Azərbaycanİsveçrə əməkdaşlığında parlament ölçüsünün əhəmiyyəti vurğulanıb FOTO


Siyasət 05 Noy 2019 20:28:00 233 0

Azərbaycanİsveçrə əməkdaşlığında parlament ölçüsünün əhəmiyyəti vurğulanıb  FOTO

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsveçrə parlamentinin yuxarı palatası Kantonlar Şurasının (Senat) Xarici əlaqələr komitəsinin sədri, İsveçrə-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri Filippo Lombardi və dostluq qrupunun parlamentin aşağı palatası Milli Şuradan həmsədri, Montrö şəhərinin meri və İsveçrə Xarici Siyasət Assosiasiyasının vitse-prezidenti Loran Verli ilə görüşlər keçirib.

Son.az-ın məlumatına görə, görüşlərdə iki ölkə arasında əməkdaşlıqda parlament ölçüsünün əhəmiyyəti vurğulanıb. Hikmət Hacıyev qarşı tərəfə ölkəmizdə geniş vüsət almış islahat prosesləri, o cümlədən iqtisadiyyat və dövlət idarəçiliyi sahələrində aparılan islahatlar barədə məlumat verib.

Bundan başqa, tərəflər beynəlxalq parlamentlərarası əməkdaşlıq qurumlarında qarşılıqlı dəstək praktikasının davam etdirilməsi, İsveçrə-Azərbaycan münasibətlərinin inkişafında parlament ölçüsünün rolunun gücləndirilməsi, eləcə də İsveçrə və Azərbaycan regionları arasında əməkdaşlıq əlaqələrinin qurulması imkanları ətrafında fikir mübadiləsi aparıblar.