Siyasət cırtdanları 2 noyabr şousuna bel bağlayır


Siyasət 28 Okt 2019 16:09:00 312 0

Siyasət cırtdanları 2 noyabr şousuna bel bağlayır

"Milli Şura", yəni AXCP noyabrın 2-də Bakıda yenə aksiya keçirmək istəyir. Həmişəki kimi, AXCP sədri Əli Kərimli öz ampluasındadır və bəyan edir ki, aksiya ya Bakı metropoliteninin "28 May" stansiyasının qarşısında olmalıdır, ya da "Məhsul" stadionunda.

Onun sözlərinə görə, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) mitinqə icazə verməsə, aksiya qanunsuz keçiriləcək.

Yəni nəyin bahasına olursa-olsun, Əli Kərimli oktyabrın 19-dakı tragikomik şousunu təkrarlamaq niyyətindədir.

Həmin şouya hazırlıq davam edir və bu prosesin tərkib hissələrindən biri Avropada məskunlaşan, daha doğrusu, Avropa Birliyi ölkələri arasında üz tutduğu dövlətdə sığınacaq almaq üçün qabıqdan və dəridən çıxanların təşkil etdikləri "söyüş şəbəkəsi"dir.

Bu iaşə müxalifətinin YouTube kanallarında və Facebook səhifələrində söyüş, təhqir və yalanlarla yanaşı, qiyam, üsyan, vətəndaş qarşıdurması, qanlı olaylara çağırışlar da yer alır.

Bəhs etdyiimiz səhifələr arasında yer alan "Salyanın səsi" artıq neçə gündür ki, noyabrın 2-də "necə davranmaq" barədə təlimatlar paylaşır.

Təlimatlar "Molotov" kokteylləri hazırlamaq, onları mitinqə aparmaq, habelə kəsici və dəlici vasitələrdən, xüsusilə də bıçaqlardan istifadə etməkdir.

O da vurğulanır ki, noyabrın 2-dəki aksiya zamanı "mümkün qədər çox polis yaralamaq, imkan olarsa, öldürmək gərəkdir".

"Salyanın səsi" Facebook səhifəsi - "təsadüf"ə bax - AXCP sədri Əli Kərimlini tamamən və bütünlüklə müdafiə etdiyini gündə bir neçə dəfə vurğulayır, bəyan edir.

Əli Kərimlinin özü isə vurğulayır ki, aksiyanı o və ya AXCP yox, "Milli Şura" hazırlayır, mitinq ümumxalq aksiyasdır və bütün müxalifət dəvətlidir.

Ölkə müxalifətinə belə çağırış edən AXCP sədri zahirən də olsa, siyasi rəqibləri ilə tolerant davrandığını, son 16 ildə müxalifətin bu və digər formada yaratdığı 11 birlik formatının darmadağın olmasında özünün zərrə qədər rol oynamadağını zahirən də olsa, vurğulayır.

Halbuki proseslərin gedişatını, orada hansı "lider"lərin necə qərarlar qəbul etdiyini, kimlərin xəyanətləri sıralamasını, kimlərin hakimiyyətlə kuluar danışıqlara gedərək "bonus"lar əldə etməyə çalışdığını unutmamışıq.

Mitinq istənilən siyasi təşkilat, partiya, hərəkat və ya qruplaşma üçün özünüifadə vasitəsi, hadisələrə təsir imkanlarının nümayişi və yeni tərəfdarlar toplamaq imkanıdır.

Lakin partiya bu aksiyanın qanunsuz, razılaşdırılmamış şəkildə keçirirsə, mütləq şəkildə hüquq-mühaifzə orqanlarının qanuni müqaviməti ilə qarşılaşacağını bilməlidir.

Əksi və ya fərqli variantı sadəcə, mümkün deyil.

Razılaşdırılmış mitinqə yollananlar sosial tələblərini və ya siyasi baxışlarını izhar edirlərsə, qanunsuz aksiyaya gedənlərin məqsədi polislə qarşıdurmadır.

Polisin qarşısında duran, onun qarşısını kəsən isə dövlətin özünə meydan oxuyur.

2003-cü ilin oktyabrın 16-da Bakının mərkəzi küçələrinə axışan, sonra da Azadlıq meydanına yığışan kütlə seçicilər, vətəndaşlar və ya siyasi fəallar yox, pis idarə olunan kütlə idi. Çılğın, aqressiv bir kütlə.

Həmin kütlənin nə etmək istədiyi və ümumiyyətlə, nələr arzuladığını öyrənmək istəyənlər 16 il əvvəl çəkilmiş videokadrlara baxa bilərlər.

Əli Kərimli də məhz 16 il əvvəlki olayları yenidən yaşatmaq istəyir və onun oktyabrın 19-da olduğu kimi, noyabrın 2-də də "ön sıralarda olacağı" barədə vədləri məhz vətəndaş qarşıdurmasının yaranmasına, kütləvi iğtişaşlara təkana yönəlmiş cəhd kimi dəyərləndirilə bilər.

AXCP sədri bunu anlayır və qanun qarşısında məsuliyyət daşımamaq üçün istisnasız olaraq bütün çıxışlarında, Facebook paylaşımlarında, müsahibələrində dinc siyasi mübarizəyə tərəfdar olduğunu deyir.

Lakin son açıqlamalarında o, rolunu unudaraq dolayı etiraflar edib.

