Prezident İlham Əliyev: "Heç kim bizim işimizə müdaxilə edə bilməz, heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz"


Siyasət 26 Noy 2019 20:35:48 182 0

Prezident İlham Əliyev: "Heç kim bizim işimizə müdaxilə edə bilməz, heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz"

"Heç kim bizim işimizə müdaxilə edə bilməz, heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz".

"Heç kim bizim işimizə müdaxilə edə bilməz, heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz".

"Report" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 26-da Konqres Mərkəzində Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, bu gün əsl müstəqillik dövrüdür: "Çünki bu gün biz özümüz öz gələcəyimizi müəyyən edirik. Bu gün biz özümüz qərarları qəbul edirik. Bu gün Azərbaycanda xalqın iradəsi hökm sürür. Bu gün Azərbaycan dünya miqyasında müasir, öz tarixinə, ənənələrinə sadiq, sürətlə inkişaf edən dinamik ölkədir. Heç kimdən asılı deyilik və elə etməliyik ki, heç vaxt heç kimdən asılı olmayaq. Buna görə güclü olmalıyıq, vətənpərvər olmalıyıq, iqtisadiyyatımız daha da güclü olmalıdır və siyasi iradəmiz yerində olmalıdır. Bugünkü hakimiyyətdə bütün bunlar var və hər kəs görür ki, heç kim bizim işimizə müdaxilə edə bilməz. Nə qədər çalışsalar, nə qədər əlləşsələr, nə qədər yalan-böhtan yaysalar yapışmır bizə. Çünki xalq bizi dəstəkləyir və sonuncu rəy sorğuları onu göstərir. Əhalinin mütləq əksəriyyəti bizim siyasətimizi dəstəkləyir. Əhalinin mütləq əksəriyyəti bizə alternativ görmür və kim ola bilər bu alternativ? Hətta havadarları artıq onlardan üz döndərmişlər. Biz bunu dəqiq bilirik. Mən indi bu auditoriyada bəzi operativ məlumatları da bölüşə bilərəm sizinlə, Azərbaycan xalqı ilə. İndi anti-Azərbaycan dairələr, xaricdəki dairələr artıq açıq deyirlər ki, bizdə ənənəvi müxalifət yoxdur, ayrı-ayrı satqın dəstələr var ki, onların da kitabı bağlanıb, onlara ümid bəsləmək olmaz. Ona görə onlara pul təminatı da azalıbdır, ona görə çabalayırlar. Əsas hədəf gənclər olmalıdır. Onlar gəncləri əsas hədəf seçiblər və gəncləri yoldan çıxarmaq istəyirlər, onların beyinlərini zəhərləmək istəyirlər, onları xalqa qarşı, Vətənə qarşı, ənənəvi dəyərlərə qarşı qaldırmaq istəyirlər. Alınmır və alınmayacaq. Çünki Azərbaycan gəncləri vətənpərvərdir, Vətəni sevəndirlər, Vətənə bağlıdırlar. Ancaq o niyyət var və biz bunu bilməliyik, müəllimlər də bilməlidirlər. Müəllimlər tələbələrə nəinki biliklər verməlidirlər, onları tərbiyə də etməlidirlər. Ümumiyyətlə Azərbaycanda tərbiyə işi yeni müstəviyə qalxmalıdır, biz ideoloji işə yenidən baxmalıyıq, burada zəifliklər, boşluqlar var. Bizi istəməyən qüvvələr, o cümlədən erməni lobbi qurumları tərəfindən maliyyələşən qurumlar bu boşluqlardan istifadə edirlər, xüsusilə bu gün ki, azad internet mövcuddur. Azərbaycanda internet istifadəçilərinin faiz nisbəti 80-ni keçib. Azərbaycanda azad, demokratik cəmiyyət formalaşıb, azad media var. Ona görə istənilən yalanı ortalığa atmaq olar. Ondan sonra bu yalan ətrafında müzakirələr təşkil olunur, bu yalan artıq bir real fakt kimi təqdim edilir və gənclərin beyinlərini zəhərləmək istəyirlər. Biz buna imkan verə bilmərik. Gənclər özləri də bilməlidirlər, tarixi yaxşı bilməlidirlər. Əgər tarixi yaxşı bilsələr, görərlər ki, tariximizdə heç vaxt heç bir kənar qüvvə, heç bir yad dairə bizim xoşbəxtliyimizi istəməyib, əksinə, bizi əzmək istəyib, özünə ram etmək istəyib, sərvətlərimizi talamaq istəyib, bizi alçaltmaq istəyib. Əgər belə olmasaydı, bizim çoxəsrlik tariximizin böyük hissəsi müstəmləkəçilik tarixi olmazdı. Bir daha demək istəyirəm ki, bizim müstəqillik dövrlərimiz Azərbaycan xalqının tarixində çox məhduddur. Məhz ona görə ki, aldanmışıq, əzilmişik. Buna imkan vermək olmaz və verməyəcəyik, biz möhkəm dayanmışıq. Heç kim bizim işimizə müdaxilə edə bilməz, heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz. Qoy, ləkələsinlər, qoy, yalan-uydurma yaysınlar, bizə yapışmır. Əsas odur ki, biz öz həyatımızı ləyaqətlə yaşayaq. Ləyaqətli insanlar kimi, Vətənə bağlı olan insanlar kimi, mərd insanlar kimi yaşayaq, quraq, yaradaq, bütün yad qüvvələrə cavabımızı verək və öz inkişaf yolumuzu davam etdirək".

