Azərbaycanda inqilab gedir, islahatlara


Siyasət 24 Okt 2019 09:43:00 277 0

Azərbaycanda inqilab gedir, islahatlara

Həyat yerində durmur, günlər dəyişdikcə gündəmin tələbləri də dəyişir və inkişafın şərtləri islahatları zəruri edir. Artıq zaman gənclərindir. Gərək gənclərə yol verək ki, onlar da yetişsinlər, inkişafımız bununla da uzunmüddətli və dayanıqlı olsun.

Gənclər elə yetişməlidir ki, gələcəkdə onlar ölkəmizi layiqincə idarə edə bilsinlər. Gənclər milli ruhda tərbiyə olunmalıdır. İndi siz də yaxşı bilirsiniz, bu qloballaşma adı altında, demək olar ki, bəzi ölkələrin, xalqların milli mənliyi elə bil, silinmək təhlükəsi ilə üzləşib. Qloballaşma adı altında eyniləşmə gedir, bəzi xalqlara yad olan dəyərlər aşılanır və biz buna müqavimət göstəririk. Biz elə gənclər yetişdirməliyik ki, onlar Vətənə, xalqa bağlı olsunlar, müstəqilliyi hər şeydən üstün tutsunlar. Ona görə də gənc kadrların qabağa çəkilməsi onlara imkan verir ki, həm təcrübə toplasınlar, həm də artıq yaşlı kadrlar öz məsləhətlərini verməklə onları düzgün yola istiqamətləndirirlər.

Azərbaycanda siyasi, iqtisadi, mənəvi və sosial mühit dəyişir, bu sahələrdə aparılan ciddi, köklü islahatlar nəinki davam edir - daha da sürətlənir. İslahatlar artıq nəticələrini verir. Gömrük və vergilər sistemində şəffaflıq təmin olunub, biznes dairələr üçün vahid qaydalar tətbiq olunub.

Bunu dövlət başçısı İlham Əliyev də bəyan edib.

Onun sözlərinə görə, Azərbaycanda sahibkarlığın inkişafı üçün vergilər stimulverici rol oynayır və nəticələr də göz qabağındadır. Bu il Vergilər Nazirliyi plandan əlavə təqribən 350 milyon manatdan çox vəsait toplayıb və əlbəttə ki, bu, şəffaflığın təzahürüdür. Təbii ki, bu vəsait bizə bu il çox geniş və ciddi sosial paket icra etmək imkanı verdi: "Deyə bilərəm ki, bu sosial təşəbbüsün analoqu bu günə qədər olmamışdır. Dörd milyon iki yüz min insan bu sosial təşəbbüsdən faydalanıb, minimum əməkhaqqı təxminən iki dəfə, minimum pensiya 70 faizdən çox artırılıb. Minimum pensiyanın alıcılıq qabiliyyətinə görə biz MDB məkanında birinci yerdəyik, amma orta pensiyanın səviyyəsinə görə üçüncü yerdəyik. Yəni, bu, doğrudan da çox böyük sosial təşəbbüsdür. Əlbəttə, əgər bizim maliyyə imkanlarımız olmasaydı, biz bunu edə bilməzdik".

Şübhə yoxdur ki, dövlətin qüdrətini hərbi gücü, siyasi imkanları ilə yanaşı, iqtisadi potensialı da müəyyənləşdirir. Azərbaycanın siyasi müstəqilliyinin, suveren diplomatiyasının da kökündə iqtisadi müstəqillik durur.

Postsovet məkanındakı bir sıra ölkələrdə olduğu kimi, Azərbaycanın da iqtisadiyyatı kənar güclərdən, bəzi ölkələrdən və ümumiyyətlə, idxalla kreditlərdən asılı olsaydı, ölkəmizin siyasəti heç bir halda uğur qazana bilməzdi.

Azərbaycan bu gün siyasi və iqtisadi baxımdan kimsədən asılı deyil, prinsipal siyasət yürüdür, xalqın maraqlarının təminatına yönəlmiş siyasətin məhvər prinsip olduğunu bəyan edir.

Bir daha vurğulayıram: dövlət maraqlarımızın beynəlxalq səviyyədə təminatı, qorunması üçün iqtisadi imkanlarımız yetərincə olmalıdır.

Qlobal miqyasdakı proseslərə diqqətlə baxsaq, əksər ölkələrin bu və digər şəkildə böyük dövlətlərlə beynəlxalq maliyyə təşkilatlarından asılı olduğunu görərik. Belə asılılıq dövləti marionetə, böyük dövlətlərin əlində alətə, beynəlxalq təşkilatların girovuna çevirir.

Kiçik dövlətlərə, inkişaf etməkdə olan ölkələrə ciddi təzyiqlər göstərilir və onlar əksər hallarda pressinqə davam gətirməyərək təslim olur, geri çəkilirlər.

Azərbaycana da sərt, ciddi, çoxyönlü təzyiqlər olub, var və əfsuslar olsun ki, davam edəcək. Fəqət, rəsmi Bakı indiyədək bu təzyiqlərə müqavimət göstərib, boyun əyməyib.

