“Nərgizin toyundan 1 ay sonra evləndik”


Kriminal 04 Noy 2019 16:54:00 292 0

“Nərgizin toyundan 1 ay sonra evləndik”

"Heç bir aparıcının xətrinə dəyməsin. Mən digərlərindən fərqli olaraq efirə əlimdə kağız heç vaxt çıxmamışam. Bu, yaxşı yaddaşla bağlıdır. Orta məktəbdə oxuduğum şeirləri indi əzbər deyirəm. Ən uzun mətni 2000-ci ilin sonunda efirdə demişəm. Prezident Aparatından gələn böyük bir mətni oxumaq lazım idi. 1 saat 45 dəqiqə dayanmadan efirdən mətn oxudum. Daha sonra 50 dəqiqə Xəbərlər proqramını apardım".

Son.az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Nailə İslamzadə "Fatehin divanı" proqramında deyib.

Tanınmış diktor proqramda efir həyatından danışıb. O, daha sonra "Əməkdar artist" fəxri adını aldığı günü xatırlayıb: "Çox qəribə bir hadisə olmuşdu. Ad günüm ərəfəsində Azərbaycan Dövlət Televiziyasında suflyora təzə keçmişdik. Xəbərlər proqramının yayımına az vaxt qalmışdı. Çox əsəbi bir halda baş redaktorun otağına keçib dedim ki, 15 dəqiqə qalıb, mətn hazır deyil. O da mənə "təbrik edirəm" cavabını verdi. Söylədim ki, heç ad günü təbrikinin yeridi? Bir dəfə təbrik etmisiz. Daha sonra açıqladı ki, Əməkdar artist olmuşam. Ən gözəl ad günü hədiyyəsi oldu. Məcbur efirdə adımı özüm oxudum, utandığımdan başımı qaldırmadım".

N. İslamzadə efirdə ilk dəfə həyat yoldaşının fotosunu göstərib və sözügedən şəklin tarixçəsindən söz açıb: "Şəkil aparıcı Nərgiz Cəlilovanın toyunda çəkilib. Yeni il çəkilişindən çıxıb toya gəlmişdim. Məclis dekabrın 14-də baş tutmuşdu. Bundan 1 ay sonra bizim toyumuz oldu".