Yazmaram ürəyim sizi anmasa...


Kriminal 05 İyn 2020 15:23:00 178 0

Yazmaram ürəyim sizi anmasa...

Unudulmaz şair Mikayıl Müşfiqin anadan olmasından 112 il ötür

Onun ömür kitabını vərəqləyərkən gənc yaşlarında həyatı tərk etmiş bir şairin çoxsaylı əsərlərinə heyrətlənməyə bilmirsən. Şübhəsiz, məsələ təkcə əsərlərin sayında deyil. Hər biri şedevr hesab olunmağa layiq bu əsərlərin hər misrası, hər bəndi həyatdan nakam köçmüş müəllifin özü ilə oxucusu arasında yaratdığı əbədi mənəvi körpüdən xəbər verir. O körpü ki, şairin bu günümüz üçün də müasir olan həyat ideallarını bizlərə çatdırmaqdadır. "Yenə o bağ olaydı...", "Oxu, tar!", "Sənə qurban", "Sənin gülüşlərin", "Əbədiyyət nəğməsi", "Həyat sevgisi", "Sənin gözlərin", "Mənim eşqim", "Ürək" və digər şeirlər hər birimizin qəlbinə yaxındır.

Sən onun eşqilə, məhəbbətilə,

Vurmadın ömrünü başa ürəyim,

Sevgi hədəfini nişan alanda

Dəydimi oxların daşa ürəyim!?

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu gün görkəmli şair Mikayıl Müşfiqin anadan olmasından 112 il ötür.

Mikayıl Əbdülqadir oğlu İsmayılzadə 1908-ci il iyunun 5-də Bakının Dağlı məhəlləsində ziyalı ailəsində dünyaya göz açıb. Atası müəllimlik edib, "Vüsuqi" təxəllüsü ilə şeirlər yazıb. Atası 1902-ci ildə Xızıdan Bakıya köçüb. Çox körpə ikən anası Züleyxanı, altı yaşında isə atasını itirmiş balaca Mikayıl yaxın qohumlarının himayəsində böyüyüb. Onun körpə qəlbi bu itkilərdən yaralansa da, həyatdan küsməyib və hər zəhmətə qatlaşaraq ardıcıl təhsil alıb. 1915-1920-ci illərdə rus-Azərbaycan məktəbində, 1920-1927-ci illərdə əvvəlcə Bakı Darülmüəllimində, sonra isə 12 nömrəli iki dərəcəli məktəbdə, 1927-1931-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində oxuyub. Əmək fəaliyyətinə müəllimliklə başlayıb, Bakı məktəblərində yeddi il dərs deyib. Son iş yeri isə indi Mikayıl Müşfiqin adını daşıyan Bakı şəhərindəki 18 nömrəli orta məktəb olub.

Mikayıl Müşfiqin ilk mətbu əsəri olan "Bu gün" şeiri 1926-cı ildə "Gənc işçi" qəzetində, "Duyğu yarpaqları" adlı son şeiri isə 1937-ci ildə "Ədəbiyyat qəzeti"ndə dərc edilib. Məhsuldar yaradıcılığı sayəsində 1930-cu ildən başlayaraq onun "Küləklər", "Günün səsləri", "Buruqlar arasında", "Bir may", "Pambıq", "Vuruşmalar", "Şeirlər", "Şəngül, Şüngül, Məngül", "Qaya", "Kəndli və ilan" kitabları nəşr olunub. 1957-ci ildən başlayaraq "Seçilmiş əsərləri", "Əsərləri", "Duyğu yarpaqları", "Əbədiyyət nəğməsi", "Könlümün dedikləri", "Həyat sevgisi" və digər adlar altında kitabları çap edilib. Şairin ömür-gün yoldaşı Dilbər Axundzadənin 1968-ci ildə "Müşfiqli günlərim" adlı xatirələr kitabı nəşr olunub, kitabın son genişləndirilmiş nəşri 2005-ci ildə işıq üzü görüb.

Mikayıl Müşfiq tərcümə ilə də məşğul olub. A.Puşkinin "Qaraçılar" (Ş.Abbasov ilə birlikdə), M.Lermontovun "Demon" poemalarını (R.Rza ilə birlikdə), S.Marşakın "Huşsuza bax, huşsuza" şeirini, T.Şevçenkonun, Ö.Xəyyamın və başqa şairlərin irsindən nümunələri, eləcə də M.F.Axundzadənin "Şərq poeması"nı Azərbaycan dilinə çevirib.

Sovet imperiyasının repressiya dalğasına tuş gələn Mikayıl Müşfiq 1938-ci il yanvarın 6-da güllələnib. Nakam şair Azərbaycan xalqı üçün əsl sənət xəzinəsini yadigar qoyub, eyni zamanda, böyük bir xəzinənin açarını da özü ilə əbədiyyətə aparıb.

Şairin zəngin ədəbi irsinə şeirdən tutmuş poemayadək ("Çoban", "Mənim dostum", "Qaya", "Sındırılan saz", "Səhər", "Azadlıq dastanı") lirik növün əksər janrları daxildir. Dərin emosionallıq, ahəngdarlıq, yığcamlıq Mikayıl Müşfiq poeziyasının əsas bədii keyfiyyətləridir. O, lirik-epik lövhələrin, peyzajların ən mükəmməl nümunələrini yaradıb.

Mikayıl Müşfiq poeziyası şifahi xalq və yazılı klassik ədəbiyyatımızdan bəhrələnib. Folklora dərindən bələd olması və ondan məharətlə istifadə etməsi şairin poeziya dilinin axıcılığını, əsərlərinin maraqla oxunmasını şərtləndirir:

Yazmaram ürəyim sizi anmasa,

Sizin eşqinizlə alovlanmasa;

Burdaca el durub məndən sordu ki:

Gözdən yaş çıxarmı ürək yanmasa?

Mikayıl Müşfiqin poeziyasında oxucunun ürəyindən xəbər verən yığcam, lakin dərin məzmunlu ifadələr çoxdur: "Həyat həm gülməkdir, həm ağlamaqdır", "Bədbəxt bu dünyada tək yaşayandır", "Həyat ondan küsənləri incidər", "Nə qədər yaraşır insana gülmək!". "Özümüzü öyməyəlim, Füzuliyə dəyməyəlim" yazan Mikayıl Müşfiq dahi şairin yaradıcılığından yaradıcı şəkildə bəhrələnib.