmin ölkələrin rəsmiləri öz jurnalistlərinin haqlarını ilk növbədə özləri müdafiə etməlidirlər.