"Ermənistan rəhbərliyi azərbaycanlıların tarixi izlərini silmək üçün qəbirləri dağıdır"


Siyasət 11 Sen 2020 13:58:49 136 0

"Ermənistan rəhbərliyi azərbaycanlıların tarixi izlərini silmək üçün qəbirləri dağıdır"

Ermənilər Naxçıvanda guya erməni xaçkarlarının dağıdılması barədə məsələni yenidən müzakirəyə çıxarmağa cəhd göstərirlər. Ermənilər YUNESKO-da davamlı şəkildə guya Naxçıvanda erməni xaçkarlarının dağıdılması ilə bağlı məsələ qaldırırlar.

Bunu Son.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov deyib.

O bildirib ki, ermənilər Naxçıvan və Culfada əsassız şəkildə erməni xaçkarlarının dağıdılması məsələsini YUNESKO-ya qaldırdığı günlərdə müsəlman qəbirlərini sökməklə diqqəti yayındırmağa çalışırlar:

"Erməni diaspor şəbəkəsi bu istiqamətdə çalışmalara təzə başlamayıb. Ötən illərdə də bu istiqamətdə böyük kampaniya başlatmış və qısa müddətdə özləri ifşa olunmuşdu. Əsassız şəkildə qaldırılan məsələnin heç bir nəticəsi olmayacaq. Çünki erməni vandalizmini ermənilərin özləri ötən il ifşa ediblər. Belə ki, ötən ilin sentyabr ayında Ermənistanın rəsmi dövlət qurumu nümayəndələrinin iştirakı ilə Vedi rayonunun yaxınlığında, Xosrov tarixi qoruğunda müsəlman və kürd qəbiristanlığının dağıdılması haqqında süjet yayılmışdı. Erməni hüquq müdafiəçisi Narine Kirakosyanın çəkdiyi süjetdə qeyd olunanlar tam aydın görünür. Lakin bu günlərdə ermənilər guya Naxçıvan, Culfada erməni xaçkarlarının dağıdılması məsələsini yenidən YUNESKO-da qaldırırlar.

Bu, ermənilərin davamlı olaraq həyata keçirdikləri siyasətdir. Ermənilər Naxçıvan və Culfada əsassız şəkildə erməni xaçkarlarının dağıdılması məsələsini YUNESKO-da qaldırdığı günlərdə müsəlman qəbirlərini sökürlər və beləliklə, diqqəti yayındırmağa çalışırlar. Uzun illərdir ki, ermənilərin məkrli siyasətindən və vandalizm aktlarından əziyyət çəkirik".

Politoloq qeyd edib ki, Ermənistan rəhbərliyi azərbaycanlıların dədə-baba yurdlarında bütün tarixi izləri silmək üçün qəbirləri dağıdıb, məhv etmək siyasəti yeridir:

"Xüsusilə qeyd etmək istərdim ki, ermənilərin işğal etdikləri ərazilərdə, o cümlədən Ermənistanda müsəlman qəbiristanlıqlarına, tarixi abidələrə, məscidlərə qarşı vandallıqlar törətdiyi faktlarla, foto-videolarla sübuta yetirilib. Öz ərazisində etnik təmizləmə aparan və 250 mindən artıq azərbaycanlını Ermənistandan çıxaran, onlardan bəzilərini qətlə yetirən Ermənistan rəhbərliyi azərbaycanlıların dədə-baba yurdlarında bütün tarixi izləri silmək üçün qəbirləri də dağıdıb, məhv etmək siyasətini yeridirlər. Eyni zamanda, ermənilərin işğal etdiyi Azərbaycan torpaqlarında da analoji vandalizmi həyata keçirir, məscidləri dağıdır və yaxud müsəlmanların heysiyyatına toxunmaq üçün ordan donuz tövləsi kimi istifadə edirlər. Əvəzində isə guya Naxçıvanda erməni xaçkarlarının dağıdılması barədə təbliğat aparırlar. Ötən il sözügedən videonun əsasında Azərbaycanın Xarici İşlər Nazirliyi bəyanat verdi, diplomatik missiyamız YUNESKO-da erməni "teatrını" alt-üst etdi. Lakin aradan bir müddət keçməsinə baxmayaraq, faktların artıq "unudulduğunu" düşünən erməni təbliğat maşını Naxçıvanda xaçkarların dağıdılmasını yenidən UNESKO-nun gündəminə daşımağa çalışır.

Ermənilər törətdikləri misligörülməmiş və dəhşətli soyqırımların əvəzində dünyaya qondarma erməni soyqırımı kimi nağıllar uydurub yaydıqları kimi, indi də müsəlman qəbirləri, abidələrini məhv edib, dağıtdıqları halda "erməni xaçkarlarının dağıdılması" şousunu məharətlə oynamağa və bunu qəbul etdirməyə cəhd göstərirlər. Ancaq indi fərqli əsrdir və ortada real faktlar, video-yazılar var".

Təhməz Əsədov Son.az