İranlı hüquşünas: Ermənistanın hərəkətləri beynəlxalq sülhə və hüquqa təhdiddir


Siyasət 21 Sen 2020 21:21:00 149 0

İranlı hüquşünas: Ermənistanın hərəkətləri beynəlxalq sülhə və hüquqa təhdiddir

Ermənistanın hərəkətləri beynəlxalq sülhə və hüquqa təhdiddir.

Son.az bildirir ki, bunu Trend-ə açıqlamasında İranda tanınmış hüquqşünas Nima Dəstgoşadə deyib. Onun sözlərinə görə, Ermənistan müstəqilliyini elan etdikdən sonra da öz təcavüzkarlığını davam etdirib. Ermənistan beynəlxalq hüququ və hüquq normalarını kobud şəkildə tapdalayaraq Azərbaycanın 20% ərazisini işğal edib.

Dəstgoşadə əlavə edib ki, Ermənistanın təcavüzkarlığı BMT-nin əsasnaməsinin 39-cu maddəsinə zidd hərəkətdir. Ermənistan işğalçılığı ilə həm beynəlxalq hüququ, həm də beynəlxalq sülhü pozmağı davam etdirir. Halbuki, BMT-nin Təhlükəsizlik Şurasında Ermənistan əleyhinə 4 qətnamə təsdiqlənib və bu qətnamələrdə Ermənistan təcavüzkar, insan haqlarını pozan dövlət kimi tanınıb.

Hüquqşünas bildirib ki, Ermənistanın işğalçılıqla yanaşı, Dağlıq Qarabağda və ətraf rayonlarda törətdiyi zorakılıqlar və cinayətlər artıq dünya səviyyəsində tanınıb.

Dəstgoşadə deyib ki, Ermənistanın hazırda yenidən müharibəyə hazırlaşması da bu dövlətin təcavüzkarlığı və işğalçılığından irəli gəlir. Ermənistan atəşkəs rejimi dövründə bir sıra qurumların dəstəyi ilə bir daha öz təxribatçılığını və zorakılığını artırmaq niyyətindədir. Bununla da Ermənistan öz çirkin simasını nümayiş etdirmiş olur.

"Ümumilikdə, Ermənistanın Azərbaycan ərazisində törətdiyi faciə, Xocalı faciəsi ilə əlaqədar beynəlxalq hüquq dairələrini də qınamaq olar. Çünki beynəlxalq hüquq dairələri Xocalı faciəsində Ermənistana qarşı sərt tədbirlər görməli idilər ki, Ermənistan Azərbaycana qarşı təcavüz deyil, hətta təhdid dili ilə danışmağa da cəsarət tapmasın" -deyə o qeyd edib.

Dəstgoşadə əlavə edib ki, Azərbaycanın Ermənistanın təcavüzkarlığına dair 4 sənədi var. Bunlar BMT Təhlükəsizlik Şurasının məlum qətnamələridir. Buna əsasən, heç bir ölkə təcavüzkar Ermənistana dəstək göstərməməlidir. Ermənistana hər hansı dəstəyin göstərilməsi beynəlxalq hüququn zəiflədilməsi anlamına gəlir.

"Cari ilin iyul ayında Azərbaycanın Tovuz rayonu istiqamətində Ermənistanın təxribatı bu ölkənin təcavüzkarlıqdan doymadığını bir daha əks etdirir. Bu da Ermənistanın beynəlxalq hüquqa və sülhə təhdid olduğunu göstərir" - deyə, hüquqşünas qeyd edib.