Milli Məclisin iclası başlayıb, parlamentin buraxılması üçün Prezidentə müraciət oxunur - YENİLƏNİB-2


Siyasət 02 Dek 2019 12:12:00 134 0

Milli Məclisin iclası başlayıb, parlamentin buraxılması üçün Prezidentə müraciət oxunur - YENİLƏNİB-2

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov hakim partiyanın parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Prezident İlham Əliyevə ünvanlanan müraciət mətnini oxuyur.

"Report" xəbər verir ki, o, digər deputatlara çağırış edərək onları müraciətə qoşulmağa səsləyib.

Daha sonra parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məsələni hüquqi baxımdan şərh edib.

Hazırda plenar iclas davam edir.

*** 12:01

Milli Məclisin dekabrın 2-ə təyin olunan plenar iclası başlayıb.

“Report” xəbər verir ki, spiker Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyində bir məsələnin müzakirəsi nəzərdə tutulub.

O.Əsədov deyib ki,Prezident İlham Əliyevin həyata keçirdiyi köklü islahatlar son dövrlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.

Onun sözlərinə görə, Nazirlər Kabinetində, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, məhkəmə sistemində, bir sözlə, bütün sahələrdə aparılan struktur və kadr islahatları cəmiyyətdə rəğbətlə qarşılanır:

“Həyata keçirilən islahatların sistemli xarakter daşıması, qarşıya çıxan yeni çağırışlar, cəmiyyətin gözləntiləri və digər amillər qanunvericilik hakimiyyətində də islahatların dərinləşməsini və parlamentin yeniləşməsini zəruri edib”.

Xatırladaq ki, bugünkü iclasda Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə məsələyə baxılacaq.

*** 07:30

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

“Report” xəbər verir ki, iclasın gündəliyinə yalnız bir məsələ daxildir.

Millət vəkilləri Yeni Azərbaycan Partiyasını təmsil edən deputatların Milli Məclisin buraxılması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə müraciətini müzakirə edəcəklər.

Qeyd edək ki, noyabrın 28-də YAP Siyasi Şurasının iclası keçirilib. İclasda YAP Siyasi Şurasının qərarı qəbul edilib. Qərara əsasən, partiyanı təmsil edən deputatlara Milli Məclisin buraxılması ilə bağlı təşəbbüslə çıxış etmək tövsiyə olunub.