Azərbaycan boyakarlığında realizmin əsasını qoyan rəssam


Kriminal 22 Yan 2020 21:35:00 212 0

Azərbaycan boyakarlığında realizmin əsasını qoyan rəssam

Qədim Naxçıvan torpağı zaman-zaman Azərbaycan xalqına görkəmli şəxsiyyətlər bəxş edib. Belə şəxsiyyətlərdən biri də milli rəssamlığın inkişafında özünəməxsus rol oynayan, Azərbaycan rəssamlıq sənətinə yeni üslub və milli ruh gətirən, ilk realist fırça ustası Bəhruz Kəngərlidir. Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu gün Bəhruz Kəngərlinin anadan olmasının 128-ci ildönümüdür.

30 il ömür, əsrlərə bərabər yaradıcılıq nümunəsi

Bəhruz Şirəlibəy oğlu Kəngərli 1892-ci il yanvarın 22-də Naxçıvanda doğulub. Çox qısa ömür yaşamasına baxmayaraq, onun hər bir əsəri Azərbaycan incəsənət tarixində xüsusi yer tutub. Yurdunu sevən rəssam Bəhruz Kəngərli ömrünün sonunadək Naxçıvanda yaşayıb və incəsənətimizin inkişafı naminə yorulmadan çalışıb.

Sağlamlıq imkanları məhdud olan sənətkar cəmi 30 il ömür sürüb və maddi çətinliklərə baxmayaraq, əsərlərini sərgiləməklə kasıb ailələrin uşaqları üçün məktəb pulu toplayıb, onların təhsil almasına köməklik göstərib. Bəhruz Kəngərli 1922-ci ilin fevral ayında dünyasını dəyişib.

Böyük rəssam vaxtilə Cənubi Qafqazın inzibati və mədəni mərkəzlərindən biri olan Tiflis şəhərində təşkil olunmuş "İncəsənəti təşviq cəmiyyəti" və ya digər mənbələrdəki adı ilə desək, "Rəssamları həvəsləndirən cəmiyyət"in nəzdindəki rəssamlıq məktəbini bitirən ilk azərbaycanlıdır. Yüksək istedad sahibi olan Bəhruz Kəngərli Azərbaycan incəsənətində realizmin əsasını qoyan və öz yaradıcılığında qabaqcıl ideyaları əks etdirən sənətkarlardan biri olub. Rəssam sənətkarlığın əsas vasitələri olan rəsm, kompozisiya, rəng bacarığına böyük diqqət yetirib. Təsviri incəsənətin müxtəlif növlərində yaradıcılıqla məşğul olan Bəhruz Kəngərli həm boyakarlıq, qrafika, həm də teatr rəssamlığı sahəsində böyük müvəffəqiyyətlər qazanıb.

Ana təbiət, tarixi abidələr və vətənpərvərlik...

Tanınmış rəssamın əsərlərində təbiət, tarixi abidələr və vətənpərvərlik mövzusu əsas yerlərdən birini tutur. O, dövrünün görkəmli şəxslərinin rəsmlərini çəkib, portret janrında dəyərli əsərlər yaradıb. Azərbaycanlıların başına gətirilən müsibətləri, ermənilər tərəfindən doğma yurdundan zorla qovulmuş azərbaycanlı qaçqınların taleyini əks etdirən "Qaçqınlar" silsiləsinə daxil olan əsərləri Azərbaycan tarixinin dəyərli nümunələridir.