Deputat: "Azərbaycanla Rusiya arasında həmişə yaxşı münasibətlər olub, hər iki ölkə..."


Siyasət 23 Noy 2019 13:21:00 370 0

Deputat: "Azərbaycanla Rusiya arasında həmişə yaxşı münasibətlər olub, hər iki ölkə..."

Azərbaycan ilə Rusiyanın regionları arasında da münasibətlər daim inkişaf edir, mütəmadi olaraq iki ölkənin iş adamlarının iştirakı ilə regionlararası biznes forumlar və digər tədbirlər həyata keçirilir. Bu tədbirlər iki ölkə arasında əlaqələrin inkişafına mühüm təsir göstərir.

Son.az bildirir ki, bunu Trend-ə Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı Aydın Hüseynov deyib.

A.Hüseynov bildirib ki, Azərbaycanla Rusiya arasında həmişə yaxşı münasiblər mövcud olub, iki ölkə bütün səviyyələrdə, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində bir-birilərini daim dəstəkləyir. İki ölkə arasında münasibətlər bütün istiqamətlərdə - siyasi, ticarət-iqtisadi, hərbi-müdafiə, elmi-texniki, mədəni və humanitar sahələrdə inkişaf edir.

Deputatın sözlərinə görə, bu tədbirlər çərçivəsində hər iki ölkənin regionlarından olan iş adamları bir-biriləri ilə tanış olur, əməkdaşlıq münasibətləri qurulur ki, bu da öz növbəsində iki ölkə arasında həm investisiya qoyuluşunun, həm də ticarət dövriyyəsinin artmasına səbəb olur:

"Təkcə bu il Azərbaycan ilə Rusiya arasında ticarət dövriyəsi 23 faizdən çox artıb. Eyni zamanda, Rusiyanın Azərbaycana qoyduğu investisiya 4.7 milyard dolları, Azərbaycanın Rusiya qoyduğu investisiya isə 1.2 milyard dolları ötüb. Bundan əlavə, Azərbaycanda çoxlu sayda Rusiya şirkətləri fəaliyyət göstərir, eyni zamanda Rusiyada çoxlu sayda azərbaycanlı iş adamları fəaliyyət göstərir. Hesab edirəm ki, iki ölkə arasında münasibətlər bundan sonra inkişaf edəcək, çünki Azərbaycan-Rusiya münasibətlərinin inkişaf perspektivləri daha böyükdür".

A.Hüseynov əlavə edib ki, Azərbaycan və Rusiya arasında humanitar sahədə də çox sıx əməkdaşlıq var: "Rusiyanın dövlət başçısı Vladimir Putin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə görüşündə də bu məsələni xüsusi vurğuladı. Qeyd etdi ki, Azərbaycanda rus mədəniyyətinə, rus dilinə münasibət ən yüksək səviyyədə saxlanılır. "Biz bunu çox yüksək qiymətləndiririk. Ona görə ki, bu baza bizim bütün başqa istiqamətlərdə münasibətləri, o cümlədən iqtisadi və humanitar əlaqələri, sözün geniş mənasında, inkişaf etdirməyə imkan verir. Buna görə biz Sizə çox təşəkkür edirik və öz tərəfimizdən bu trendi dəstəkləmək üçün nə lazımdırsa edəcəyik. Hesab edirəm ki, bu, bizim ümumi sərvətimizdir. Ona görə ki, bu, insanların öz aralarında hər hansı sədlər və maneələr olmadan ünsiyyət saxlamalarına, həm şəxsiyyətlərarası, həm də dövlət səviyyəsində münasibətləri inkişaf etdirməyə imkan verir" deməklə V.Putin Azərbaycan-Rusiya münasibətlərinə bir daha yüksək qiymət vermiş oldu.

Son.az