"Minsk Qrupu Azərbaycanın işğal olunmuş torpaqlarında nələ baş verdiyini yaxşı bilir"


Siyasət 18 Sen 2020 12:17:00 150 0

"Minsk Qrupu Azərbaycanın işğal olunmuş torpaqlarında nələ baş verdiyini yaxşı bilir"

Ermənistan beynəlxalq hüquq normalarını nəinki inkar edir, açıq şəkildə tapdalayır. Bu, eyni zamanda, Minsk Qrupunun həmsədrlərinə də bir təpkidir, bir zərbədir.

Bunu Son.az-a açıqlamasında politoloq Fikrət Sadıxov Livandan Qarabağa və ətraf rayonlara erməni ailələrinin, terrorçuların qeyri-qanuni şəkildə köçürülməsini həmsədrlərin səssiz qalmasını şərh edərkən deyib.

Politoloq bildirib ki, ermənilərin Azərbaycan torpaqlarında demoqrafik vəziyyəti dəyişmək cəhdləri iki məqsəd daşıyır:

"Bu 30 il ərzində danışıqlar müddətində ermənilər vaxtaşırı Dağlı Qarabağa, ətraf rayonlara qeyri-qanuni köçlər etmişlər. Görünür, həmsədirlərin biganəlik siyasəti, onlara qarşı heç bir tədbir görülməməsi belə bir addımlara vadar edir. Biz bilirik ki, ermənilər Azərbaycan torpaqlarına ailələrlə yanaşı, muzdlular, terrorçular, ekstremislər, radikalları da ora yerləşdirirlər. Onların bu qeyri-qanuni hərəkətləri iki məqsəd daşıyır. Birincisi, Azərbaycanın işğal olunmuş torpaqlarını erməniləşdirmək istəyirlər. Sonra da bar-bar bağırmaq ki, onlar eradan əvvəl orada yaşayan ermənilərdir. Bunlar o ermənilərin varisləridir. Köç siyasətlərinin ikinci səbəbi isə orada müəyyən hərbi baza yaradıb, terrorçuları orada hazırlayaraq Azərbaycana qarşı təxribatlarla məşğul olmaqdır. Bax düşünürəm ki, əsas məqsədləri bu iki planı həyata keçirməkdir. Ermənilər bundan çox geniş şəkildə istifadə edəcəklər. O ki qaldı Minsk Qrupunun həmsədrlərinə, onlar, sadəcə olaraq, çox yaxşı dərk edirlər, başa düşürlər, bilirlər Azərbaycanın işğal olunmuş torpaqlarında nələ baş verir. Amma susurlar, biganəlik nümayiş etdirirlər və beləliklə, onları belə bir addım atmağa yaşıl işıq yandırırlar".

F.Sadıxov qeyd edib ki, Minsk Qrupunun həmsədrlərinin qarşısına müəyyən şərtlər qoymalıyıq:

"Qarabağ münaqişəsi səviyyəsində olan bütün münaqişələrdə vasitəçilər var. Yəni, beynəlxalq təşkilatların qərarı ilə bunlar təyin olunur. Guya bunlar vasitəçilik edən nümayəndələrdir, amma onlar o qrumların maraqlarına cavab verən addımlar atırlar. Biz görürük də bunu həm Ukrayna məsələsi ilə bağlı, həm Suriyada belə formatda fəaliyyət göstərən vasitəçilər var. Amma Azərbaycan olaraq biz mövqeyimizi kifayət qədər qətiyyətlə ortaya qoymalıyıq. Əgər onlar yeni bir danışıqlar təşkil etmək istəyirlərsə, qəti şəkildə biz Minsk Qrupunun həmsədrlərinin qarşısına müəyyən şərtlər də qoya bilərik ki, əvvəla mövqe bildirsinlər, ciddi şəkildə Ermənistana təzyiq göstərsinlər, hətta ATƏT səviyyəsində bir qərar qəbul etsinlər, təşəbbüslə çıxış etsinlər. Bunların əsas məqsədi belə çıxır ki, guya xalqaları sülhə çağırışla məşğuldurlar. Guya, biz xalqımızı sülhə hazır etməliyik. Belə bir şəraitdə biz xalqı necə sülhə hazır edə bilərik. Bu, cəfəngiyyatdır, absurddur. Həmsdərlərə bunu daha qəti formada çatdırmaq lazımdır".

Təhməz Əsədov Son.az