"Bu gün Azərbaycan bax, belə inkişaf edir. Ona görə dünyada bizə rəğbət artır. Təsadüfi deyil ki, dünya birliyinin mütləq əksəriyyətini təşkil edən ölkələr bizə səs verirlər. Necə ki, 8 il bundan əvvəl səs veriblər, biz 155 ölkənin səsi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçilmişik. Özü də necə seçilmişik. İndi diplomatlar bunu yaxşı bilirlər ki, adətən səsvermə bir gün ərzində keçirilir və tez bir zamanda yeni üzvlər seçilir. Bizdə isə bu, üç gün çəkdi. Üç gün, 16 tur. Nəyə görə? Çünki bizə rəqib olan ölkə öz namizədliyini geri götürmürdü. Biz hər bir turda böyük səs fərqi ilə qalib idik, amma lazım olan səsləri yığa bilmirdik. Adətən belə olan halda, səslərdə fərq böyük olanda məğlub ölkə öz namizədliyini geri götürür. O isə götürmürdü. Özü də bizə dost ölkə idi. Təəccüb etdim, bu, nə məsələdir, sonra öyrəndik ki, imkan vermirlər. Bəzi böyük dövlətlər imkan vermir və istəyirdilər ki, bizim üzvlüyümüzün qarşısı alınsın. Bir daha qayıdıram bu məsələyə. Əgər həmin o ölkələrin nümayəndələri sizə desələr ki, “biz Azərbaycanı istəyirik, inkişafını istəyirik”, inanmayın. İstəsəydilər, imkan verərdilər. Mən indi onların adını çəkmək istəmirəm, maraqlananlar öyrənə bilərlər. On altı tur və üç gün bizim üzvlüyümüzü əngəlləmək istəyirdilər. Sonra nə oldu? Gəldilər bizim nümayəndələrə yaxınlaşıb dedilər ki, Azərbaycan, öz namizədliyinizi geri götürün. Gələn il biz sizə kömək edərik, amma indi geri götürün. Mən bu üç gün ərzində Nyu-Yorkla birbaşa əlaqədə idim. Dedim ki, qətiyyən, axıra qədər, lap bir il çəksə, biz orada bu səsvermədə iştirak edəcəyik. Bir il çəksə, biz Təhlükəsizlik Şurasının işini iflic vəziyyətə sala bilərik. Ancaq ondan sonra həmin o rəqib ölkəyə göstəriş verildi, o, namizədliyini geri götürdü. Bu, nəyin bahasına oldu? Çünki əksər ölkələr bu sistemdən beziblər, yorulublar. Bizə səs verənlər də vaxtilə bizim kimi müstəmləkə olublar, əziliblər, soyulublar, talan ediliblər. Daha artıq onların da səbri tükənib.Bu yaxınlarda biz 120 ölkənin qərarı ilə Qoşulmama Hərəkatına sədrlik etməyə başladıq. Mən sizə deyim və Bakıda keçirilmiş Zirvə Görüşü onu bir daha göstərdi, bu ölkələr arasında ixtilaflar kifayət qədər çoxşaxəlidir. Elə ölkələr var ki, bir-biri ilə müharibə şəraitindədir. Elə ölkələr var ki, bir-biri ilə diplomatik əlaqələr saxlamırlar. Amma onların hər biri – 119-u bizə səs verdi. Nadir bir vəziyyətdir. Biri də bitərəf qalmadı, yaxud da əleyhinə səs vermədi. Nəyə görə? Bax, dediyim sözlərə görə. Bizə inanırlar, bizi tanıyırlar, bilirlər ki, sözümüzlə əməlimiz birdir. Bilirlər ki, heç kimin qarşısında baş əymirik, lap ən ağır sınaqlarla, ən ağır təxribatlarla üz-üz qalsaq belə. Bu müddət ərzində belə təxribatlar az olmayıb. 