İranla sərhəddə silahlı insident: DSX sərhəd pozucularını zərərsizləşdirdi FOTO


Kriminal 20 Mar 2020 14:50:00 297 0

İranla sərhəddə silahlı insident: DSX sərhəd pozucularını zərərsizləşdirdi  FOTO

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) tərəfin­dən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahə­sində təd­birlər davam etdirilir.

DSX-dan Son.az-a bildirilib ki, 2020-ci ilin 19 mart tarixində 22:20 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şunlarının "Horadiz" sərhəd dəstə­si­nin Beyləqan rayonunun 2-ci Şahsevən kəndi yaxınlığındakı sərhəd zasta­va­sı­nın xidməti ərazisində sərhəd naryadı tərəfindən 2 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqa­mətində döv­lət sərhədini pozmaları müşahidə olunmuş­dur.

Sərhəd zastavası "Silaha" komandası üzrə qaldırılmış, xid­məti əra­zi tam qapadıl­mış­dır. Sərhəd naryadı tərəfindən "Dayan" əmri ve­rilərək sər­həd pozu­cuları təqib edilmiş və havaya xəbərdarlıq atəşi açıl­mış­dır. La­kin sərhəd pozu­cu­ları əmrə tabe olmamış, sərhəd naryadına qarşı od­lu silahdan atəş açaraq sərhədçilərin həyatına qəsd etmişlər.

Sərhəd naryadı tərəfindən "Dövlət sərhədi haqqında" Azərbaycan Respublikası Qanunun tələblərinə tam uyğun olaraq silah tətbiq olun­muş və hər 2 sərhəd pozucusu zərərsizləşdirilmişdir. Sərhəd pozucu­larının birinin üzərində "Vinçester" tipli tüfəng, digərinin üzərində "Glock" markalı ta­pança və 1 ədəd gecə görmə cihazı, ərazidə patron gilizləri aşkar olunmuş­dur.

Hadisə yerində 2 ədəd böyük kisədə ümumi çəkisi təqribən 61 kq olan əsasən heroin, tiryək və marixuanadan ibarət olan narkotik vasitə­lər aşkar olunmuşdur.

Hadisə yerinin yaxınlığında Beyləqan rayonunun 1-ci Şahsevən kənd sakini 1972-ci il təvəllüdlü Miriyev Nicat Sabir oğlu ve 2-ci Şahsevən kənd sakini 1982-ci il təvəllüdlü Məmmədov Elşən Əli oğlu şübhəli şəxs qismində saxlanılmışlar.