Allah sizə rəhmət eləsin, ölülər...


Siyasət 04 Noy 2019 10:06:59 461 0

Allah sizə rəhmət eləsin, ölülər...

Bəşər tarixi acımasız, qəddardır və göstərir ki, istisnasız olaraq bütün inqilabların, qiyamların və üsyanların liderlərini birləşdirən cəhət onların ambisiyaları yox, sadəlövhlükləridir.

Onlar əmin idilər ki, bir mərhələdə, addımda və ya keçiddə feodalizmdən müasirliyə, xurafatdan inkişafa, aqrar cəmiyyətdən texnogen sosiuma keçid etmək mümkündür. Halbuki yalan və illüziyadır.

İnqilablar dövrü keçdiyindən indi çevrilişlər və qiyamlar zəmanəsində yaşayırıq. Düynanın müxtəlif yerlərində hakimiyyətləri devirmək istəyənlər birliklər, ittifaqlar, koalisiyalar yaratsalar da, hakimiyyətə varmaq üçün boğuşur, didişir, bir-birlərini məhv etməyə çalışırlar. Onların siyasi mövqeləri, tələb və istəklərinin məcmusu yaşanan ictimai dəyişikliklərin tələbatı yox, fərdi arzularıdır. Bu arzular da demokratik ruhlu insanı qiyama və ya çevrilişə meylli, dağıdıb yiyələnmək yanğısı ilə qovrulan fərddən ayırır.

Azərbaycanın müxalifət düşərgəsində namuslu, ləyaqətli, ölkənin inkişafını və vətəndaşların rifahını istəyən insanların varlığına əsla şübhə etmirəm.

Fəqət, müxalifətin radikallaşmış hissəsinə bu şamil olunmur.

AXCP və "Milli Şura", daha doğrusu AXCP ilə onun törəmə funksiyasının başlıca problemləri paternalizm və nonkonformizmdir.

Əli Kərimli və Cəmil Həsənli üçün xalq, sadəcə, siyasi mübarizədə vasitə, hakimiyyəti ələ keçirmək üçün gərəkli ünsür və seçkilərdə istinad edə biləcək sosial-siyasi vahidlər toplusudur. Sosial baza ilə elektoratı daim səhv salan, onların ikisindən də faktiki olaraq məhrum olan və ümidi yalnız lümpenləşərək marginallığa üz qoymuş kütlədən tapan bu insanların davranışları çox asan təxminlənəndir.

Siyasətin əsas prinsiplərinin unudulması sayəsində onlar ölkə müxalifətinin ən marginal fərdlərinə çevriliblər.

Bəlli, eyni sinifdən və tipdən olanların qarşılıqlı dəstəyi, anlaşması asan, tez baş tutandır.

Məhz bu səbəbdən AXCP sədri və bloqer Əli Kərimlinin sosial şəbəkədəki trolları prayd qanunları ilə idarə olunur.

Ə.Kərimlinin Facebook səhifəsindəki fəaliyyəti bəhs etdiyim sindroma bariz misaldır. Həmin profilə toplaşan və AXCP sədrini az qala yeni Məsih kimi qəbul edənlər hələ də anlamırlar ki, demokratiya heç zaman bir anla ən üst səviyyədə bərqərar olmur. Milyonlarla insanın indiki yaşamın aydın, bəlli şərtlərindən gələcəyin naməlumluğuna atılışı an içində olmur.

Aşkar avantüristlərin, siyasi möhtəkirlərin yalanlarına inananların sadəlövhlükləri bundan sonra da davam etməməlidir.

Zatən bütün inqilabların yolu belə sadəlövhlərlə dolu olub.

Bizim siyasətin iç müstəvisində də belələri yetərincədir.

Sadəlövh insanları aldadan, özünü müxalifətçi və demokrat kimi göstərməyə çalışan siyasətçi hansısa kabinetdə oturub rüşvətxorluqla məşğul olan məmurdan dəfələrlə təhülkəlidir. Çünki o məmuru tanımaq, bəlirləmək  və cəzalandırmaq asandırsa, möhtəkirliyə baş vuraraq siyasi illüziyalarla alver edən siyasətçini tanıtdırmaq çətindir.

Beləsindən bəhs edəndə onun tərəfdarları dərhal qeyzlənir, "hakimiyyətə satılmısan", "iqtidara yaltaqlıq edirsən" qışqırırlar.

Daha dəqiq anlaşılsın deyə, təsəvvür edin 19-cu əsrin əvvəlləri, Azərbaycan əyalətlərindən birindəki kəndin əhlinə avtomobil anladılır. "Atsız araba"nın mümkünlüyünə inanmayanlar danışanı əvvəl fitə, sonra daşa basarlar.

Xurafatın bir forması da istənilən siyasətçiyə kor-koranə inam, əməllərinə etibar, dediklərinə az qala sitayişdir.

Siyasi xurafatçıların meydan suladıqları müxalifət düşərgəsindəki yeni Şeyx Nəsrullah isə, deyəsən, elə Əli Kərimlidir. Şeyx Əhmədin funksiyalarını isə Cəmil Həsənli uğurla yerinə yetirir.

Onlar 1990-cı illərin siyasi lüğəti ilə danışır və elə həmin illərin hadisələrinin təkrarlanmasını istəyirlər.

Lakin 30 il əvvəldən fərqli olaraq, indi meydanlara özlərini demokrat adlandıran kütlə parçaları can atır. Bu adamlar qiyam istəyini xalq inqilabının labüdlüyü kimi qələmə verməyə çalışırlar.

Hakimiyyət dəyişikliyliyi vasitəsi qismində küçəni seçənlərin də məğlubiyyətini şərtləndirən budur. Onlar unudurlar ki, qiyam heç bir halda uğurla başa çata bilməz. Bilsə də, bunun adı başqadır.

