Duyğulu və həzin mahnılar müəllifi


Kriminal 10 Yan 2020 21:21:00 200 0

Duyğulu və həzin mahnılar müəllifi

Bu gün Elza İbrahimovanın anadan olmasından 82 il ötür

Musiqi savadı olmayan insanlar belə onun mahnılarını dinləməmiş, sevməmiş, zümzümə etməmiş deyillər. "Bilməzdim", "Gecələr bulaq başı", "Ey Vətən", "Qurban verərdim", "Gəl barışaq", "Mehribanım", "Yoxluğunu bilə-bilə", "Mən sənin yanına qışda gəlirdim", "Sən yadıma düşəndə" və digər bu kimi mahnıları hansımız sevə-sevə dinləmirik?! Bu mahnılar bizləri mənən formalaşdırıb, tərbiyələndirib. Dillər əzbəri olan bu əsərlər hər birimizə xalq mahnıları qədər doğmadır. Həmişəyaşar mahnıları, həzin melodiyaları ilə insanların qəlbində əbədi məskən salmaq, könüllərə, ruhlara mənəvi qida vermək hər bəstəkara nəsib olan xoşbəxtlik deyil.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu gün mahnıları ilə yaddaşlarda dərin iz qoymuş, görkəmli bəstəkar, Xalq artisti Elza İbrahimovanın anadan olmasının 82-ci ildönümü tamam olur.

1938-ci ildə Hacıqabulda dünyaya göz açmış Elza İbrahimova ömrünün 50 ildən çoxunu bəstəkarlıq sənətinə həsr edib. O, bənzərsiz yaradıcılığı ilə ən yüksək zirvələri fəth edərək musiqisevərlərin ürəyində özünə əbədi heykəl ucaldıb.

Elza İbrahimovanın mahnıdan tutmuş operayadək musiqinin müxtəlif janrlarında bəstələdiyi əsərlər arasında fortepiano üçün prelüd və variasiya silsilələri, "Fortepiano üçün sonatina", "Skripka və fortepiano üçün skerso", "İki skripka üçün birhissəli kvartet", dörd hissədən ibarət "Fortepiano üçün trio", simfonik poema, oratoriya, vokal-instrumental kamera əsərləri, bir sıra tamaşalara yazdığı musiqiləri xüsusi yer tutur. Peşəkar musiqiçinin ürəyini qoyduğu bütün bu əsərlər dərin məzmunu və yüksək bədiiliyi ilə səciyyələnir.

"Afət" (Hüseyn Cavidin eyniadlı əsəri əsasında), Qarabağ faciəsini əks etdirən, muğam üzərində yazılmış "Yanan laylalar" (librettonun müəllifi Ramiz Heydər) operaları, Azərbaycan neft sənayesinin 130 illiyinə həsr olunmuş "Neftçilər himni" bəstəkarın zəngin təxəyyülünü bir daha təsdiqləyir.

Elza İbrahimovanın milli qəhrəmanlarımız Təbriz Xəlilbəyliyə, Salatın Əsgərovaya həsr etdiyi rekviyemləri, "20 Yanvar", "Qarabağ", "Şəhid qardaş", "Səngərlər" əsərləri dinləyicilərin yaralarına bir məlhəmdir.

Elza İbrahimovanın istedadı və orijinal yaradıcılıq üslubu haqqında Tixon Xrennikov, Georgi Sviridov, Otar Taktakişvili, Cövdət Hacıyev, Qara Qarayev, Niyazi, Murad Kajlayev, Arif Məlikov kimi dünya şöhrətli sənətkarlar çox yüksək fikirlər söyləyiblər.

Şübhəsiz ki, Elza İbrahimovanın musiqi dünyasında mahnı janrı xüsusi yer tutur. Onun ilk mahnısı olan "Yalan ha deyil" (sözləri Məmməd Rahimin) 1969-cu ildə Şövkət Ələkbərova tərəfindən ifa edilib. Özü də bu, bəstəkarın musiqi yazıldıqdan sonra ona uyğun şeir seçdiyi yeganə əsəridir.

Musiqi mədəniyyətimizdə geniş yayılmış mahnı janrı Elza İbrahimova yaradıcılığında yeni keyfiyyətlər qazanıb. Müəllifin yaradıcılığına xas sərbəstlik, novatorluq kimi cəhətlər onun bəstələrində də əksini tapıb. Təsadüfi deyil ki, Azərbaycan estradasına tanqo ritmini gətirən ilk bəstəkarlardan biri Elza İbrahimova olub.