"Öz sözümüzü demişik və heç bir təzyiq, heç bir hədə-qorxu, heç bir təhdid bizim siyasətimizə təsir edə bilməz. Nə üçün? İlk növbədə, biz xalqın dəstəyinə arxalanırıq. Son müddət ərzində keçirilən rəy sorğuları göstərir ki, bizim hökumətimizə ictimai dəstək nə qədər yüksəkdir. O cümlədən Davos Ümumdünya İqtisadi Forumunun son hesabatında, - mən bunu səsləndirdim, - hakimiyyətə olan inam baxımından biz dünya miqyasında ön sıralardayıq. Ona görə iqtisadi müstəqillik bizim üçün əsas vəzifə olaraq qalır. Buna nail olmaq üçün biz gələcək illərdə çox böyük səylər göstərməliyik", - İlham Əliyev deyib.

Neft və qaz ehtiyatlarına gəldikdə isə, bunu "bəla" saya başabəla "ekspert"lərimizin dediklərinin tam əksinə olaraq, "qara qızıl" və "mavi yanacaq" ölkəmizin müstəqilliyini təmin edib.

İqtisadiyyatımızın əsasını neft-qaz hasilatı və emalı təşkil edir. Bu, faktdır və mənfi amil də deyil. Tam əksinə, məhz neft-qaz hasilatından və satışından əldə olunan gəlirlər hesabına Azərbaycanda infrastruktur layihələri reallaşdırıldı, 300 mindən artıq köçkün evlərlə və mənzillərlə təmin olundu, silahlı qüvvələrimiz gücləndirildi, böyük sosial layihələr yerinə yetirildi.

Neft və qaz olmasaydı, bunları necə edəcəkdik, nəyin hesabına inkişaf edəcəkdik? Heç bir ölkə, heç bir təşkilat nə bizə yardım edəcəkdi, nə də arxa duracaqdı. Beynəlxalq maliyyə qurumlarına gəldikdə isə, onların "yardım"larının və "güzəştli kredit"lərin sonralar nələrlə nəticələndiyini çox ölkələr öz acı təcrübələrində dadıblar.

1990-cı illəri xatırlasaq, görərik ki, həmin dövrdə maliyyə imkanları çox məhdud, iqtisadi-sənaye potensialı çox zəif Azərbaycan beynəlxalq maliyyə qurumlarından, böyük dövlətlərdən asılı idi. Həmin qurumlarla dövlətlər də bizə öz şərtlərini diqtə etməyə çalışırdılar.

Məhz bu səbəbdən iqtisadi müstəqillik İlham Əliyevin yürütdüyü siyasətin ana xəttini təşkil edir. Çünki bu, dövlətimizə güc verir, xalqımız təhlükəsizlik şəraitində yaşayır və biz ölkə üçün vacib olan bütün layihələri icra edirik.

İndisə neft və qaz satışlarından əldə olunan gəlirlərlə bağlı situasiya aktuallığını itirir. Çünki postneft dövrü yaşayırıq.

Ona görə yox ki, bizim neftimiz tükənir, əksinə bizim ehtiyatlarımız kifayət qədər yüksəkdir, o cümlədən qaz ehtiyatlarımız 2,6 trilyon kubmetrə bərabərdir. Yeni kontraktlar imzalanıb, kəşfiyyat işləri aparılır və neft-qaz sektorumuz bundan sonra da ölkəmizin həyatında önəmli rol oynayacaq.

"Ona görə mən indiki dövrü postneft-qaz dövrü adlandırıram ki, bizim siyasətimizdə bu sahə kənara qoyulmalıdır. Bu sahədə nə lazım idisə gördük, həm Bakı-Tbilisi-Ceyhan neft, həm Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Cənub Qaz Dəhlizi tarixi layihələrdir. Bunları biz görmüşük. İndi bu layihələrin faydasını biz və gələcək nəsillər görəcəklər. Ancaq biz iqtisadi inkişafımızı qeyri-neft sektoru üzərində qurmalıyıq", - İlham Əliyev deyib.

İqtisadiyyatımız dayanıqlı olmalıdır, inkişaf etməlidir.

Fəqət, inkişafın templəri qənaətbəxş sayıla bilməz. Doğrudur, neft hasilatının bir qədər aşağı düşməsi nəticəsində ümumi daxili məhsulda müəyyən dərəcədə yavaşıma var. Ancaq doqquz ayda ümumi daxili məhsul 2,5 faiz artıb, amma qeyri-neft sektorunda 3,5 faiz. Kənd təsərrüfatı 7 faizdən çox, qeyri-neft sənayesi 15 faizdən çox artıb.

Pis deyil, lakin dayanıqlı inkişaf üçün islahatlar daha da güclənməlidir.

İslahatlara alternativ yoxdur.

İlham Əliyev ölkənin yeni iqtisadi modeli haqqında öz andiçmə mərasimində fikirlərini aydın və konkret ifadə etmişdi.