Oktyabrın 19-da yaşananlar, qanunsuz aksiya cəhdini mitinq kimi qələmə vermək cəhdləri 1990-cı illərin AXC romantikasının məhvini, müxalifət olduqlarını deyənlərin mübarizələrinin tragikomikliyini tam aşkarlığı ilə göstərdi.

Baş verənlərin mahiyyəti, əslində, həmin aksiyanın qanuni və ya qanunsuz olması yox, olanların dəyişilmədən noyabrın 2-nə transformasiya etmək istəyi idi.

AXCP sədri, həm də bloqer Əli Kərimli noutbukunun kamerası qarşısında təkadamlıq pyeslərdə baş və yeganə rolu canlandıraraq fasiləsiz bəyan edirdi ki, noyabrın 2-də Bakının mərkəzində, metropolitenin "28 May" stansiyasının önündəki meydanda mitinq olacaq. Bakı Şəhər İcra Hakimiyyəti bu məkana icazə verməsə, "Məhsul" stadionunu verməlidir. O da olmasa belə, aksiya baş tutacaq və "on minlərlə insan hakimiyyətə qarşı sözünü deyəcək".

Sonrası bəlli. Oktyabrın 19-dakı tragifarsdan sonra yeni qarşıdurmanın baş verməməsi üçün DİN və Baş Prokurorluq xəbərdarlıq yaydılar.

Ə.Kərimli və tərəfdarları anladılar ki, onlarla zarafat etmirlər, qanunsuz aksiyanın qarşısı sərt alınacaq.

Çəkindilər və noyabrın 2-də keçirilməsi nəzərdə tutulan mitinqi, yəni qanunsuz aksiyanı təxirə saldılar.

Mahiyyət etibarilə məsələ aksiyanın baş tutması deyil. Məsələ küçə döyüşlərinin, qarşıdurmanın və iğtişaşların hakimiyyət uğrunda mübarizə vasitəsi kimi təqdimatının cəmiyyətdə rəğbətlə qarşılanmaması oldu.

Ultrainqilabçılıq etmək istəyənlərin tərəfdarlarının bəyan etdiklərindən on və yüz dəfələrlə azlığı da təbii, önəmli amillərdən biridir.

Kütlə bir zamanlar inandığı müxalifət liderlərinin dəfələrlə dəyişən iç üzlərini gördüyündən bu adamlara inanmır.

Tamaşa bitib, pərdə yellənir.

AXCP və "Milli Şura" isə, əfsuslar olsun, nüfuzlu ziyalılar, tanınmış siyasətçilərdən xali lümpenləşmiş strukturlar olaraq qalır. Bu qurumların rəhbərliyində bir nəfər olsun belə (!) demokrat-intellektual yoxdur.

Olsaydı, AXCP bambaşqa siyasi simaya, tarixə, siyasi praktikaya və ənənələrə malik olar, müxalifət düşərgəsinin gerçək liderinə çevrilər, hakimiyyəti də özü ilə hesablaşmağa vadar edərdi.

Olmadı və əvəzində AXCP ilə "Milli Şura"nın faktiki ideologiyası və praktiki fəaliyyəti mağara millətçiliyi, sözçülük, avantürizm, siyasi mübarizənin radikal metodlarına üstünlük verən dəstənin yarıtmaz, hətta yaramaz idarəetmə sistemindən ibarətdir.

Əli Kərimli bir zamanlar çox güclüü siyasi təşkilatı faktiki olaraq nivelirlədi, zəiflətdi, çəki və nüfuzunu azaldaraq sıradan bir siyasi dərnək, az qala siyasi hərəkat formatına endirdi. Belə strukturun çağırışları, məqsədləri və mübarizə formaları isə gerçəkliklə uyğunlaşmadığı üçün siyasi tarixin özü tərəfindən qəbul olunmur.

Əli Kərimli və Cəmil Həsənli fəal siyasi mübarizədən istədikləri qədər danışa bilərlər, sosial şəbəkələrdə bundan sonra da isteriyanı davam etdirərlər - amma reallıq odur ki, AXCP-nin dövrü artıq bitib. Radikallığın 1990-cı illər formatından qurtula bilməyən, idefiksləri ideya kimi sırıyan, konkret fəaliyyət proqramının yoxluğunu bəsit çağırışlar və şüarçılıqla əvəzləməyə çalışanlar müxalifət düşərgəsini, sanki, məzarlığa çevirməyi qarşılarına məqsəd qoyublar.

Bir zamanlar AXCP rəhbərliyində faciəli azlıq təşkil edən intellektuallar təşkilatın sıralarını tərk edəndən sonra onların yerlərini əsl marginallar tutublar.

Onlar 1988-ci ilin payızında Bakının əsas meydanına çıxaraq ölkənin azad, demokratik inkişafını arzulayan, böyük ümidlərlə yaşayan insanların nəslini ümidlərdən bilmərrə məhrum etdilər.

Bu adamlar bir zaman Azadlıq Meydanına torlaşan yüz minlərlə insana oturmağı, sonra da qalxmağı əmr edən, sarsaq əmrlərini guya insanların saatlarla bir yerdə tərpənməz durduqları üçün səhhətlərinə ziyan dəyməməsi labüdlüyü ilə izah etməyə çalışan siyasət plebeyi Nemət Pənahlının davamçılarıdır.

30 il əvvəlki dövrün ritorikası, həmin şüarlar, həmin gərginliyin çökdüyü simalar və həmin siyasi lüğətdən yararlanmağa çalışan primitiv şüurlu adamlar.

Müxalifət budursa, onda ideya məzarlıqlarını təbrik edirəm.

Allah sizə rəhmət eləsin, ölülər...

Elçin Alıoğlu Son.az