"Ermənilərin yeni bir terror dalğası başlanıb"


Siyasət 25 İyl 2020 12:36:00 163 0

"Ermənilərin yeni bir terror dalğası başlanıb"

"Çox təəssüflər olsun ki, bir sıra beynəlxalq strukturlar yenə öz qəti mövqeyini bildirmir və bununla bağlı hansısa bir addım atmaqdan da çəkinir"

Artıq görünən odur ki, bu, şəbəkələşmiş bir plandır. Bütün xaricdə yaşayan ermənilərin hərəkətləri rəsmi İrəvanla razılaşdırılmış şəkildə törədilir və hətta təlimatlar da İrəvandan gəlir.

Bunu Son.az-a açıqlamasında politoloq Fikrət Sadıxov ermənilərin son günlər Los Anceles və Brüsseldə azərbaycanlılara qarşı törətdikləri vandalizmini şərh edərkən deyib.

O bildirib ki, Tovuz istiqamətində ermənilərə vurulan zərbə onları o qədər qıcıqlandırıb ki, görünür, qadınlara da, uşaqlara da əl atmaqdan çəkinmirlər:

"Birdən-birə bir sıra ölkələrdə, eyni zamanda, belə vandalizm hərəkətlərini törətmək ancaq bir mərkəzdən idarə edilən halda ola bilər. Bu, əlbəttə ki, bir vəhşilikdir. Onlar 1970-ci illərdə Fransada, digər Avropa ölkələrində türk diplomatlarını öldürüb, beynəlxalq təşkilatlara qarşı hücumlar edib və bir çox hallarda cəzasız qalıblar. İndi görünür ermənilərin yeni bir terror dalğası başlanıb. Görünür, Tovuz istiqamətində onlara vurulan zərbə onları o qədər qıcıqlandırıb ki, görünür, qadınlara da, uşaqlara da əl atmaqdan çəkinmirlər. Bax budur reallıq! Çox təəssüflər olsun ki, bir sıra beynəlxalq strukturlar yenə öz qəti mövqeyini bildirmir və bununla bağlı hansısa bir addım atmaqdan da çəkinir. Ona görə də biz onların cəzalandırılmasına nail olmalıyıq, bu bir. İkincisi, diplomatik və siyasi müstəvidə biz öz prinsipial mövqeyimizi bildirməliyik. Bəlkə də hansısa konkret bir qərarın qəbul olunmasına da nail olmalıyıq. Bu da müəyyən dərəcədə bizdən də asılıdır. Çünki bizim bu diaspora təşkilatlarımız, diplomatik dairələrimiz, orada yaşayan azərbaycanlılar aktiv və hücumedici bir addımlar atmalıdırlar. Bu halda düşünürəm ki, biz buna nail ola bilərik".

Politoloq qeyd edib ki, biz bu məsələdə bütün diplomatik və siyasi vasitələrdən səmərəli istifadə etməliyik:

"Biz ermənilərdən fərqli olaraq sivil bir ölkəyik, sivil bir millətik. Biz onlara lazım olanda münaqişə zonasında yaxşı zərbələr endirə bilərik. Biz bu məsələdə bütün diplomatik və siyasi vasitələrdən səmərəli istifadə etməliyik. Bu, bizim əsas addımlarımızdan biri olmalıdır. Çünki biz ona nail olmalıyıq ki, o ölkələrin rəsmi dairələri, beynəlxalq təşkilatların rəsmiləri və güc strukturlarının nümayəndələri öz sözünü desin, onları tənqid etsin, onları təcrid bir vəziyyətə salsınlar. Bax biz buna nail olmalıyıq. Bu, bizim vasitələrimizdir. Yəni, dinc yolla bu sadaladıqlarım bizim əsas prioritet vasitələrimiz olmalıdır".

Təhməz Təkin Son.az