"Ermənistanda dəhşətli bir rejim hakimiyyətdə oturub insanlara divan tutur"


Siyasət 08 İyl 2020 17:47:00 167 0

"Ermənistanda dəhşətli bir rejim hakimiyyətdə oturub insanlara divan tutur"

"Beynəlxalq təşkilatlar, təchizatlar, hüquq müdafiəçiləri və s. insanlar Ermənistan tərəfindən qanunların kobud şəkildə pozulmasını görürlər və buna heç bir reaksiya vermirlər"

"Ermənistanda baş verən proseslər hamısı göz önündədir. Ən böyük dəhşət doğuran da odur ki, artıq iki-üç onillikdir ki, Levon Ter-Petrosyan hakimiyyətdən xaric olunduqdan sonra da Ermənistanda baş verən özbaşınalıq, diktatura rejimi bir-birini əvəz etdi". 

Bunu Son.az-a açıqlamasında "Cənubi Qafqaz" Politoloqlar Klubunun rəhbəri Tofiq Abbasov Prezident İlham Əliyevin yeni modul tipli xəstəxananın açılışında yerli telekanallara müsahibəsi zamanı Ermənistan hakimiyyəti ilə bağlı fikirlərini şərh edərkən deyib.

O bildirib ki, Ermənistanda baş verən özbaşınalıq, diktatura rejimi bir-birini əvəz etsə də Avropa təşkilatları, dünya birliyi, aparıcı institutları heç bir reaksiya göstərmirlər:

"Ermənistan hakimiyyətinin bu özbaşınalıqlarına baxmayaraq dünya birliyi, aparıcı institutları heç bir reaksiya göstərmirlər. Biz Azərbaycan olaraq həmişə deyəndə ki, yüzminlərlə bizim qaçqınımız var və onların hüquqları pozulub, Avropa Birliyinin institutları, ABŞ Dövlət Departamenti həmişə bu proseslərə göz yumublar. Göz görə-görə ki, Ermənistanda dəhşətli bir rejim hakimiyyətdə oturub insanlara divan tutur, onlar Azərbaycanda insan haqları, Azərbaycanda azadlıqlar haqda uydurduqları problemləri önə çıxarırlar. Əlbəttə, bu proseslər hamısı təsadüfü deyildi və məqsəd ondan ibarət idi ki, Ermənistanda olan o antimilli, anti-xalq rejimlərini onlar müdafiə etsinlər və onların lobbiçi qruplarına dəstək versinlər. Təbii, burada ikili standartlı münasibətlər, selektik yanaşma həmişə özünü büruzə verirdi və Azərbaycan dövləti bu haqda məlumatlı idi. Ona görə də son illər ərzində biz artıq demək olar bax bu müstəvidə, bütün dünya birliyinin yanaşmasını, demokratik təchizatların reaksiyasını və s., onların hamısını dəyişməyə müvəffəq olmuşuq".

Politoloq qeyd edib ki, Ermənistandakı iqtidarların hamısı bir qayda olaraq güc tətbiq etməklə Azərbaycan torpaqlarını işğal etdilər, oliqarxlarla birləşdilər və nəticədə kriminal rejimi hakimiyyətdə saxladılar:

"Təbii ki, Ermənistandakı adını "yeni" qoyduqları Nikol Paşinyanın inqilabi hakimiyyəti mahiyyəti ilə keçmişdəkilərdən fərqlənmir. Ermənistandakı iqtidarların hamısı bir qayda olaraq güc tətbiq etməklə Azərbaycan torpaqlarını işğal etdilər, oliqarxlarla birləşdilər və nəticədə kriminal rejimi hakimiyyətdə saxladılar. Ona görə, Prezident İlham Əliyevin yerli televiziyalara müsahibəsi zamanı dedikləri hamısı təsdiqini tapıb və biz görürük ki, Ermənistanda ümumiyyətlə hakimiyyətin davranışı antimilli, antixalq xarakteri daşıyır. Bu dəmdə də onlar Qarabağ bölgəsində demək olar ki, narkotiklərin dövriyyəsini, silah alverini, insan alverini və s. qaçaqmalçılıqların bütün növlərinin hamısının tətbiq edilməsini bilə-bilə gizlədirlər, ört-basdır edirlər. Ona görə də, Azərbaycan dövlətinin bu məsələlərə reaksiyası ondan ibarətdir ki, bütün bu proseslərin hamısından xəbərdarıq. Prezident İlham Əliyev dəfələrlə, vaxtaşırı bu məsələlərə toxunur, o, prinsipial münasibət bildirir. Bu ondan xəbər verir ki, biz sona qədər bu prosesləri izləyib, məntiqi nəticəyə özümüz nail olmalıyıq. Əgər bir halda ki, beynəlxalq təşkilatlar, təchizatlar, hüquq müdafiəçiləri və s. insanlar Ermənistan tərəfindən qanunların kobud şəkildə pozulmasını görürlər və buna heç bir reaksiya vermirlər, buna heç bir münasibət bildirmirlər, əlbəttə, onda həmin hərcmərclik həm Ermənistanda, həm də Ermənistanın ətrafında geniş vüsət alır. Bu olmasın deyə Azərbaycan dövləti özü qərar verəcək ki, birincisi Ermənistan hakimiyyətini sülhə məcbur etsin, digər tərəfdən öz torpaqlarını azad etsin və nəhayət bölgədə əminamanlıq, sabitlik yaratsın".

Təhməz Təkin Son.az