"Rüfət də elə bir xüsusiyyətə malikdir ki..."


Kriminal 21 Okt 2019 00:45:00 425 0

"Rüfət də elə bir xüsusiyyətə malikdir ki..."

Əziz Şahbazov: "Kamera arxasında özümü daha rahat hiss edirəm"

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Məktəb illərində qatıldığı KVN yarışları ona, seçəcəyi istiqaməti müəyyənləşdirməkdə kömək edib. Müsahibim rejissor Əziz Şahbazov ilk olaraq operator kimi işə başlayıb. Hesab edir ki, yaxşı rejissor olmaq üçün bu sənətin bütün incəliklərinə yiyələnmək lazımdır - aktyor oyunundan tutmuş operator işinə qədər. Daha sonra rejissor assistenti, ikinci rejissor və layihənin əsas rejissoru olaraq istəyinə doğru yol alıb. "Toydan sonra nağara" filminin rejissoru, "Aramızda qalsın", "Həyat sən nə qəribəsən" serialının ikinci rejissoru,  "Niyə?" serialının quruluşçu rejissoru kimi özünü tanıtmağa bacarıb. Hazırda isə ARB telekanalında yayımlanan "Baldız" serialının rejissorudur. 

- Aktyor olaraq daha çox tanınmaq, sevilmək imkanınız olduğu halda, nə üçün rejissor olmağa üstünlük verdiniz?

- Əslində hədəfim rejissor olmaq idi. Rejissor istədiyi nəticəni əldə etmək üçün aktyor qabiliyyətinə malik olmalıdır, əks təqdirdə aktyorla işləyə bilməz. Əbəs yerə türklər rejissora "yönətmən" - yəni idarə edən demirlər. Mən heç zaman məşhur olmaq həvəsində olmamışam. "Həyat sən nə qəribəsən" serialında ikinci rejissor olaraq çalışanda aktyor kimi bir obraz canlandırmağımı təklif etmişdilər. Yəni tanınmaq üçün bir neçə dəfə fürsətim olub. Ancaq kamera arxasında özümü daha rahat hiss edirəm. Hesab edirəm ki, aktyor kimi özümü bu qədər rahat hiss edə bilmərəm. 

- "Aramızda qalsın" serialı ilə hədəflərinizə doğru yol aldınız. Bəs sonra?

-  Bəli, arzularıma doğru gedən yolda ilk  işim "Aramızda qalsın" serialında rejissor assistenti oldu. Növbəti ildə serialın ikinci rejissoru olaraq çalışdım. Daha sonra "Həyat sən nə qəribəsən" serialında ikinci rejissor oldum. Beləliklə, layihələr biri birini əvəzlədi.    - Bəs ilk filminiz?

- İlk filmim Ramiz Hüseynzadənin baş prodüser olduğu "Toydan sonra nağara" layihəsi idi. Bu filmdən sonra mən tanınmağa başladım. Daha geniş imkanlara sahib oldum. Çox keçmədi ki, "Niyə" serialının çəkilişlərinə başladıq. Bu serialda mənə kimi iki rejissor dəyişmişdi və 5 seriyası çəkilmişdi, 25 seriyanı isə mən çəkdim. 30-cu seriyada bitirdik.    - Qardaşınız Rüfət Şahbazov da tanınmış rejissordur. Ancaq ikinizi bir layihədə görməmişik.

- Rüfət Şahbazov çox istedadlı, işinin peşəkarıdır. İndiyə qədər onunla bir layihədə yer almamışam. Yəqin ki, bunu ikimiz də istəməmişik.    - Səbəb?

- İstəmirəm kimsə desin ki, qardaşı ilə bir yerdə işləyir, qardaşı ona kömək edir və yaxud da ki, onun işini qardaşı görür və s. Çalışmışam ki, özüm nələrsə əldə edim. Düzdür, mənim bu sənətə gəlməyimdə qardaşımın çox böyük əməyi var. İndi də hər hansı bir iş görəndə bir böyük, peşəkar insan kimi ondan məsləhət alıram. Rüfət də elə bir xüsusiyyətə malikdir ki, işlərimə müdaxilə etmir, ondan məsləhət almasam, işimə qarışmır. 

- Əziz Şahbazov məşhurdur, yoxsa Rüfət Şahbazov?

- Əlbəttə ki, Rüfət Şahbazov.    - Axı siz bir çox prodakşnlarla, telekanallarda çalışıbsınız və çevrəniz daha genişdir.

- Onun gördüyü işlər daha çox uğur qazanıb, hər zaman öndə olub. Çəkdiyi filmlər uğur qazanıb, serialları reytinq toplayıb. Onun məşhur olması peşəkarlığının və  bəlkə də uzun müddətdir ki, eyni komanda ilə işləməsinin nəticəsidir.

- Qardaşınızdan fərqli olaraq siz daha çox komediya janrında film və seriallarda çalışıbsınız. Sizcə, komediyaya olan bu tələbat hardan qaynaqlanır?

- Kommersiya baxımından komediya filmləri daha çox uğur gətirir. Tamaşaçıya nəyi təqdim etsən, onu qəbul edəcək. Bu gün zamanın tələbi komediya filmləridir. Hazırda hər şey tələb üzərində qurulub.    - Özünüzü dram janrında sınamaq istəyərsinizmi?

- Əlbəttə, bundan sonra çox gözəl dram çəkmək istəyərəm. Ən böyük arzum isə detektiv janrlı film çəkməkdir. Dram janrında kinoteatra təqdim olunan filmlərimiz gəlir gətirmir. Bəzən deyirlər ki, bizdə dram yoxdur.   - Qeyd etdiniz ki, detektiv janrında film çəkmək istəyirsiniz. Sizcə, nə üçün bizdə bu janrda filmlər yaxşı effekt vermir?