Gözünü qan örtmüş keçmiş “zek” Sumqayıtda, küçənin ortasında arvadını bıçaqla öldürdü


Kriminal 23 Noy 2019 18:30:00 377 0

Gözünü qan örtmüş keçmiş “zek” Sumqayıtda, küçənin ortasında arvadını bıçaqla öldürdü

39 yaşlı ər 28 yaşlı arvadına çoxsaylı zərbələr vurmaqla onun həyatına son qoyub. Ardınca özünü də bıçaqlayıb. Bu evlilik hər ikisinin ikinci evliliyi olub. Ailə faciəsinin başlıca səbəbi isə yenə də sosial problemlərdən və qısqanclıqdan qaynaqlanıb. Cəmisi iki ay öncə mağazaya işə düzələn Gülnar elə oradaca da əri tərəfindən qanına qəltan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını qətlə yetirməkdə ittiham olunan Hacıqabul rayon sakini Seymur Abdullayevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Son.az Virtualaz.org-a istinadən bildirir ki, hadisə bu il mayın 3-də Sumqayıt şəhəri, Nərimanov küçəsi, "Karvan" ticarət mərkəzində  baş verib. S.Abdullayev adıçəkilən ticarət mərkəzindəki dükanlardan birində satıcı işləyən arvadı Gülnar Əmənovaya bıçaqla çoxsaylı zərbələr endirib.

"Bu, bir ailə məsələsidir" deyib və...

İstintaqla müəyyən edilib ki, Seymur Abdullayevlə Gülnar Əmənova Sumqayıt şəhərindəki 42-ci məhəllə, 8 saylı yataqxanada kirayə yaşayıblar.  Arvadının başqa şəxslərlə telefonla gizli əlaqə saxlamasından  şübhələnən Seymur dəfələrlə onunla mübahisə edib. Bu ilin aprelində isə Gülnarla əlaqəni birdəfəlik kəsib. Hadisədən iki gün öncə "Cavid" ticarət mərkəzinin yaxınlığında arvadının bir kişi ilə getdiyini görüb. Həmin vaxt Gülnara nə qədər zəng vursa da ona zəng çatmayıb. Bu səbəbdən də Seymur Gülnarla görüşüb ondan qisas almaq qərarına gəlib.

Hadisə günü özüylə bıçaq götürərək Gülnarın işlədiyi "Karvan" ticarət mərkəzindəki eynək mağazasına gələrək onunla mübahisə edib. Mübahisə zamanı Gülnar Seymura onunla bir yerdə yaşamaq istəmədiyini bildirib. Bıçaqla Gülnara ardıcıl zərbə endirən Seymur ətrafdakı insanlara "bu, bir ailə məsələsidir" deyərək yaralıya yaxınlaşmağa qoymayıb. Gülnarı qanına qəltan etdikdən sonrasa bıçaqla özünə də zərbələr endirib. Köməyə gələnlər yaralı qadını dərhal Sumqayıt şəhər TTYX-na çatdırıblar. Ağır dərəcəli bədən xəsarətləri almış qadın 11 gün komada qaldıqdan sonra dünyasını dəyişib.

S.Abdullayevə qarşı Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb. Barəsində Sumqayıt şəhər məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

Keçmiş dustaq, yas məclisindəki tanışlıq...

Təqsirləndirilən şəxs qismində dindirilən Seymur Abdullayev ifadəsində 2008-ci ildə xalası qızı ilə evləndiyini, birgə nikahdan bir övladı olduğunu, rayondan paytaxta köçərək günəmuzd fəhləlik etdiyini, müxtəlif ünvanlarda kirayə qaldıqlarını göstərib. Xuliqanlıq və narkotik vasitələrdən istifadə etdiyinə görə S.Abdullayev iki dəfə həbs olunub. Ailə həyatında da bəxti gətirməyib. Altı il sürən evlilik sonda boşanmayla sonuclanıb. Gülnar Əmənovayla təsadüfən qohumlarının yas məclisində tanış olub. Bir müddət sonra isə bu tanışlıq yeni evliliyə ayaq açıb. Həyat yoldaşından ayrılan Gülnar özündən 12 yaş böyük olan Seymurla ailə qurmağa razılaşıb. Bu evliliyin sonu əvvəllkindən də qısa olub. Dolanışıq ucbatından Rusiyaya üz tutan Seymur Gülnarı kəndə - atası evində qoyub gedib: "İki ay Rusiyada qaldım, iş tapa bilmədim. Geri qayıdanda Gülnarın Coratda dayısı evində qaldığını gördüm. Dedi ki, gəl biryolluq Sumqayıtda yaşayaq, ikimiz də işləyək, rayona getmək istəmirəm. İş axtardıq, mən iş tapa bilmədim. Rayona qayıtmağı məsləhət gördüm, razılaşmadı. Mənə "sən gedirsən get, mən burda qalacağam" dedi. Qayınatam yataqxanada bizə kirayə ev tutdu, oraya köçürdü. Gülnar eynək dükanına işə düzəldi, mənsə hələ də iş tapa bilmirdim".

"Mənimlə yaşamaq istəmədiyini deyirdi"

S.Abdullayevin dediklərini inansaq, Gülnar dükanda işləməyə başladıqdan sonra ona qarşı soyuq davranıb, telefonu əlindən yerə qoymayıb, kiminləsə gizli telefon əlaqəsi saxlayıb: "Əvvəl evə gələndə telefonu stolun üstünə qoyardı. Sonralarsa özündə saxlayırdı. Bir dəfə çörək almağa getmişdim. Evə qayıdanda Gülnarın telefonda danışdığını eşitdim. Məni görən kimi telefonu cibinə qoydu. Soruşdum, dedi iş yoldaşımdı. Telefona baxmaq istədim, vermədi. Ertəsi gün işə aparmaq istədim, mənimlə getmədi. Bununla bağlı mübahisəmiz düşdü. Anasına zəng vurub mənimlə yaşamaq istəmədiyini dedi".