Unudulmaz səslər: Oxu Xeyransa, oxu!


Kriminal 06 Okt 2019 14:42:00 344 0

Unudulmaz səslər: Oxu Xeyransa, oxu!

...1966-cı ilin 26 noyabrında çoxuşaqlı, yoxsul ailədə daha bir körpə dünyaya gəldi. Valideynləri 9-cu uşağın adını Xeyransa qoydular. O Xeyransa ki, şirin və məlahətli səsi-ifası ilə hamını heyran edəcək, lakin qısa və nisgilli bir ömür yaşamaqla hər kəsi qüssələndirəcəkdi... Son.az bildirir ki, Modern.az "Unudulmaz səslər" layihəsinə davam edir. Bu dəfə faciəli şəkildə dünyasını dəyişən, səsi ilə yaddaşlarda iz qoyan müğənni Xeyransa Məmmədəvodan söhbət açacağıq.

Son müsahibələrinin birində belə söyləmişdi: "Çox yox, kaş 50 il yaşayıb, planlarımı həyata keçirə bilsəydim...". 

Amma təəssüf, min kərə təəssüf ki, yaşaya bilmədi, amansız əcəl imkan vermədi...

9 uşağın sonuncusu Xeyransa Məmmədova 1966-cı il noyabr ayının 26-da  Bakıda anadan olub. Xeyransa ailəsinin sonbeşiyi - 9-cu övladı idi. Bakıdakı 232 nömrəli orta məktəbdə oxuyan Xeyransa elə kiçik yaşlarından səhnəyə çıxaraq, məşhurluq qazanmışdı. O, cəmi 29 il yaşaya bildi. Hətta 29 yaşını belə tamam edə bilmədi... Xeyransa Məmmədova kiçik yaşlarından şəkər xəstəliyinə tutulmuşdu. Uşaq vaxtı həyətdə həmyaşıdları ilə oynayarkən, bir itin qəfil hücumuna məruz qalmış və qorxudan şəkər xəstəliyi tapmışdı. O, 1977-ci ildə "Vətən" instrumental ansambılına qoşulmuşdu. Bunun ardınca "Oxu tar" musabiqəsinə qatılaraq, dalbadal uğurlar əldə etmişdi. Orta məktəbin 5-ci sinfində oxumasına baxmayaraq, "Vətən" instrumental ansambılının ən məşhur solisti idi.  1980-ci ildə isə böyük səhnəyə gəlmişdi. 14 yaşında - 6-cı sinifdə oxuyanda o vaxtkı "Lenin sarayı"nda (indiki Heydər Əliyev Sarayı-red.) təşkil olunan rəsmi tədbirdə səhnəyə çıxan Xeyransa Cahangir Cahangirovun "Ana Kür" mahnısını ifa etməklə bütün zalı coşdurmuş, ifası alqışlarla qarşılanmışdı. Ana Kür, yaşa Kür! Hələ neçə ömür yaşadacaq Könüllər səni. Bir gəlinsən yatağında, Təbiətin qucağında Nazənin Kür, gözəl Kür... O zaman konsertdə iştirak edən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi Heydər Əliyev səhnə arxasına keçib Xeyransaya xoş sözlər söyləmiş, onun haqda məlumat əldə edərək, xəstəliyi barədə öyrənmiş, ailəsi ilə də maraqlanmışdı. Müalicəsi üçün müvafiq göstərişlər vermiş, həkim ayrılmasını tapşırmışdı. Bu hadisə Xeyransaya daha da məşhurluq gətirmişdi.  Səid Rüstəmovun "Oxu tar", "Oxu gözəl", Cahangir Cahangirovun "Necə əl çəkim", Emin Sabitoğlunun "Azərbaycan, "Təklik", "Ay bülbüllər" və "Sarı bülbül" kimi mahnıları onun ecazkar  ifasında təkrarolunmaz idi... İllər sonra ailə həyatı quran Xeyransanın ən böyük arzularından biri ana olmaq idi. Xeyransa Məmmədova "Azkonsert"də sürücü işləyən gənclə ailə həyatı qurmuşdu. Ancaq həkimlər onun övlad dünyaya gətirməsinə qətiyyən icazə vermirdilər. Xeyransa isə qadağalara baxmadan ana olmağı çox istəmiş, bu yolda ölümü də gözə almışdı. Gənc müğənni övlad dünyaya gətirən zaman - 1995-ci il iyun ayının 2-də vəfat etdi və Bülbülə qəbirstanlığında torpağa tapşırıldı.

