Bakıda ailəli qadına vurulub, axırda da bıçaqlayıb öldürüb...


Kriminal 13 Okt 2019 11:56:00 254 0

Bakıda ailəli qadına vurulub, axırda da bıçaqlayıb öldürüb...

Bakı Ağır Cinayətlər Məhkəməsində sevdiyi qadını öldürən, sonra özü də intihara cəhd edən Ağsu rayon sakini, 37 yaşlı Fərhad Abuşovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Son.az virtualaz.org-a istinadən bildirir ki, hadisə bu il iyunun 7-də, Səbail rayonunun Bayıl qəsəbəsində baş verib.

İttihama görə, Fərhad Abuşovun sosial şəbəkədə tanış olduğu Kəmalə Mikayılova ilə aralarında sevgi münasibətləri yaranıb. O, ailəsindən ayrılaraq Kəmaləylə evlənmək istəyib. Lakin üç uşaq anası olan K.Mikayılova razılaşmayıb və ikinci dəfə ailə qurmaq niyyətində olmadığını deyib. F.Abuşov Kəmalənin onu aldatdığını, ailəsini dağıtdığını, indi isə birgə yaşamaq istəməmədiyini əsas tutaraq qadından qisas almaq qərarına gəlib.

Hadisə baş verən gün səhər saatlarında Kəmalənin evdən çıxdığını görüncə ona yaxınlaşıb, bir daha onsuz yaşaya bilmədiyini, evlənmək istədiyini deyib. Bununla bağlı aralarında mübahisə yaranıb. Mübahisə zamanı Fərhad cibindən çıxartdığı bıçaqla qadına çoxsaylı zərbələr endirib. Kəmalə yaralı vəziyyətə qaçaraq qonşu həyətə keçib, köməyə adam çağırıb. Onun öldüyünü güman edən F.Abuşov yaxınlıqdakı yarımtikili binanın həyətində yerləşən kranın üstünə çıxaraq özünü atmaq istəyib. Polis əməkdaşları tərəfindən aparılan profilaktik söhbətdən sonra intihar etmək fikrindən daşınıb və yerə düşüb.

K.Mikayılova aldığı xəsarətlərdən dünyasını dəyişib. F.Abuşov isə saxlanılaraq Səbail rayonu, 8-ci polis bölməsinə aparılıb.

Təqsirləndirilən Fərhad Abuşov ona elan olunmuş ittihamla özünü təqsirli bilib. Törətdiyi əməldən peşman olduğunu deyib. İfadəsində öz xalası qızı ilə 2004-cü ildə ailə qurduğunu, birgə nikahdan üç övladları olduğunu, Ağsudan paytaxta gələrək müxtəlif tikintilərdə fəhləlik etməklə ailəsini dolandırdığını göstərib. K.Mikayılova ilə 2016-cı ildə sosial şəbəkələrin birində tanış olan F.Abuşov bir müddət onunla dost kimi danışdığını deyib. Bir-birlərinə telefon nömrələrini veriblər, "whatsapp" da yazışıblar, şəkil göndəriblər. Fərhad Kəmalənin ailəli, 3 uşaq anası olduğunu öyrənib. Getdikcə aralarındakı dostluq sevgiyə çevrilib. İki il sevgili kimi danışıb görüşüblər. Kəmalə ilə isti münasibət qurması Fərhadı get-gedə ailəsindən soyudub. Hətta bir-birlərini çox sevdiklərindən evlənməyə belə qərar veriblər.

Ailəsinin yanına - rayona nadir hallarda gedib-gələn Fərhadla ailə üzvləri və qohumları arasında da soyuqluq yaranıb. Arvadı telefonda Kəmalənin şəkillərini gördükdən sonra ər-arvad arasında münasibət daha da pisləşib. Çox keçməyib ki, Kəmalənin də ailəsi onların gizli münasibətlərindən xəbər tutub. Bu səbəbdən bir müddət görüşməyiblər.

"Kəmalənin telefonunu əlindən almışdılar. Artıq telefon işlətmirdi. Gizlin görüşüb söhbət edirdik. Tez-tez onun yaşadığı ünvana sarı gedirdim, orada danışırdıq. Hər dəfə məni çox sevdiyini, ayrılmaq istəmədiyini deyirdi. Özüm də onu çox sevirdim, ayrılmaq  fikrim də yox idi"- F.Abuşov ifadəsində deyib.