İlon Mask və Ceff Bezos Bakıya gələcəklər


Siyasət 31 Okt 2019 16:17:00 316 0

İlon Mask və Ceff Bezos Bakıya gələcəklər

50 illik fasilədən sonra Bakı yenidən dünya aeronavtikasının, astronavtikasının və kosmonavtikasının paytaxtı olacaq. Şəhərimizə dünyanın ən məşhur alimləri və tədqiqatçıları gələcəklər.

.... 1973-cü il. Sovet İttifaqı dönəmində Beynəlxalq Astronavtika Konqresi SSRİ-də keçirilir. İlk və son dəfə, o da Bakıda. O vaxt Heydər Əliyev Azərbaycanın rəhbəri kimi böyük səylər göstərmişdi ki, Sovet İttifaqında bu Konqres məhz Bakıda keçirilsin.

Bu barədə çox oxumuşam, eşitmişəm. Həmişə də düşünürdüm ki, Bakıda nə zamansa yenidən Astronavtika Konqresi keçiriləcəkmi...

2018-ci il, 1-5 oktyabr. Almaniyanın Bremen şəhəri, 69-cu Beynəlxalq Astronavtika Konqresi. Həmin günlərdə də bu konqresin Bakıya "qayıtmasını" arzulayırdım.

Arzu reallaşır.

70-ci Astronavtika Konqresi, qlobal miqyasda aerokosmik sahənin ən böyük tədbiri, dünyanın hər yerindən aerokosmik agentliklərdən alimlər, mühəndislər və mütəxəssislərin bir araya gələcəyi toplantı 50 illik fasilədən sonra Bakıya dönür.

Gələcək qonaqlar arasında "Amazon" korporasiyasının banisi və sahibi Ceffri Bezosla "SpaceX" və "Tesla"nın sahibi İlon Mask da olacaq.

Hər halda ilkin məlumatlar belədir.

Prezident İlham Əliyev oktyabrın 29-da "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin sədri Rəşad Nəbiyevi ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilmiş seçkilərdə Bakı şəhərinin 2022-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanması ilə əlaqədar qəbul edərkən demişdi: "Bu Konqres yeni, müasir texnologiyalar sahəsində dünya miqyasında ən mötəbər beynəlxalq tədbirdir. Bu tədbirin əhəmiyyətini, sübut edən məqamlardan biri də odur ki, Konqresin işində Amerikanın vitse-prezidenti cənab Pens iştirak edib. Növbəti Konqresin Azərbaycanda keçirilməsi haqqında qərarın dəstəklənməsi əlbəttə ki, ölkəmizin siyasi nüfuzunun təzahürüdür, Azərbaycana olan inamın nəticəsidir. Yadımdadır, bu ilin iyul ayında Beynəlxalq Astronavtika Federasiyasının prezidenti Azərbaycanda səfərdə idi. Mən onu qəbul etmişdim və ona öz niyyətimizi bildirmişdim ki, biz çox istəyirik, növbəti Konqres Bakıda keçirilsin. Çünki biz hesab edirik ki, bu, ədalətli olar. Çünki Azərbaycanda son illər ərzində müasir texnologiyalar, kosmik sənaye sahələrində əldə edilmiş uğurlar doğrudan da çox təsirlidir. Gənc müstəqil ölkə üçün qısa müddət ərzində belə nailiyyətlərin əldə edilməsi böyük hadisədir. İndi bizim 3 peykimiz var və Azərbaycanda kosmik sənaye inkişaf edir. Azərbaycan dünyanın kosmik klubunun məhdud sayda olan üzvlərindən biridir".

Bu qələbə bir daha ona görə önəmlidir ki, bizim çox güclü rəqiblərimiz var idi. Dörd şəhər Konqresin keçirilməsi üçün səy göstərirdi. Bakı ilə yanaşı, Sinqapur, Rio-de-Janeyro və Dehli şəhərləri. Yəni, həm təcrübə, həm də əhali baxımından Hindistanla Braziliya Azərbaycanla müqayisəedilməz səviyyədədir. Ancaq bu mübarizədə qələbə əldə etməyimiz, əlbəttə ki, bizim nüfuzumuzdan xəbər verir. Beynəlxalq astronavtika aləmi bu dörd şəhərdən məhz Bakını seçib. Bizə inanırlar, bizim siyasətimizə böyük dəstək göstərilir, Azərbaycanda gedən proseslərə dünya miqyasında böyük rəğbət var.

Növbəti 2-3 il ərzində konqresin keçirilməsi üçün böyük təşkilati işlər aparılmalıdır. Biz təqribən 6-7 min xarici qonaq gözləyirik. Bu qonaqlar dünyanın texnoloji gündəliyini müəyyən edən qurumların rəhbərləridir, nümayəndələridir. Ona görə vaxt gələndə Konqresin yüksək səviyyədə keçirilməsi üçün Təşkilat Komitəsi yaradılacaq və əlbəttə ki, əsas hazırlıq işlərini "Azərkosmos" öz üzərinə götürəcək.

Və həmişə olduğu kimi, sosial şəbəkələrdə konqresolə bağlı absurd, irreal, məntiqsiz açıqlamalar, şərhlər yayılır. Onların ümumi ruhu, sadəcə, bir cümlə ilə səciyyələnə bilər: "Əşşi, biz hara, kosmos hara..."

Anlatmağa çalışım.

Sovet kosmonavtikasının yaranmasında və ümumiyyətlə, təşəkkül tapmasında Azərbaycanın, azərbaycanlı alimlərin rolu çox böyük rolu olub.

