Hakimiyyətin inqilabı, müxalifətin məzlum etirafı.


Siyasət 05 Noy 2019 12:53:00 304 0

Hakimiyyətin inqilabı, müxalifətin məzlum etirafı.

Ölkədə sosial və siyasi inqilab gerçəkləşr. Yaşananları, sadəcə, "kadr islahatları" kimi dəyərləndirməksə ya qərəzdir, ya da prosesləri anlamadan sadəlövh davranmaq.

Bir fil bir tonluq yükü xortumuyla asanca qaldıra bilər. Amma siz heç bir sirkə gedib bu nəhəng məxluqların səssizcə kiçik bir payaya bağlandıqlarını gördünüzmü? Fil kiçik və gücsüzkən ağır bir zəncirlə hərəkətsiz bir dəmir payaya bağlanır. Nə qədər çox məcbur etsə də zorla zənciri qıra bilməyib payanın yerindən tərpədə bilmədiyini kəşf edir. Sonradan fil nə qədər böyük və güclü hala gəlirsə gəlsin, bağlandığı payanı gördüyü müddətcə hərəkət edə bilməyəcəyinə inanmağa davam edir.

Bir çox ağıllı insan da sirkdəki fil kimi davranır, düşüncələrə, hərəkətlərə və nəticələrə həbs olurlar, əsla öz qoyduqları sərhədlərin kənarına keçə bilmirlər.

Psixologiyada buna "öyrənilmiş çarəsizlik" deyirlər. 1967-ci ildə amerikalı psixoloq Martin Seliqmanın təsvir və izah etdiyi bu sindrom indi Azərbaycan müxalifətində müşahidə olunur.

Hələ də mitinq, küçə yürüşləri, icazəsiz aksiyalar, piketlər çərçivəsindən kənara çıxa bilməyən, sadalananları siyasi mübarizənin az qala ən ali formatı hesab edənlər 16 ildir ki, yeni şüarlar, çağırışlar və bəyanatlarla siyasi mövcudluqlarını nümayiş etdirirlər.

Bu müxalifət insanları seçkilərdən küsdürür, siyasi seçimdən uzaqlaşdırır. Sosial problemlərin həllinə gəldikdə isə, fəlakət ssenariləri quraşdırmaq və ağrılı, absurd "həll" yollarının təklifindən savayı faktiki olaraq heç bir fəaliyyəti göstərməyən müxalifət aradabir seçkilərə qatılır. Fəqət, qələbə üçün yox - dediklərini əvvəl öz şüurlarında, sonra da tərəfdarlarının nəzərində təsdiqləmək üçün.

Bəhs etdiklərim müxalifətin öyrənilmiş çarəsizlik sindromudur.

AXCP sədri Əli Kərimli 16 il əvvəlin çərçivələrindən çıxa bilmədiyini az qala hər gün nümayiş etdirir. Siyasi fəaliyyəti sosial şəbəkələrdəki aktivliklə dəyişən bu cənab son paylaşımlarından birində postfaktum təhlilə varıb.

Onun yazdığına görə, sən demə, AXCP və bəhs etdiyimiz partiyanın törəmə strukturu olan "Milli Şura" 13 ay əvvəl başladığı təbliğat kampaniyasını "məntiqi sonluq"la başa vurub.

"Oxu və paylaş!" əmri ilə başlayan paylaşımında Əli Kərimli daha sonra yazır ki, sən demə, Azərbaycan müxalifəti 2005-ci ildən sonra heç vaxt 2019-cu ildəki qədər güclü olmamışdı: "Bu ilin 19 yanvarında və 19 oktyabrında keçirdiyimiz mitinqlər son 14 ilin ən güclü və ən ciddi beynəlxalq reaksiyalar doğurmuş mitinqləri olub. Düzdür, bir müddətdən sonra meydanlara daha güclü çıxa bilmək üçün Milli Şura olaraq 2 noyabr mitinqini təxirə saldıq. Ancaq bu, qətiyyən o demək deyil ki, biz hazırkı gücümüzlə 19 yanvar və ya 19 oktyabr mitinqi kimi mitinqlər edə bilmərik. Biz bu dəfə mitinqlərə gücdən düşməmiş, resurslarımızı tam itirməmiş fasilə verdik".

Və ən nəhayət, sən demə, Əli Kərimli mitinqlərə, daha doğrusu, qanunsuz aksiyalara ara verməsini, təxirəsalmanı "güc toparlama fasiləsi" kimi qələmə verməyə çalışır.

