Baş Prokurorluq oğurluq edən şəxslərlə bağlı məlumatları təkzib etdi
Kriminal 25 Mar 2020 19:34:00 159 0
Bəzi kütləvi informasiya vasitələrində paytaxtın Binəqədi rayonu ərazisində avtomobillərdən oğurluq edən şəxslərin guya cinayət məsuliyyətindən azad olunmalarına dair provokasiya xarakterli məlumatlar yayılmışdır.
Baş Prokurorluqdan Son.az-a verilən məlumata görə, ictimaiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət edən həmin məlumatlar həqiqəti əks etdirmədiyindən tərəfimizdən qəti şəkildə təkzib olunur.
Belə ki, fevralın 22-də İbrahim Məmmədov tanışı Abdul Musazadə və istintaqa "Fuad" adı ilə məlum olan şəxslə qabaqcadan əlbir olaraq Binəqədi rayonu ərazisində bir neçə maşının şüşələrini sındıraraq müxtəlif əşyalar oğurlamışlar.
Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən İ.Məmmədov fevralın 24-də Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılmış və üzərində qanunsuz əldə edib saxlamaqla daşıdığı narkotik vasitə aşkar edilərək götürülmüşdür.
Fevralın 25-də İ.Məmmədovun barəsində Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 (oğurluq) və 234.1-ci (narkotik vasitələrinin qanunsuz dövriyyəsi) maddələri ilə cinayət işi başlanmış və o, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir.
Martın 17-də müdafiə tərəfinin vəsatəti əsasında rayon məhkəməsi tərəfindən İ.Məmmədov barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmuşdur.