Hikmət Hacıyev Ümumdünya İqtisadi Forumunun rəsmiləri ilə müzakirələrdə


Siyasət 06 Noy 2019 15:05:00 369 0

Hikmət Hacıyev Ümumdünya İqtisadi Forumunun rəsmiləri ilə müzakirələrdə

İsveçrəyə səfəri çərçivəsində AR Prezidenti Administrasiyasının Xarici Siyasət Məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ümumdünya İqtisadi Forumunun (WEF) Avropa və Avrasiya bölməsinin rəhbəri, WEF İcraiyyə Komitəsinin üzvü xanım Martina Larkin ilə görüşüb.

Azərbaycanın İsveçrədəki səfirliyindən Son.az-a verilən məlumata görə, görüşdə H.Hacıyev Ümumdünya İqtisadi Forumunu Azərbaycan üçün vacib tərəfdaş kimi xarakterizə edib, Prezident İlham Əliyevin Forumun Davos İllik Görüşlərində mütəmadi iştirakının Azərbaycanın bu təşkilatla əməkdaşlığa verdiyi əhəmiyyətin bariz nümunəsi olduğunu, WEF-in Qlobal Rəqabətlilik Hesabatına Azərbaycan Hökuməti tərəfindən daim diqqət yetirildiyini qeyd edib.

Danışıqlar çərçivəsində Azərbaycan ilə Ümumdünya İqtisadi Forumunun 4-cü Sənaye İnqilabı Mərkəzi arasında 2019-cu ilin yanvarında AR Prezidentinin Davosa səfəri zamanı imzalanmış əməkdaşlıq müqaviləsinin həyata keçirilməsindən razılıq ifadə olunub, sazişin implementasiyasının müxtəlif aspektləri və əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.

Görüşdə, həmçinin Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyi və geosiyasi mövzular ətrafında fikir mübadiləsi aparılıb.