Hələ də irreal "mitinq potensialı"ndan dəm vuran, bu "potensial"ın 19 yanvar mitinqi ərəfəsindəki dövrdən daha güclü olduğunu absurd əminliklə vurğulayan Əli Kərimli tərəfdarlarına təlqin etməyə çalışır ki, məsələn, bir-iki həftə sonra "yenidən həmin "Məhsul" stadionunda razılaşdırılmış mitinq imkanı olsa, 19 yanvarda olduğundan da xeyli sayda çox insanın iştirakı ilə mitinq keçirilə bilər".

"Məhsul" stadionu təmirdə olduğundan, AXCP sədrinin illüziyaları əsla reallaşan deyil və bu səbəbdən Əli Kərimli etiraf edir ki, mitinq ən yaxşı halda oktyabrın 19-da aksiyanın pis təkrarı ola bilər.

Həmin aksiyada hakimiyyətin qətiyyətini, ölkədə stabilliyini qorumaq və cəmiyyətin xaosa sürüklənməsinin qarşısını almaq qətiyyətini sürəkli protest əhvalında olan lümpenlər əla anladılar.

O anlayış Əli Kərimlini təşvişə salıb və sədr-bloqer aksiyanın təkrarlanmasını zəruri saymadığını əyan edib.

Ən başlıcası isə, AXCP sədri anlayır ki, onun xəyallarında müxalifət güclənsə də, "hələlik ölkədə köklü dəyişikliyi labüd edəcək qədər deyil".

Bu səbəbdən müsyö Kərimli tərəfdarlarına daha bir mantra tapşırığı yollayıb: "Daha güclü, daha kütləvi olmalıyıq".

Daha sonra əmişəki gəvəzəlik başlanıb: "Müxalifətin gücünü daha 2-3 dəfə də artırması o zaman mümkün olacaq ki, təşkilati gücümüzü, insan, informasiya, texniki, maliyyə resurslarımızı, cəmiyyətin ən müxtəlif təbəqələrilə birliyimizi, xarici əlaqələrimizi, Azərbaycanın problemlərini beynəlxalq gündəmə çevirmək bacarıqlarımızı, demokratik düşərgə daxilində birlik və harmoniya yaratmaq səylərimizi də dəfələrlə artıraq".

Sonda isə Ə.Kərimli "təkliflərə açıq" olduğunu göstərmək üçün "təkliflərinizi yazın" iltimasını tərəfdarlarına ünvanlayır və aylardan bəri bu insanların beyinlərinə çatdırmaq istədiyim fikri, nəhayət ki, yazır.

Sən demə, AXCP və "Milli Şura" dueti o zaman nisbətən potensiallı, nəyəsə qadir bir strukturlar sayıla bilər ki, keçirdikləri mitinqə, yaxud etiraz aksiyasına ən azı 100 min insan çıxara bilsinlər.

Bu, Əli Kərimlinin siyasi proseslərinin anlayış səviyyəsinin maksimum həddidir.

Məzkur səbəbdən siyasi zavallılara bir daha təkrar edirəm: Azərbaycanda real müxalifət, güclü protest strukturundan o zaman danışmaq olar ki, ölkə vətəndaşlarının ümumi sayının 10 faizi aksiyaya qatılsın.

Yəni 1 milyon nəfər.

1 milyonluq kütlədən az insanın qatıldıqları mitinq və ya aksiya, sadəcə, sıradan bir protestdir.

Hansısa möcüzə nəticəsində kütlə meydanlara çıxan deyil.

Ümumiyyətlə, kütləvi etiraz möcuzə deyil, belə aksiyalar aylarla əvvəl hazırlanır, protest elektoratı ilə müxalif partiyanın sosial bazası hərəkətə gətirilir, mütəhərrik və güclü qüvvəyə çevrilir.

Nəhayətdə, aksiya keçirilir, amma mütləq seçkilərlə bağlı şəkildə.

Yəni seçki ərəfəsində və ya səsvermədən dərhal sonra.

Müxalifət bundan sonra da məğlubiyyətlər və məhrumiyyətlər hesabına efemer, virtual təsir bağışlayan "mənəvi qələbə"lərə bel bağlamaqdansa, maddi qələbələrə köklənməlidir.

Bütün normal dövlətlərdə və cəmiyyətlərdə olduğu kimi.

Fəqət, Əli Kərimlinin indiki volüntarist rəhbərliyi altında olan AXCP, illah da ki, marginallar toplusuna çevrilmiş "Milli Şura" nə zahirən, nə mahiyyət etibarilə dəyişməyib və əslində, dəyişən də deyil.

Bu adamlar hələ də kütləvi aksiyaları hakimiyyətin zorla dəyişdirilməsini, yəni inqilab kimi qələmə verilən qiyamın "sehirli açarı" kimi qələmə verirlər.

Halbuki, kütləvi etiraz aksiyaları ilk əvvəl vətəndaşların dinc, iradəli və qətiyyətli mövqelərinin izharıdır.

Təqdimat belə olmalıdır - Əli Kərimlinin və ətrafındakıların ifasındakı isterik notlarla zəngin xunveybinçi çağırışlarla yox.

Həmin çağırışların mahiyyəti həm də "Milli Şura"dakı bəzi fiqurların əxlaqıdır.

Gültəkin Hacıyeva illər uzunu maliyyə mənimsəmələri ilə məşğul olub, indi demokratiyadan bəhs edirsə; Vidadi Mirkamal adlı birisi özündən 30 yaş kiçik ailəli qadını tovlayıb abort etdirirsə və insan haqlarının müdafiəçisi kimi tanınmağa can atırsa, bir başqası hər an hakimiyyətə pul müqabilində işləməyə hazır olduğuna işarə vurursa, hansı "demokratik qüvvə"dən bəhs edirik?!

Əli Kərimli hər gün vurğulayır ki, əsas güc mənbəyi "hakimiyyətdən narazı xalq"dır.

AXCP sədrinin bu marazmatik və absurd açıqlaması - çünki siyasi liderliyə iddialı olan kimsə acizliyini belə açıq ifadə etməz - "xalqa müraciəti", əslində, onun xəyalları ilə illüziyaları arasında dolaşıb qalmasını göstərir.

Rəy sorğusunun primitiv formatındakı açıqlama, əslində, Ə.Kərimlinin protest elektoratını hakimiyyətlə mübarizəyə qaldırmağın yollarını arayıb tapa bildmədiyini, habelə məsuliyyəti boynundan ataraq "kütlə" kimi səciyyələndirdiyi cəmiyyəti suçladığını göstərir.

Lümpenlər və marginallaşmış sosial şəbəkə trolları Ə.Kərimlinin ambisiyalarını təmin etmədiyindən o, etiraz, qiyam, üsyan və inqilab məhfumları arasında seçim edə bilmədiyini boynuna alır.

Ə.Kərimli hələ də anlamayıb və anlaya bilmir ki, istənilən cəmiyyətdə hakimiyyətin əsaslarının zəifləməsi sosial narazılığın pik həddə çatmasıdır. İnqilabı və ya hakimiyyət dəyişikliyini də siyasi təşkilatlar yox, xalq edir.

Xalq da vətəndaşlardan ibarətdir: o kəslərdən ki, Azərbaycanda tam əksəriyyəti Əli Kərimliyə inanmır. Gerçəkdən, inanmır. Facebook səhifəsindəki like-lar, çoxsaylı marginal və psevdoinqilabçı, əslində, aşkar qaragüruh olan YouTube kanallarındakı baxış sayları heç bir halda elektral dəstək anlamına gəlmir.

Necə ki, müğənni Üzeyir Mehdizadənin mahnılarının videokliplərinə on milyonlarla baxış sayı həmin ifaçını heç bir halda neosənət nümunəsinə çevirmir və çevirə də bilməz.

Sənət kimi, siyasət də statistika, sayla ölçülmür.

Bütun bunlarla yanaşı, Əli Kərimlinin son məzlum müraciəti onun eqosentrizmini də ortaya qoydu.

Artur Şopenhauerin eristika təlimini xatırlasaq, ortaya çıxan mənzərə konkret təzahür görüntüsünə malikdir.

Hakimiyyət sosial və siyasi formasiyanı dəyişməklə məşğul olaraq inqilab edir, müxalifət isə məzlum müraciətlərə baş vuraraq mübarizə yollarını arayır.

Belədə, əsl mübarizəni hansı tərəf aparır? Axı hakimiyyətlə müxalifətin rəqib olduqlarını, qarşıdurmalarının konstant təki dəyişməz səciyyə daşıdığını da yada salsaq, hakimiyyətin özünü möhkəmlətməsində və müxalifəti zəiflətməyə çalışmasında qeyri-adi, anormal olan nədir?