Tanınmış sovet alimlərindən olan Anton Pervuşin xatirələrində yazıb: "07 adlı raket üçün mühərriki işə sala bilmirdik. Təsadüfən alındı. 1932-ci ilin yayında ikinci briqadanın baş mühəndisi Nikolay İvanoviç Yefremov konstruktor Korolyovun tapşırığı ilə Bakıya, raket texnikasından mühazirələr oxumağa getmişdi. Orada o, Azərbaycan Neft-Sənaye İnstiutunun əməkdaşı Qurviçlə tanış olmuşdu. Qurviç ona "qatılaşdırımış" benzindən danışıb. Bakıda istehsal olunan "qatılaşdırılmış" benzin də Tixonravovu yeni, 09 adlanacaq raketi yaratmağa sövq etdi".

Sabiq Sovetlər Birliyində ilk raket olan QİRD-08 1933-cü ilin avqustun 17-də Moskva vilayətindəki Naxabino poliqonunda uğurla sınandı.

Sonralar Sovetlər Birliyinin raketlərinin tam əksəriyyəti Bakıda hazırlanan yanacaqla səmaya qalxasalar da, 1933-cü ildə Naxabinodakı sınaq sovet raket sənayesinin, xüsusilə də Azərbaycan kosmik sənayesinin tarixində həmişə qalacaq.

Bundan başqa, sovet kosmonavtikasının Mstislav Vsevolodiç Keldış dəfələrlə Bakıda olub. Məhz Bakıda keçirilmiş Beynəlxalq Astronavtika Konqresində o, sonradan dünyaca məşhur nitqini söyləmişdi.

Keldış demişdi: "Heç şübhəsiz ki, kosmos bəşəriyyətin gələcəyidir. İnsanlıq planetlərarası uçuşları həyata keçirəcək. İllər əvvəl insan övladının yeni qitələrdə nə tapacağını demək mümkün olmadığı kimi, yeni planetlərdə də bəşəriyyətin nələr tapacağını proqnozlaşdırmaq mümkün deyil".

Və ən nəhayət, sovet kosmik tədqiqatlar proqramının banilərindən biri, kosmik tədqiqatlar sahəsində dünya miqyasında tanınmış fiqur sayılan general Kərim Kərimov da soydaşımızdır, Azərbaycan elminin yetirməsidir.

Kosmonavtlara gəldikdə isə, Rusiya Hərbi-Hava Qüvvələrinin polkovniki, təyyarəçi-kosmonavt, Sovet İttifaqı Qəhrəmanı Musa Manarov bakılıdır.

Məşhur sovet kəşfiyyatçı, bakılı Mixail Matveyeviç Baturinin oğlu, Rusiya qəhrəmanı, təyyarəçi-kosmonavt Yuri Baturin də Azərbaycanın oğludur.

Bakıda doğulmuş kosmonavt Vitali Jolobov kimi.

Rusiya İctimai Elmlər Akademiyasının həqiqi üzvü Fizuli Fərəcov isə "Buran" kosmik təyyarəsinin yaradıcılarından biridir.

Dünyanın ilk kosmik turisti, kosmosa yollanmış ilk müsəlman qadın Anuşə Ənsəri İranın Məşhəd şəhərində doğulmuş soydaşımızdır.

Sovet Azərabaycanında, respublikaya Heydər Əliyevin rəhbərlik etdiyi dönəmlərdə azərbaycanlı mütəxəssislər SSRİ-nin kosmik proqramında aktiv iştirak edirdilər.

Azərbaycanın Elmlər Akademiyası, Kosmik Tədqiqatlar İnstitutu, Uzaqməsafəli Rabitə İnstitutu sonraldan kosmosda istifadə olunan müxtəlif avadanlıqlar, qurğular və materiallar hazırlayırdı.

O illərdə Azərbaycanda kosmik tədqiqatlar üçün mikrosxemlər, Günəş batareyası panelləri, infraqırmızı diapazonlu videokameralar istehsal olunurdu.

1974-cü ildə isə Azərbaycan Milli Aerokosmik Agentliyi yaradılmışdı.

Heydər Əliyevin siyasətini sonradan Azərbaycanın dövlət başçısı İlham Əliyev uğurla davam və inkişaf etdirdi.

2008-ci ildə o, "Azərbaycanda kosmik sənayenin yaradılması və orbitə telekommunikasiya peyklərinin çıxarılması haqqında" fərman imzaladı.

2013-cü ilin fevralında isə kosmosa ölkəmizin ilk peyki olan "Azerspace-1" çıxarıldı.

... 50 illik fasilədən sonra Beynəlxalq Astronavtika Konqresi Azərbaycana, Bakıya qayıdır.

Ölkəmiz kosmik tədqiqatlar aparmaqla yanaşı, Yerətrafı fəzadakı peyklərin xidmətlərini başqa ölkələrə təqdim edən dövlətlər arasındadır indi.

Bundan başqa, Azərbaycan Milli Aero Kosmik Agentliyin (MAKA) Təcrübi Zavodunda GPS/QLONASS qəbuledicilərinin telematik modullarının istehsalı həyata keçirilməsi planlaşdırılır. Rusiyanın Federal Kosmik Agentliyi ilə əməkdaşlıq çərçivəsində istehsal olunacaq bu modulların Rusiyaya və digər ölkələrə ixracı nəzərdə tutulur.

Elçin Alıoğlu Son.az