Gürcüstanda 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunan anım tədbiri keçirilib


Siyasət 15 Yan 2020 17:26:34 225 0

Gürcüstanda 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunan anım tədbiri keçirilib

Gürcüstanda 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunan silsilə anım tədbirlərinə start verilib.

Gürcüstanda 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunan silsilə anım tədbirlərinə start verilib.

“Report”un yerli bürosu xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə ilk anım mərasimi Dmanisi rayonunda keçirilib.

Rayonun Kompüter-Tədris Mərkəzində təşkil olunan tədbir 20 Yanvar şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Çıxış edən Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanda törədilən qanlı hadisələrin tarixindən danışıb: “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev böyük cəsarət göstərərək faciədən dərhal sonra ailə üzvləri ilə birgə Azərbaycanın Moskvadakı nümayəndəliyinə gedərək törədilmiş qırğını sərt tənqid etmişdi. Məhz ulu öndərin təşəbbüsü ilə 1994-cü ildə 20 Yanvar faciəsinə siyasi və hüquqi qiymət verilib”.

Səfirin sözlərinə görə, qanlı hadisələrdən 30 il ötməsinə baxmayaraq, faciənin acısı hələ də Azərbaycan xalqının qəlbində yaşayır: “Xalqımız dövlət müstəqilliyi uğrunda şəhid olanların xatirəsini hər zaman əziz tutur. Onların xatirəsi yalnız Azərbaycanda deyil, dünyanın hər yerində yaşayan azərbaycanlıların yaddaşında yaşayıb və bundan sonra da yaşayacaq”.

D.Həsənov qeyd edib ki, Bakıda törədilən dəhşətli qırğından sonra Gürcüstanda yaşayan soydaşlarımız gürcü qardaşlarla birgə Azərbaycana yardım əllərini uzadıblar.

Səfir Azərbaycan və Gürcüstanın müstəqillik yolunda oxşar faciələr yaşadığını qeyd edərək 1989-cu ilin aprelin 9-da Tbilisidə baş verən eyni qanlı hadisələr barədə də danışıb. O, 1990-cı ildə Azərbaycanda törədilən qırğının daha geniş miqyaslı olduğunu deyib.

Diplomat 20 Yanvar şəhidləri arasında əslən Gürcüstandan olan altı azərbaycanlının da olduğunu xatırladıb: “Bütün şəhidlərimizin ruhu bizim üçün daim əzizdir. Onlar öz adlarını Azərbaycanın müstəqillik tarixinə qızıl hərflərlə yazıblar”.

Daha sonra Qanlı Yanvara həsr olunan videoçarx və fotoşəkillər nümayiş etdirilib.

Gürcüstanın Azərbaycanlı Ağsaqallar Şurasının sədri İsaq Novruzov və professor Mahmud Kamaloğlu da çıxış edərək 20 Yanvar faciəsinin yaxın tarixin ən qanlı və parlaq səhifələrindən biri olduğunu bildiriblər. M.Kamaloğlu 20 Yanvarda şəhid olan və əslən Gürcüstandan olan azərbaycanlılar haqqında tədbir iştirakçılarına ətraflı məlumat təqdim edib.

Mərasimin sonunda şəhidlərin ruhuna ehsan verilib, dualar oxunub.

Anoloji anım tədbirləri Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Bolnisi, Kaspi, Qaraçöp, Telavi, Qardabani, Marneuli və paytaxt Tbilisidə də keçiriləcək.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək