"Regionların inkişafı dövlət başçısının həyata keçirtdiyi siyasətin əsas hədəflərindən biridir"


Siyasət 31 İyl 2020 18:14:00 169 0

"Regionların inkişafı dövlət başçısının həyata keçirtdiyi siyasətin əsas hədəflərindən biridir"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin regionlarının sosial-iqtisadi inkişafını diqqət mərkəzində saxlayır, regionların inkişafı dövlət başçısının həyata keçirtdiyi siyasətin əsas hədəflərindən biridir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin deputatı Kamran Bayramov deyib.

Onun sözlərinə görə, Prezidentin bu günlərdə Qobustan, İsmayıllı, Balakən, Şəki və Qəbələ rayonlarına səfəri də bu faktı təsdiqləyir:

"Bu fəaliyyətin də əsas məqsədi paytaxtımızla yanaşı, bütün regionların hərtərəfli və davamlı inkişafına nail olunmasıdır. Bu gün bölgələrimiz tarazlı şəkildə inkişaf edir, yeni infrastuktur qurulur, yollar çəkilir, körpülər salınır, kəndlərimiz qazlaşdırılır, sosialyönümlü obyektlər yenidən qurulur və əsaslı təmir olunur. Bununla yanaşı, yeni müəssisələr yaradılır, insanların məşğulluğu təmin olunur, maddi rifahın yaxşılaşması üçün tədbirlər görülür.

Ölkəmizdə koronavirus pandemiyasının yayılmasına, bu səbəbdən iqtisadiyyatımızın inkişafı templərinin azalmasına baxmayaraq, regionlarda sosial layihələrin gerçəkləşməsi davam etdirilir, cənab Prezidentin təsdiq etmiş olduğu "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" ixtisar edilmədən planlı və ardıcıl surətdə uğurla icra olunur.

Bütün bunlar cənab Prezident tərəfindən həm regionlara, həm də orada yaşayan vətəndaşlarımıza, onların sağlamlığına, maddi rifahına göstərilən xüsusi diqqətin təzahürüdür, onun bölgələrə müntəzəm səfərləri isə regionların tarazlı şəkildə inkişafına və müasirləşməsinə xidmət edir. Dövlət başçısının Qobustan, İsmayıllı, Şəki və Qəbələdə koronavirus xəstələri üçün modul tipli xəstəxanaların, ASAN xidmət mərkəzinin, uşaq incəsənət məktəbinin və digər mühüm obyektlərin açılışlarında iştirak etməsi, sonra isə həmin rayonların sosial-iqtisadi inkişafına xidmət edən mühüm sərəncamların imzalaması bir daha təsdiq edir ki, Azərbaycanda regionların inkişafı həyata keçirilən siyasətin prioritet istiqamətlərindən biridir".