Əsas konturlar o vaxt müəyyən olunub. Ondan sonra aparılan islahatlar, o cümlədən kadr islahatları bu məqsədi güdür. Kadr islahatları labüddür, bu, qaçılmazdır. XXI əsrdə köhnə təfəkkürlə uğurlara imza ata bilmərik. Əlbəttə, yeni, savadlı, bilikli, müasir kadrlar, ilk növbədə, Vətənə bağlı olmalıdırlar, hər hansı bir xarici təsirdən azad olmalıdırlar və vətənpərvər olmalıdırlar ki, Vətənin inkişafı üçün öz səylərini göstərə bilsinlər.

Adi bir fakt: Bu ilin doqquz ayında 100 mindən çox əmək müqaviləsi qeydiyyata alındı. Yəni, bu, nə deməkdir? Yəni, bu yüz min insan kölgə iqtisadiyyatında fəaliyyət göstərirdi. Onlar zərflərdə maaş alırdılar. Bəzi hallarda onlara yazılan aşağı maaş reallığı əks etdirmirdi. Bu, bizim iqtisadiyyatımızı təhlükə altına qoyur. Bir də ki, bu insanlar gələcəkdə pensiyaya çıxacaqlar. Bəs onların pensiya haqqı nəyin hesabına hesablanacaq?

Dövlət başçısı deyib: "Ona görə mən, o cümlədən muzdla işləyən vətəndaşlara da üz tutub deyirəm: bu işlərə baş qoşmayın. Əgər hansısa sahibkar sizə tutaq ki, 500 manat maaş verirsə və onun 250 manatını rəsmi qaydada verirsə, siz buna razı olmayın. Çünki sabah pensiya almayacaqsınız. Sosial sığorta problemi olacaq. Biz indi icbari tibbi sığortaya keçirik. Orada da problem yaranacaq. Əlbəttə ki, burada nəzarət daha güclü olmalıdır.

100 mindən çox iş yerinin rəsmiləşdirilməsi ilə bu iş yerlərini, o cümlədən o sahibkarların fəaliyyətini biz kölgədən çıxarırıq. Bu iş yerlərinin 80 faizi qeyri-neft sektorunda qeydiyyata alınıb. Hələ ki, ən azı on minlərlə insan indi, demək olar ki, bir növ kölgə iqtisadiyyatında fəaliyyət göstərir.

İnkişaf etmiş ölkələrdə ümumi daxili məhsulda əsas rolu kiçik və orta sahibkarlar oynayır. Bizdə isə hələ ki, belə deyil. Biz də çalışmalıyıq elə bir şərait yaradaq ki, hər bir istedadlı insan, biznesə meyli, həvəsi olan hər bir insan bizneslə məşğul ola bilsin, məmur təzyiqindən, müdaxiləsindən azad olsun".

Dövlət başçımız dedi: "Sahibkarlara yönəlmiş o çirkin əllər gərək kəsilsin. Bəzi hallarda dövlət məmurları, yerli icra orqanlarının rəhbərləri, nümayəndələri imkan vermirlər, xüsusilə bölgələrdə. Əgər indi kimsə özü üçün bir balaca iş qurursa, gəlib zəli kimi onun bədənindən yapışırlar, qanını sorurlar. Belə adamlara qarşı çox ciddi tədbirlər görüləcəkdir. Hüquq-mühafizə orqanları artıq məndən çox ciddi tapşırıq alıblar və siz nazir kimi çalışmalısınız ki, belə hallara yol verilməsin, əgər yol verilərsə, dərhal məni məlumatlandırın. Belə yaramaz məmurlara qarşı ən ciddi sanksiyalar və tədbirlər görüləcəkdir. Ona görə biz sahibkarlara nəfəs verməliyik ki, onlar rahat işləsinlər. Vergidən başqa heç bir ödəniş ola bilməz".

Azərbaycan iqtisadiyyatının digər yarası haqsız rəqabətdir.

Prezidentin bu problemlə bağlı açıqlaması işbaz, qanunu pozan məmurlara son xəbərdarlıq mesajıdır: "Buna təkan verən dövlət məmurlarıdır, hansıların ki, biznes maraqları var. Onlar öz imkanlarından istifadə edərək rəqibləri sıradan çıxarırlar, bəzi hallarda şərləyirlər. Elə şərait yaradırlar ki, onlar məcbur olub ya bizneslərini satsınlar, ya da ki, çıxıb getsinlər. Buna da yol vermək olmaz, heç kimdən çəkinmədən. Heç kim heç bir imtiyaza sahib ola bilməz. Bir imtiyaz var: vergini vermək, Vətənə ləyaqətlə xidmət etmək və pozuntulara yol verməmək".

Yetərincə aydın, aşkar və sərt açıqlama.

Azərbaycanda islahatlar davam edir və onlar sosial inqilab miqyasındadır.

İnqilabın lideri isə dövlət başçısı İlham Əliyevdir.

Elçin Alıoğlu Son.az