AXCP sədri və bloqer ABŞ-a sığınan, onun mətbuat katibi funksiyalarını həvəslə yerinə etirən, efirlərini faktiki olaraq Əli Kərimlinin təbliğatına və təşviqatına həsr edən Sevinc Osmanqızının YouTube kanalında o, "dinc aksiyaların tərəfdarıyıq, bizim fəaliyyətimizə maneələr törətməyə davam etsəniz, daha aqressiv, çox aqressiv qüvvələrlə üzləşəcəksiniz" söyləyib.

Bununla da Ə.Kərimli öz aləmində hakimiyyətə ultimatum və xəbərdarlıq mesajı yollayır, müxalifətin "andeqraund"unda aqressiv dəstələrin mövcudluğunu vurğulayır və onun üçün şərait yaradılmayacağı təqdirdə aqressivlərin meydana çıxacağını deyir.

Azərbaycan hakimiyyəti aqressiyanın pik həddində olanların çıxışını 2003-cü ildə gördü. Ə.Kərimlinin məntiqinə görə, həmin hadisələr zamanı hakimiyyət mənsubları bir nəfər kimi təşvişə düşməli, qorxmalı və ölkəni tərk etməliydilər.

Belə qüsurlu məntiq, xam xəyallarla zəngin şüur daşıyıcısı olmaq siyasətçiyə yaraşan davranış və yaşam modeli sayıla bilməz.

Çünki ortada hakimiyyət hərisliyinin pərdələnməmiş izharı var.

Ə.Kərimli anlayır ki, oktyabrın 19-da olduğu kimi, noyabrın 2-də də polis qanun çərçivəsində hərəkət edərək qanunun keşiyində duracaq. Çoxsaylı təxribatlara, söyüşlərə, bilavasitə vadaretmələrə rəğmən polis yenə maksimal dərəcədə dözümlü, anlayışlı və tolerant davranacaq.

Təbii, hər iki tərəfdən emosiyalarına hakim olmayanlar tapılacaq. Fəqət, unutmayaq ki, polis əməkdaşları arasında emosiyalara qapılanlar ciddi cəzalandırılırlar.

Polis aksiyalar zamanı aqressiyanın qarşısını almağa çalışır. Postsovet ölkələrinin bəzilərində isə asayiş keşikçiləri bunu bacarmırlar. Məsələn, Ukraynada qanunsuz etiraz aksiyalarından birində polis əməkdaşlarının kobudluğu nəticəsində etirazçılardan biri həlak olmuş, nəticədə nümayiş kütləvi aqressiya izharına çevrilmişdi.

Qoşulmama Hərəkatının Bakı forumu ərəfəsində diqqəti özünə cəlb etmək və eyni zamanda hakimiyyətdə sürətlənmiş kadr islahatlarına küçənin cavabını göstərmək üçün Ə.Kərimli tragifars təşkil etmişdi.

Bu farsın əsas məqamı onun saxlanması olmalıydı və Ə.Kərimli buna can atırdı.

Şou alınmadığından AXCP sədri və bloqer "Milli Şura" adlı marionet strukturun adından yeni mitinq keçiriləcəyini bəyan edib.

Onun fikrincə, noyabrın 2-dəki mitinq "hakimiyyət üçün sınaq" olmalıdır.

Olmayacaq, ola da bilməz, çünki xaotik, dağınıq və potensialı ilə hadisələrə təsir imkanlarını çoxdan itirərək virtuallaşmış radikal müxalifətin arqumentləri belə, absurddur.

Belə arqumentlər arasında ən populyarı "Hakimiyyət deyirsə ki, zəifik, mitinqlərimizə heç kim gəlmir, niyə şəhərin mərkəzində qoymurlar mitinq keçirək - zəifiksə, xalq bizi dəstəkləmirsə, niyə qorxurlar?!" formatındadır.

Əli Kərimli bu ifadəni sürəkli təkrarlayır.

Həddən ziyadə zəif iddia, ironiya doğuran məntiqdir və cavab da çox sadədir.

Hakimiyyət kimsədən qorxmur: qorxan hakimiyyət, ümumiyyətlə, olmur.

Şəhərin mərkəzində və ya başqa məkanlarda qanunsuz aksiyaların qarşısının alınması "Sərbəst toplaşma azadlığı haqqında" qanunun tələblərinin pozulması yox, o qanuna riayətin təminatıdır.

Sərbəst toplaşmaq və söz azadlığı ən böyük huquqlardan biri olmaqla yanaşı, həm də məsuliyyətdir.

ABŞ Ali Məhkəməsinin sabiq hakimi Oliver Uendell Holms demişdi: "Söz azadlığı ağzına qədər dolu teatrda tamaşa zamanı qəflətən "Yanğın! Yanğın!" qışqırmaq deyil. Bu qışqırıq kütləvi təşvişə və qurbanlara səbəb ola bilər".

Bakının mərkəzi məkanlarında da qanunsuz aksiyaların keçirilməsi, yaxud radikal müxalifətin istədiyi zaman istədiyi məkanın aksiya qismində təqdim olunması irreal xülyalar silsiləsindən olan demaqogiyadır.

Sivil, demokratik ölkələrdə şəhərin mərkəzi küçələri bir qayda olaraq etiraz aksiyaları üçün "tabu" məkanlar sayılır.

Belədirsə, Ə.Kərimli iddialarının sosial şəbəkələrdəki trollarına hesablanmış söz oyunu olduğunu etiraf etməlidir.

Əks təqdirdə o, siyasətin çağdaş kanonlarını bilmədiyini, yaxud da bilib üstündən keçdiyini etiraf etməlidir.

Siyasət Əli Kərimlinin fəaliyyəti deyil.

Əsla...

Elçin Alıoğlu Son.az