Nəzakət Teymurova: 20 gün evdə qalmaqla heç nə itirmərik, əksinə, sağlamlığımızı qorumuş olarıq


Kriminal 31 Mar 2020 14:34:00 155 0

Nəzakət Teymurova: 20 gün evdə qalmaqla heç nə itirmərik, əksinə, sağlamlığımızı qorumuş olarıq

İnsanlar hələ də başa düşmürlər ki, koronavirus infeksiyası nə qədər təhlükəlidir, nələrə gətirib çıxara bilər. 20 gün evdə qalmaqla heç nə itirmərik, əksinə, sağlamlığımızı qorumuş olarıq.

Son.az bildirir ki, bunu Trend-ə açıqlamasında xanəndə, Azərbaycanın xalq artisti Nəzakət Teymurova deyib.

Onun sözlərinə görə, dövlət bu məsələdə əlindən gələni edir:

"İnsanlar daha da maarifləndirilməlidir. Hələ də anlamırlar, ya da anlamaq istəmirlər ki, başımıza gələn nədir, nələrlə nəticələnə bilər. Mən vətəndaşlardan xahiş edirəm ki, cənab Prezident İlham Əliyevin çağırışlarına, aidiyyəti qurumların tövsiyələrinə ciddi şəkildə əməl etsinlər. Bunu ciddi qəbul etmək lazımdır. Özünüzü qorumaqla siz həm də yaxınlarınızı, sevdiklərinizi qorumuş olacaqsınız".

Xalq artisti qeyd edib ki, dünyanın alışıb yandığı, qlobal bir bəlaya məruz qaldığı bir vaxtda xalqımız bunun fərqində olaraq daha ciddiyyətli, təmkinli olmalıdır:

"Gərək özünüzün ya da bir yaxınınızın başına gəlsin, sonra inanasınız? Biz 20 gün, bir ay evdə qalmaqla heç nə itirmirik, əksinə, sağlamlığımızı qorumuş oluruq. Dövlətimiz əlindən gələni edir. Bizim öhdəmizə düşən evimizdə qalmaq, həmrəylik göstərərək dövlət rəsmilərinin çağırışlarını cavabsız qoymamaqdır".