“Bacımı rəqs etməyə çağırdı, mən də irəli yeriyib...”


Kriminal 25 Okt 2019 19:59:00 324 0

“Bacımı rəqs etməyə çağırdı, mən də irəli yeriyib...”

Xaçmaz rayonunda toy məclisində dava salmaqda ittiham olunan 1982-ci il təvəllüdlü Yaşar Hüseynov və onun 1985-ci il təvəllüdlü qardaşı Cəmil Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az Teleqraf.com-a istinadən xəbər verir ki, 21 avqust 2018-ci il tarixdə, saat 19 radələrində Xaçmaz şəhərindəki "Ariz" şadlıq sarayında keçirilən toy şənliyində təqsirləndirilən şəxslərin əmiləri Bəkirzadə Hüseynov ilə Elvin Abdurəhmanovun arasında mübahisə olub. Mübahisə zamanı Elvin Bəkirzadə Hüseynovun ünvanına nalayiq ifadələr işlədib.

Cəmil Hüseynov araya girib və əmisini söyən Elvin Abdurəhmanovla mübahisə etməyə başlayıb. Cəmil Elvin Abdurəhmanovun göz nahiyəsinə yumruqla zərbə vurub.

Onların mübahisəsini kənardan Cəmil Hüseynovun böyük qardaşı Yaşar Hüseynov görüb. O, Elvin Abdurəhmanovu söhbət etmək bəhanəsi ilə şadlıq sarayının sağ kənarına aparıb. Orada Yaşar Hüseynov Elvin Abdurəhmanovu döyərək, ona bədən xəsarəti yetirib.

Yaşar Hüseynov barəsində Cinayət Məcəlləsinin 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır xəsarət yetirmə), Cəmil Hüseynov isə barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilən Elvin Abdurəhmanov bildirib ki, avqustun 21-də Teymurxan adlı şəxsin oğlunun toy məclisinə gəlib: "Orada həmkəndlilərimlə bir qədər spirtli içki qəbul etdik. Toy məclisində bacımla oynamaq üçün musiqiçilərə mahnı sifariş verdim. Musiqiçilərə nəzarət edən bacımın qayınatası Bəkirzadə Hüseynov sifarişimə imkan vermədi, mənim əyləşməyimi istədi".

Zərərçəkmişin sözlərinə görə, o da rəqs etməyərək yerində əyləşib: "Bir qədər sonra Bəkirzadə Hüseynov bacımı rəqsə dəvət etdi. Mən də bacıma yaxınlaşaraq Bəkirzadə ilə oynamağa icazə vermədim. Bəkirzadə üstümə gələrək şadlıq sarayından məni çıxarmağa çalışdı. Müdafiə məqsədi ilə onu itələdim, o da yerə yıxıldı.

Bəkirzadənin qardaşı oğlu Cəmil mənə yaxınlaşdı, kimin oğlu olduğumu soruşdu. Atamın adını dedim. Qəflətən sifət nahiyəmə kəllə ilə zərbə vurdu. Bu zaman şadlıq sarayından çölə çıxıb getmək istədim.

Mənimlə qohumluq əlaqələri olan, lakin əvvəllər ünsiyyət saxlmadığım Cəmilin qardaşı Yaşar Hüseynov mənə yanaşdı. Mənimlə söhbət etmək istədiyini və qohum olduğumuz üçün anlaşılmazlıq baş verdiyini dedi. Sonra məni şadlıq sarayının bayır hissəsinə apardı".

Elvin Abdurəhmanov bildirib ki, həmin vaxt orada bir neçə kənar şəxs də olub: "Həyəcanlı olduğumdan və xəsarət aldığımdan onların kimliyini xatırlamıram. Yaşar Hüseynovla bayıra çıxdıqda o, gözlənilmədən sifətimə iki yumruq vurdu. Sonra məni yerə yıxdı, özümdən getdim. Sonra müayinə olunmağım üçün dayım Məhəmməd məni Xaçmaz rayon Mərkəzi Xəstəxanasına apardı".