Heç nə. Müxalifət bütün bunlara rəğmən, niyə irəli atılmır, güclənmir, toparlanıb on minləri, yüz minləri arxasınca aparmır və ən nəhayət, hakimiyyəti dəyişə bilmir?

Cavab sadədir, çünki özünü lider elan edən siyasət liliputları etirazları təşkil etmək əvəzinə, spontan yaranacağına ümid etdikləri etirazların dalğasında hakimiyyətə gəlməyə çalışırlar.

Yəni sadə yazsam, Əli Kərimli ümidlə yaşayır, xaosa və qarışıqlığa bel bağlayır.

Halbuki o, tarixdən dərs almalı, etiraz dalğalarının və narazı kütlənin özəyini təşkil edəcək qruplara, tabanlara xitab edərək onları təşkilatlandırmalı, mərkəzəqaçma qüvvəsi yaratmalıydı.

Facebook səhifəsində zavallı inqilabçı pozası alaraq təklif gözləyən Ə.Kərimli hələ də düşünür ki, inqilaba səbəb olacaq kütləvi narazılıq siyasi və sosial toqquşmalar, böhranların doğuracağı təbii prosesdir.

O xəyal edir ki, belə proses olarsa, bütün yaşananlardan kənarda, yol kənarında qalan və siyasi ölü durumuna düşən təşkilatına çağırış edərək lider ola bilər.

Sadəlövh, hiyləgərliyinin pik nöqtəsi olan korafəhmlik müstəvisinə özünü salan Ə.Kərimli belə getsə, gərəkli prosesi və əlverişli prosesi onillər boyu gözləməli olacaq.

Ən azı onillər.

Belə adam və onun ətrafındakılar, onlara inananlar və sosial şəbəkədə trolluq etməklə məşğul olanlar hakimiyyət üçün ciddi problemə çevrildiyini düşünürlər?

Onlar xəyal edirlər ki, Azərbaycandakı sosial, siyasi və iqtisadi sistemi zəiflətmək, haldan salmaq, çökdürmək üçün Qərbə ağlamsınaraq üz tutmaları, sanksiyalar tələb etmələri, Azərbaycana qarşı cəzaların işə salınmasını istəmələri real nəticələr verə bilər?

Niyə? Sanksiyaların tətbiq olunduğu ölkələrə baxın.

Rusiya, İran, Sudan, Venesuela, Somali, Şimali Koreya, Myanma, Eritreya və s.

Azərbaycan bu ölkələrin etdiklərinin heç birini etməyib, etmir və etməyəcək.

Bəs onda nədir səbəb?

"İnsan hüquqlarının pozulması faktları, polisin aksiyalarda sərt davranışı və ilaxır".

Belədirsə, onda BMT üzvü olan dövlətlərin minimum 85 faizinə qarşı ən sərt sanksiyalar tətbiq olunmalıdır.

Çexiya və Slovakiyada seçkilərin nəticələri birmənalı qarşılanmır, Avstriyada neonasistlərin hakimiyyətə hazırlaşdığı vurğulanır, Albaniyada və Portuqaliyada polis idarələrindəki müəmmalı ölümlər qətllər sayılır, İtaliyada separatizmə qarşı mübarizə diktatura cəhdi kimi qələmə verilir.

Polisə gəldikdə isə, ABŞ-da və ya Cənubi Koreyada, Çində və ya Fransada polisin nümayişləri dağıdarkən onlarla, yüzlərlə insanı şikəst etməsi faktlarını sadalayaqmı?

Qərbə üz tutub yalvarmaq, vətəndaşı olduğu ölkəyə qarşı cəzalar və sanksiyalar dilənmək müxalifət lideri olduqlarını deyənlərin məzlumluğu, zəifliyi, ölkədə real müxalif hərəkat yaratmaq əvəzinə Qərbdən maddi-siyasi-təşkilati dəstəklə Əfqanıstan və ya İraqdakı kimi marionet hökumət formalaşdırmaq arzusu deyilmi?

Özünüzü aldatmayın, bəydadaşlar...

Bəhs etdiyiniz inqilabı hakimiyyət edir, elitaları dəyişir, postneft erasında irəliləyiş və inkişaf yollarını bəlirləyir, tərəqqidən bəhs edir.

Siz nə edirsiniz?

Düşünün.

Elçin Alıoğlu Son.az