“İki cahana sığmayan ömür” adlı tədbir keçirilib


Siyasət 01 Dek 2019 13:35:25 132 0

“İki cahana sığmayan ömür” adlı tədbir keçirilib

“İki cahana sığmayan ömür” adlı tədbir keçirilib

Müdafiə nazirinin təsdiq etdiyi tədbirlər planına əsasən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə böyük mütəfəkkir şair İmadəddin Nəsiminin anadan olmasının 650 illiyinə həsr olunmuş “İki cahana sığmayan ömür” adlı ədəbi-bədii gecə keçirilib.

"Report" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2019-cu ilin İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə “Nəsimi ili” elan edilməsinin dahi Azərbaycan şairinə verilən yüksək dəyər və ehtiramın göstəricisi olduğunu bildirərək, onun ədəbi-bədii yaradıcılığındakı fəlsəfi dühasından, yaşadığı dövrün həyatına, yaradıcılığına təsiri və rolundan, Vətəndə onun adının əbdiləşdirilməsindən və bu mövzuda Azərbaycan Ordusunda təşkil olunan silsilə tədbirlərdən geniş bəhs ediblər.

Nəsimi yaradıcılığının Azərbaycan poeziyasının və ədəbi dilinin inkişafında mühüm bir mərhələ təşkil etdiyi, illər öncə yaşayıb yaratmasına baxmayaraq, şairin yazdığı şeirlərin, rübailərin, qəzəllərin poeziyamıza aydınlıq gətirərək ana dilimizi və bədii sözü yeni-yeni zirvələrə qaldırdığı qeyd olunub.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Əlizaman Mirzəyevin rəhbərliyi ilə tələbələrin ifasında hazırlanan İ.Nəsiminin qəzəllərindən ibarət bədii kompozisiya böyük maraqla izlənilib. Ədibin qəzəllərinə bəstələnən mahnılar ifa edilib, şeirlər bədii qiraət olunub.

H.Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin mahnı və rəqs ansamblının ədibin yaradıcılığından və “Nəsimi” kino filmindən təqdimatları tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.