“Gənclərə dəstək” layihəsinin növbəti uğurlu konserti


Kriminal 14 Yan 2020 18:27:00 142 0

“Gənclərə dəstək” layihəsinin növbəti uğurlu konserti

13 yanvar 19.00-da Azərbaycan Dövlət Akademik Filarmoniyasınında artıq kifayət qədər məşhurluq qazamnış "Gənclərə dəstək" layihəsinin növbəti konserti keçirilmişdir.

"Gənclərə dəstək" layihəsi Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru, xalq artisti, professor, tanınmış pianoçu Murad Adıgözəlzadənin təşəbbüsü və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə yaradılmışdır. Koordinatoru musiqişünas Ayla Kərimova-Zəkəriyyədir. Layihənin məqsədi gənc və istedadlı ifaçıların, bəstəkarların gələcək böyük sənət həyatına vəsiqə verməkdir. İlk konserti 15 noyabr 2016-cı il tarixində baş tutmuşdur və həmin vaxtdan mütəmadi olaraq hər ay bir neçə dəfə həm Filarmoniya, həm də Kamera və Orqan Musiqisi Zalının səhnəsində silsilə konsertlər şəklində davam etdirilərək, artıq öz dinləyici kütləsini yaratmış, geniş auditoriyanın rəğbətini qazanmışdır.

Layihədə iştirak etmək üçün Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının, Azərbaycan Milli Konservatoriyasının, A.Zeynallı adına Musiqi Kollecinin tələbələri və Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin, AMK nəzdində İncəsənət gimnaziyasının şagirdləri cəlb olunur. Konsertlərdə Prezident təqaüdçüləri, Respublika və Beynəlxalq müsabiqələr laureatları mütəmadi olaraq iştirak edirlər.

Layihə çərçivəsində gənc musiqiçilərə Filarmoniyanın aparıcı kollektivləri olan Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Okrestri, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri və Dövlət Xalq Çalğı Alətləri Orkestri və Teymur Göyçayev, Ağaverdi Paşayev, Mustafa Mehmandarov, Orxan  kimi dirijorlarla birgə çıxışlarına da şərait yaradılır.

Layihənin hər bir konserti müxtəlif mövzulara həsr olunur. Proqram və janr baxımından çox zəngindir. Buraya vokal, fortepiano, kamera-instrumental musiqisi, simfonik musiqi, eləcə də muğam axşamları aiddir.

"Gənclərə dəstək" layihəsi Azərbaycanın bəstəkarlıq məktəbinin layiqli davamçıları, hələ təhsilini davam etdirən və ya son illərin məzunları olan gənc bəstəkarları da unutmamışdır. Onların kamera-vokal və orkestr əsərləri mütəmadi səslənir.

"Gənclərə dəstək" layihəsi yeni yarandığına baxmayaraq, artıq beynəlxalq tədbirlərdə iştirak etmişdir. Belə ki, Üzeyir Hacıbəyli adına Beynəlxlaq Musiqi Festivalı, Qəbələ Beynəlxalq Musiqi Festivalı və "Gəncliyə töhfə" adlı Beynəlxalq Musiqi Festivallarına dəvət olunmuşdur. Həmçinin layihə çərçivəsində "Helikon-opera" Moskva Teatrının artistləri ilə Bakı Musiqi Akademiyasının Tələbə Simfonik orkestrinin birgə konserti keçirilmişdir. 2019-cu ildə Almaniyanın Hannover və Tselle, eləcə də Gürcüstanın Tbilisi şəhərlərində beynəlxalq festivallarda konsertlər keçirilmişdir. Burada həm gənc solistlər çıxış etmiş, həm də gənc bəstəkarların əsərləri səslənmişdir.

Dünən 2020-ci ilin layihə çərçivəsində keçirilən ilk konsertində Azərbaycan Dövlət Musiqili Teatrının gənc və istedadlı dirijoru, Moskva Dövlət Konservatoriyasının məzunu, beynəlxalq dirijorlar müsabiqəsinin qalibi Orxan Həşimovun rəhbərliyi ilə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri çıxış etmişdir. Solist qismində violonçel ifaçıları, Azərbaycan Respublikasının Əməkdar Artistləri Aleksey Miltıx və Əyyub Əliyev iştirak etmişdirlər.

Konsertin birinci hissəsində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbəsi, Məmməd Quliyevin sinfində təhsil alan II kurs tələbəsi Nəzrin Babayevanın ifasında Adil Bəbirovun Prelüd-skerso əsəri səsləndi.

Eyni zamanda bir neçə gənc bəstəkarın əsərləri dinləyicilərə təqdim olunmuşdur. Əsərlərin müəllifləri Bakı Musiqi Akademiyasının, Azərbaycan Milli Konservatoriyasının, Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, eləcə də Azəf Zeynallı adına Musiqi Kollecinin tələbə və məzunları, habelə G.Şaroyev adına 35 nömrəli 11 illik musiqi məktəbinin şagird və məzunlarıdır. Onlar Aydın Əzimov, Cəlal Abbasov və Pikə Axundova kimi tanınmış bəstəkarların sinfində təhsil alır və ya məzun olublar. Bəstəkar üçün, xüsusilə yaradıcılığının ilk mərhələsini yaşayan gənc bəstəkar üçün öz əsərinin canlı ifasını eşitməyin nə qədər əhəmiyyətli olması heç kəsə sirr deyil. Məlumdur ki, 70-ci illərin ortalarına qədər bəstəkarlıq fakültəsinin dövlət imtahanları Filarmoniyada keçirilirdi və məhz bu səhnədə Azərbaycan Dövlət Simfonik Orkestri Tələbələrin diplom işlərini ifa edirdi. 2011-ci ildə Mədəniyyət Nazirliyi yenidən bu əhəmiyyətli ənənəni bərpa edir, gənc bəstəkarların simfonik əsərlərini yenidən bu səhnəyə qaytarır. 13 yanvar tarixində də məhz "Gənclərə dəstək" layihəsinin köməyilə ölkənin ən aparıcı klassik musiqi səhnəsində Kamera Orkestrinin ifasında öz əsərlərini dinləmək bəstəkarları həvəsləndirəcək.

İlk əsərin müəllifi BMA-da tanınmış bəstəkarlar Aydın Əzimov və Cəlal Abbasovun sinfində təhsil almış Ağa Əliyevdir. O, həm Bakı Musiqi Akademiyasının, həm də Azərbaycan Milli Konservatoriyasının məzunudur. Onun F.Əmirova həsr olunmuş Simfonietta əsərindən III hissə səsləndi.