Rahat həyatı ətalət sayan aktyor FOTO


Kriminal 14 Fev 2020 00:45:00 149 0

Rahat həyatı ətalət sayan aktyor  FOTO

Və ya həmişə özündən narazı olan Əliabbas Qədirov

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Ondan müsahibə almaq üçün bir neçə dəfə zəng etməli olmuşdum. Hər dəfə bir bəhanə ilə müsahibədən yayınmaq istəyirdi. O zaman Milli Dram Teatrının direktoru işləyirdi. Nəhayət, tədbirlərin birində yaxınlaşıb müsahibəyə razılıq ala bildim və öncədən vaxtını da təyin etdik. Rəhbərlik etdiyi teatrın fəaliyyəti, günümüzdə teatra münasibət, insanların teatra marağı, dünya teatrında gedən proseslər və s. mövzularla bağlı xeyli söhbətləşdik. Müsahibə qəzetdə çıxandan sonra Xalq artisti Əliabbas Qədirovun zəng edib təşəkkür etməsi də yaxşı yadımdadır. Ona qədər isə mən onu televiziya tamaşalarından, filmlərdən və "Komediyalar aləminə səyahət" verilişindən xoşlamışdım. Əliabbas Qədirov həmçinin məşhur qiraət ustası kimi  Füzuli, Vaqif, Nəsimi, Sabir... kimi dühaların poetik nümunələrini o qədər gözəl ifa edirdi ki, heyranlıqla qulaq asırdım. Oynadığı rollar janr xüsusiyyətlərinə görə fərqli, əlvan və bədii cəhətdən bitkin təsir bağışlayırdı. Təsadüfi deyil ki, aktyorun oynadığı tamaşaların bir qismi televiziyanın "Oızıl fond"una daxildir. Süleyman Sani Axundovun, "Laçın yuvası" (Cahangir), Məmməd Muradın "Təkan" (Dilqəm), İlyas Əfəndiyevin "Atayevlər ailəsində" (Cahangir), Mirzə Fətəli Axundzadənin "Hacı Qara" (Heydər bəy), Əbdürrəhim bəy Haqverdiyevin "Bəxtsiz cavan" (Fərhad), Mar Bayciyevin "Duel" (İsgəndər), Dazortsevin "Qəbula gələn sonuncu adam" (Kişi) və s. tamaşaları bu siyahıda yer alıb.   Dəmiryolçular klubundan böyük səhnəyə   Əliabbas Qədirovun teatr sənətinə həvəsi lap uşaqlıqdan yaranıb. Böyük həvəslə sənədlərini M.Əliyev adına İncəsənət İnstitutuna verərək, kino və dram aktyorluğu fakültəsinə daxil olanda sevincinin həddi-hüdudu yox idi. Hələ tələbə olduğu illərdə oynadığı maraqlı obrazlar müəllimlərinin diqqətindən yayınmırdı. Dəmiryolçular klubunda xalq artisti Ağadadaş Qurbanovun rəhbərlik etdiyi dram kollektivinin üzvü kimi fəaliyyəti isə onun aktyor kimi yetişməsində mühüm rol oynayıb. Romantik, monumental tamaşalarda oynamaq vərdişlərini həmin dram dərnəyində öyrənib. Elə aktyor olmağa da bu dərnəkdə qərar verib. Sənət müəllimi Mehdi Məmmədov, səhnə danışığı müəllimi Müxlis Qənizadə olub.

Tələbəlik illərində institutun tədris teatrının ştatlı aktyoru kimi burada Cəfər Cabbarlının "Aydın" (Surxay), Hüseyn Cavidin "Azər", Afanasi Salinskinin "Təbilçi qız" (Fyodr) əsərlərinin tamaşalarında maraqlı rollar oynayıb. Elə buna görə də Əliabbas Qədirov son kursda oxuyanda Mehdi Məmmədov Akademik Teatrda quruluş verdiyi Hüseyn Cavidin "Xəyyam" faciəsində Yusif roluna onu dəvət edib. Ancaq tamaşanın premyerası uzan müddət baş tutmayıb. Nəhayət, 1970-ci ilin 12 martında tamaşa oynanılıb və böyük uğur qazanıb. Aktyorun böyük səhnədə debütü uğurlu alınıb və taleyi o gündən ömürlük olaraq bu teatra bağlanıb. O zaman bu teatrın səhnəsinə çıxmağı gənc aktyorlar yalnız xəyal edə bilərdi. Bu baxımdan gəncin bəxti gətirmişdi.   Ecazkar görünən sənət    Gənc aktyor sənət ehtirası ilə akademik teatrın səhnəsində bir-birindən maraqlı, yaddaqalan obrazlar yaradır. Sənətin daş-kəsəkli yollarında çətinlikləri də olur, çılğın xarakterinə görə bəzən rollarını da itirir. Bəzən irəli getməsinə mane olanlar da tapılır. Ancaq aktyorun zəhmətsevərliyi və yaradıcılıq axtarışları ilə birləşmiş istedadı sayəsində ərsəyə gələn rolları həmişə səhnəni bəzəyir. Bu müddətdə aktyor Əliabbas Qədirovun yaradıcılıq siması da müəyyənləşir. Tamaşaçı sevgisi onun coşqun istedada və bacarığa malik olduğunun göstəricisinə çevrilir. Ən əsası, bu, onun tanınmış və sevimli bir Azərbaycan aktyoru səviyyəsinə yüksəlməsinə kömək edir.

Ə.Qədirovun yaratdığı surətlərdə tamaşaçı aktyorun qəlbini duyurdu. Onun ifası tamaşaçının qəlbinə nüfuz edir, onu ovsunlayırdı. Onun adını tutub teatra gələn tamaşaçılar saysız-hesabsız idi. "Uşaqlıqda sənət mənə çox ecazkar görünürdü. O ecazkarlıq mənim qəlbimdə qalıb-qalmayıb və ya ümumiyyətlə, qalıb, ancaq mən görə bilmirəm və ya görürəm, onu deyə bilmərəm. Ancaq bu, o demək də deyil ki, həmin ecazkarlıq məndə sönüb. O ecazkarlıq sönsə, burda işləyə bilmərəm" - deyə aktyor sonralar xatırlayırdı: "Mən yenə Akademik Milli Dram Teatrına, aktyorlara, rejissorlara ecazkar baxıram. Bura elə bir cazibəli, qeyri-adi yerdir ki, insanların hamısını çəkir. Bu, belə də olmalıdır. Belə olmasa, heç onun qiyməti olmaz. 30 ildən çoxdur ki, sənətə gəlmişəm. Əslində isə lap uşaqlıq dövründən - 9-10 yaşından özfəaliyyətdə, dram dərnəyində, xalq teatrında çalışaraq bu sənətlə məşğul olmuşam. Kim hansı sənətdə az da olsa öz yerini tapırsa, bu, anadangəlmə olur. İstər yaxşı müəllim, istər həkim, istər mühəndis və ya istər aktyor olsun - bu peşə sahibləri anadangəlmə olur. Ona görə, məndə də anadangəlmə olub"- deyə aktyor söyləyirdi. 

Ə.Qədirov öz işindən, qazandığı uğurlardan çox danışmağı xoşlamazdı. Sənət yoldaşları da onun bu xüsusiyyətini yaxşı bilirdi. Hətta deyirdilər ki, lap cavan vaxtlarından belə olub. "O qədər iddia eləmirəm ki, çıxıb "mən böyük artist, böyük sənətkaram" deyim. Bu sənətlə tanındığım vaxtdan da danışmaqdan xoşum gəlmir - nə işlər görmüşəm, nə işlər görəcəyəm... Mənim də xasiyyətim budur. İnsanlar hamısı bir deyil ki. Müsahibə verəndə istər-istəməz, gördüyün işlər, planların haqqında danışmalısan. Qoy məni kənardan görüb qiymət versinlər: gördüyüm işlər yaxşıdırmı, pisdirmi? Yaxşı görürlər, yaxşı yazsınlar, pis görürlərsə pis. Və yaxud, iş görmüşəmmi, görməmişəmmi? Bu vaxta qədər nə iş görmüşəmsə, həmişə özümdən narazı qalmışam. Yəqin ki, heç vaxt da özümdən razı olmayacağam. Mən özünütənqidi sevirəm. Kinoda, teatrda, televiziyada nə etmişəmsə, heç onun lentlərini yığmıram. Məndən bəzən arxivim haqqında soruşanlara "yoxdur" deyəndə təəccüblənirlər. Şəkil soruşanda da deyirəm ki, yoxdur. Məxsusi olaraq şəkil çəkdirim və yaxud lentləri yazdırıb evə yığım. Belə şeylərin marağında olmamışam. Demirəm ki, bu yaxşıdır, xarakterim belədir".

Ə.Qədirov Milli Dram Teatrının direktoru işlədiyi illərdə aktyorlarla dost olduğunu, amiranəlik göstərmədiyini deyirdi. Amma məmurluğu bəzən məşq prosesində, bəzən də tamaşalar zamanı aktyorlarla münasibətinə mane olurdu: "Onlar məndən çəkinmək istəyirlər, ancaq elə bir şərait yaradıram və deyirəm ki, çəkinməyin, mən elə sizin yoldaşınızam. Hərdən özləri çaşırlar. Onlar çaşanda bunu hiss edirəm və "çaşmayın, mən həmin adamam, aktyoram, sizin dostunuzam" deyirəm. Onlara amiranəlik mənada müdirlik, bədii rəhbərlik eləmirəm. Heç vaxt da eləmərəm. Yaradıcı adamlar çox kövrək, zərif qəlbli olurlar. Ona görə də, onların qəlbinə toxunmaram. Həm də ki, müdirlik daimi deyil. Onu bilirəm ki, sənət daimidir" - deyə öz təbiətini belə xarakterizə edirdi.

Ə.Qədirov  Mədəniyyət və İncəsənət Universitetində aktyorluqdan dərs verirdi. Tələbələri indi də onun necə səmimi insan və gözəl pedaqoq olduğunu məhəbbətlə xatırlayırlar.

Həm teatr, həm kino