Kriminal hesablaşma, yoxsa qisas?


Kriminal 16 Noy 2019 18:42:00 355 0

Kriminal hesablaşma, yoxsa qisas?

Paytaxtın Keşlə qəsəbəsindəki güllələnmə hadisəsinə görə məhkəmə keçirilib. Hadisənin baş verməsinin yeni təfərrüatları məlum olub.

Son.az musavat.com-a istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham edilən Zaur İsmayılovun cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilir.

Zaur İsmayılova qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 29, 120.2.7-ci (iki və daha artıq şəxsi qəsdən adam öldürməyə cəhd) və 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb.

Hadisə ötən il dekabrın 29-da Keşlə qəsəbəsində baş verib.

Zaur İsmayılov odlu silahdan açdığı atəşlə "Hyundai" markalı avtomobili idarə edən Tural Babayevi və sərnişin Asif Bağırovu güllələyib.

Hadisəni törətmiş Z.İsmayılov könüllü olaraq Nizami RPİ-yə gedərək təslim olub və cinayəti törədərkən istifadə etdiyi "AK" markalı silahın yaşadığı Keşlə qəsəbəsindəki evdə olmasını bildirib.

1991-ci il təvəllüdlü Tural Babayev hadisə yerində ölüb. 1988-ci il təvəllüdlü Asif Bağırov isə 1 saylı Şəhər Kliniki Xəstəxanası çatdırılıb və onun həyatını xilas etmək mümkün olub.

İlkin məlumat belə idi ki, hadisə kriminal qruplaşmalar arasında "hesablaşma" zəminində olub.

Hadisə baş verən zaman "Sputnik Azərbaycan" hüquq-mühafizə orqanlarına istinadən xəbər verirdi ki, vaxtilə Rövşən Lənkəranskinin klanına daxil olmuş şəxs "Lotu Quli"nin adamını odlu silahla öldürüb.

Məlumatda bildirilirdi ki, araşdırma zamanı məlum olub ki, İsmayılov vaxtilə "qanuni oğru" Rövşən Caniyevin (Rövşən Lənkəranski, 2016-cı ilin avqustunda İstanbulda qətlə yetirilib) rəhbərlik etdiyi kriminal qruplaşmaya daxil olub. Qətlə yetirilmiş Tural Babayev isə digər "qanuni oğru" Nadir Səlifovun (Lotu Quli) klanına daxildir. İddia edilirdi ki, münaqişəyə səbəb Babayevin təzyiq vasitəsilə İsmayılovu öz bandası tərəfə keçirməyə təhrik etməyə çalışması olub. İsmayılov isə Babayevin bu təhrikini qətiyyətlə rədd edib və onun cavabını onu fiziki cəhətdən aradan götürməklə verib.