2003-cü ili xatırlayaq. Prezident seçkilərindən sonra Azərbaycanda çevriliş cəhdi. Heç kimə sirr deyil ki, mən prezident seçkilərində təmiz qələbə qazanmışdım. Çünki insanlar Heydər Əliyev siyasətinə səs vermişdilər. İğtişaş törədildi. 2005-ci il. Azərbaycan artıq o inqilabların sırasında növbəti yer kimi göstərilirdi. Belə maykalar buraxılmışdı, üzərində yazılmışdı: “Gürcüstan, Ukrayna, Qırğızıstan, Azərbaycan”. Yəni, dördüncü biz olmalı idik və bizdən sonra da başqaları olmalı idi. Biz dayandırdıq bu vəbanı, bu xəstəliyi, bu azarı. İndi bütün dünya görür ki, bu inqilablar o ölkələrə ancaq bədbəxtlik gətirib və indi öz problemləri ilə üz-üzədirlər, orada iğtişaşlar səngimir. Çünki oralara bu zəhərli inqilab toxumu səpilmişdi. Necə ki, bu zəhərli alaq otu kimi Xalq Cəbhəsi-Müsavat cütlüyü hakimiyyətdə bir il qaldı. O qədər zəhərlədilər ki, bu günə qədər də o zəhərin təsiri bəzi yerlərdə qalır. Ona görə növbəti məntəqə biz olmalı idik və narıncı maykaları da gətizdirmişdilər, sadəcə olaraq, özünü müxalifət adlandıran ünsürlər bir daha öz kütlüyünü göstərmişlər. Fikirləşmədilər ki, noyabr ayında parlament seçkiləri keçirilməli idi, noyabr ayı soyuq keçir. Ona görə o maykaları bilmirlər necə geyinsinlər, bəziləri pencəyin üstündən maykalar geymişdilər. Yəni, çox gülməli bir mənzərə idi. O da alınmadı. Nəyə görə?! Xalq istəmədi! Xalq dedi ki, yox, bəsdir, görmüşük sizi, necə ki, hakimiyyət uğrunda mübarizə naminə talamısınız, döymüsünüz, söymüsünüz, öldürmüsünüz, Gəncəni bombalamısınız, vətəndaş müharibəsini başlamısınız, Qarabağı satmısınız, Şuşanı satmısınız, Laçını satmısınız. Sonra da fərari kimi qaçmısınız, prezident Kələkiyə, dövlət katibi Kələkiyə, o birilər isə vəzifələrini dondurdular. Belə də hakimiyyət olar? Belə də qorxaq adamlar olar? Heç adi adam hansı ki, özünü lider hesab etmir, özünə rəva bilməz ki, belə, bu cür biabır olsun. Amma bunların belə utanan üzü yoxdur. Bu yaxınlarda yenə də o mənzərəni hamımız görmüşük, biabırçılıqdır, xəstədilər, dəlidirlər, nədirlər, vallah deməyə söz tapmıram. Ona görə bu gün müxalifət düşərgəsində boşluq yaranıbdır və bizi istəməyənlər gənclərdən istifadə etmək istəyirlər ki, onları xalqın üstünə qaldırsınlar. Sağlam müxalifət yaradılmalıdır. Dövlətçiliyə sadiq olan, xalqa bağlı olan, doğrudan da təklif verən, hakimiyyəti tənqid edən, amma konstruktiv təklif verən, yol göstərən. Ancaq biz sevinərik əgər belə müxalifət yaranarsa. Doğrudan da bizim işimizə kömək olar. Biz hər şeyi indi öz üzərimizə götürmüşük, bəlkə də hansısa alternativ yanaşma, yaxud da ki, mövqe kömək edə bilər. Amma yoxdur və yaxın üfüqlərdə də görünmür", - deyə Prezident İlham Əliyev qeyd edib.