Əli Əhmədov: "Bütün siyasi partiyaları bələdiyyə seçkilərinə qatılmağa, sağlam əsasda siyasi rəqabət mübarizəsinə qoşulmağa çağırıram"


Siyasət 04 Noy 2019 11:52:39 255 0

Əli Əhmədov: "Bütün siyasi partiyaları bələdiyyə seçkilərinə qatılmağa, sağlam əsasda siyasi rəqabət mübarizəsinə qoşulmağa çağırıram"

Baş Nazirin müavini, hakim Yeni Azərabycan Partiyasının (YAP) sədr müavini-icra katibi Əli Əhmədov "Bələdiyyə seçkiləri - partiyamızın yeni uğur şansı" başlıqlı məqalə yazıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, məqalədə deyilir: "Bir neçə gündür ölkədə bələdiyyə seçkilərinə start verilib. Dekabrın 23-də keçiriləcək səsvermə nəticəsində bələdiyyələrin yeni tərkibi seçiləcək. 16 minə yaxın insan ölkənin yerli özünüidarə orqanlarında təmsil olunacaq, regionların idarə olunmasında, sosial və iqtisadi problemlərinin həll olunmasında, bütünlükdə inkişafın təmin edilməsi prosesində yaxından iştirak edəcək.

Yeni Azərbaycan Partiyası növbəti bələdiyyə seçkilərinə ciddi hazırlaşıb, öz namizədlərini müəyyənləşdirib. Hazırda Seçki Məcəlləsinə uyğun olaraq namizədlərin irəli sürülməsi prosesi davam edir. Çalışmışıq ki, ən layiqli namizədlər irəli sürülsün. Partiyanın bu barədəki qərarının düzgün və ədalətli olduğuna inanıram. Ona da əminəm ki, Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən namizədlər seçkilər zamanı əhalinin dəstəyini qazana biləcək. Müəyyən etdiyimiz namizədlər arasında gənclərə və qadınların nümayəndələrinə xüsusi diqqətlə yanaşıldığını ayrıca vurğulamaq istəyirəm".

Ə.Əhmədov bildirib ki, seçkilər hər bir partiyadan ötrü sınaq anıdır: "Bələdiyyə seçkiləri bu mənada istisna deyil. Bu elə bir fürsətdir ki, partiya öz mütəşəkkilliyinə, resurslarını səfərbər etmək imkanlarına, əhalinin partiyanın proqramına və bütünlüklə fəaliyyətinə verdiyi qiymətə baxış keçirilməsi mümkün olur. Digər bir tərəfdən, bələdiyyələr partiya üzvləri üçün yaxşı təcrübə məktəbidir. Xüsusilə, partiyanın gənc üzvləri bələdiyyə seçkilərində iştirak etməklə zəruri seçki kampaniyasını aparmaq təcrübəsi toplayır, digər tərəfdən isə, bələdiyyələrə seçilənlər bələdiyyələrin həyatında yaxından iştirak etməklə ictimai nüfuz və idarəçilik təcrübəsi qazanmış olurlar. Yeni Azərbaycan Partiyasının nümunəsindən deyə bilərəm ki, vaxtilə bələdiyyə üzvü seçilib xidmət göstərərək özünü tanıda bilmiş bir sıra partiya nümayəndələri sonralar Milli Məclisə üzv seçilmiş, yaxud dövlət idarəçiliyi sahəsində məsul vəzifələrə irəli çəkilmişlər.

Bu ilin bələdiyyə seçkilərinə Yeni Azərbaycan Partiyası xalqa xidmət devizi altında gedir. Amalımız bələdiyyələrin ərazisində əhaliyə xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi, yerli əhəmiyyətli problemlərin həllinə dəstək, ölkəmizdə həyata keçirilən islahatların regionlarda uğur qazanmasına töhvə verilməsindən ibarətdir. Seçkilər, o cümlədən yerli seçki sayılan bələdiyyə seçkiləri hər bir partiyanın həyatı və fəaliyyətinin əsas hadisəsidir. Əslində partiya yalnız seçkilər vasitəsilə ölkənin ictimai və siyasi həyatında iştirak etmək istəyini reallaşdıra bilər və reallaşdırır. Seçkilər eyni zamanda bu və ya digər partiyanın ictimai dəstəyini, imkanlarını, habelə siyasi baxış və platformasını nümayiş etdirməyin ən yaxşı və sınanmış formasıdır. Belə olduğu halda bəzi partiyaların bələdiyyə seçkilərinə biganəliyini, kampaniyada iştirak etmək istəməməsini başa düşmək mümkün deyil.

Etiraf etmək lazımdır ki, seçkidə iştirak etməyən partiyanın mövcudluğu öz mənasını itirir, nəticə etibarilə o marginallaşır və cəmiyyətin siyasi sistemində normal fəaliyyət göstərmək imkanlarından məhrum olur. Seçkilərdə iştirak etməkdən məqsədyönlü şəkildə imtina edən partiya (və ya partiyalar) istər-istəməz radikallaşır, hüquq müstəvisindən kənara çıxır və cəmiyyət üçün təhlükəli elementə çevrilir. Onu da unutmaq olmaz ki, seçkilərdə iştirak etməkdən imtina edən partiya əslində sosial bazasının yetərincə olmamasını nümayiş etdirir ki, bu da onun siyasi sistemdə rolu və yerinin spesifik göstəricisi sayılmalıdır".

YAP-ın Sədr müavini - İcra katibi qeyd edib ki, seçkilərdə iştirakdan imtina edən partiyaların siyasi fəaliyyətinin qanun müstəvisindən kənara çıxması və radikallaşması Azərbaycanda bəzi partiyaların nümunəsində aydın şəkildə özünü göstərir: "Milli Şura, Azərbaycan Xalq Cəbhəsi Partiyası kimi təşkilatların demokratik prinsiplərdən imtina edərək radikal siyasi fəaliyyət metodlarına istinad etdiklərini sübuta yetirməyə ehtiyac yoxdur. İcazəsiz mitinqlər keçirmək, qarşıdurma yaratmaq, sabitliyi pozmağa cəhd göstərmək onların siyasi arsenalında başlıca üsullardır. Belə metodlar həmin partiyaları sivil, demokratik mübarizə üsullarından uzaqlaşdırır, radikalizmin ifrat formasının baş qaldırılmasına rəvac verir. Yeni Azərbaycan Partiyası siyasi partiyaların demokratik fəaliyyət üsullarından uzaqlaşmasını, radikallaşmasını yolverilməz hesab edir və hər bir siyasi təşkilatı qanunlar çərçivəsində, hüquq müstəvisində fəaliyyət göstərməyə səsləyir. Ölkədəki demokratik mübarizə mühitinin, sağlam siyasi rəqabətin qorunub saxlanmasının alternativi yoxdur. Seçkilər dövründə hər bir partiya seçki kampaniyasına qatılmaqla həm demokratik dəyərlərin daha da möhkəmlənməsinə xidmət göstərir, həm də siyasi proqramını həyata keçirmək imkanı qazanır. Mən bütün siyasi partiyaları bələdiyyə seçkilərinə qatılmağa, sağlam əsasda siyasi rəqabət mübarizəsinə qoşulmağa çağırıram. Yeni Azərbaycan Partiyası artıq bu yarışa qoşulub və ciddi uğur qazanacağına şübhə yoxdur".