Səhnəmizin Sarı Bülbülü  

Yazıçı-dramaturq Firuz Mustafa 5 noyabr 1981-ci il tarixində o vaxtkı "Azərbaycan gəncləri" qəzetində Xeyransa Məmmədova hələ sağ ikən onun haqqında dərc etdirdiyi məqalədə yazırdı: "Kameranın soyuq "gözləri" səhnəyə tuşlandı. Yüzlərlə tamaşaçının nəzəri gur şüaların kəsişdiyi bir əlçim işıq zolağına dikildi. İşıq talasında adi geyimli, adi görünüşlü bir qız dayanmışdı. Qızı müşayiət edən ansamblın üzvləri qədim bir nəğmənin ilk melodiyalarını çalmağa başladılar. Uzaq yüzilliklərdən baş alıb kükrəyə-kükrəyə, qovrula-qovrula uzun bir yol gələn "Sarı bülbül" xalq mahnısının ecazkar misraları tamaşaçıların ürəyini riqqətə gətirdi. Azacıq əvvəl aparıcının elan etdiyi mahnının və müğənninin adına etinasız yanaşanlar bir-birlərindən soruşmağa başladılar: "Oxuyan kimdir?", "Müğənninin ad-familiyası necədir?". Tamaşaçıların bəziləri çiyinlərini çəksələr də, balaca müğənninin adını xatırlayanlar oldu: "Xeyransa... Məmmədova..." Xeyransa isə artıq səhnəni, salonu, kameraların "zəhmli baxışını" unutmuşdu. O, oxuyur, oxuduqca da özü üçün sirli olan bir suala sanki yenə - yüzüncü, mininci dəfə cavab axtarırdı:

Nədən hər yerin əlvandı, Köksün altı sarı, bülbül!

Bu suala cavab vermək onun üçün riyaziyyat dərslərindəki məsələ və misalların həllindən qat-qat çətin idi. Sonra sarayın geniş salonunda alqış sədaları qopdu. Xeyransa tamaşaçıların üzlərini aydın seçə bilməsə də onu yenidən səhnəyə çağırmaq üçün havada oynayan əlləri görürdü... Xeyransa Suraxanı qəsəbəsindəki Orconikidze adına mədəniyyət sarayının "Vətən" ansamblına üzv yazılanda cəmi 8 yaşı vardı. Kollektivin bədii rəhbəri Elxan Müzəffərov balaca qızın qeyri-adi həvəs və istedadını görüb onunla ciddi məşğul olub. Daha sonra... Xeyransa deyir: - Daha sonra bir neçə dəfə "Oxu, tar" müsabiqəsinin qalibi oldum. Lakin Azərbaycan Kommunist Partiyasının XXX qurultayı iştirakçıları üçün verilən konsertdə çıxış etdiyim günü heç vaxt unutmayacağam. Konsertdən sonra Sov.İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd, Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev yoldaş məni təbrik elədi... 1981-ci ilin fevral ayında isə Xeyransa Məmmədova Yerevan şəhərində məktəblilərin Ümumittifaq müsabiqəsində birinci yeri tutaraq, "Ən yaxşı ifaçı" üçün xüsusi prizə layiq görüldü. 13 yaşlı müğənni Bakıdaki Bülbül adına orta ixtisas musiqi məktəbində respublikanın əməkdar artisti müğənni İslam Rzayevin sinfində təhsil alır. - Sevdiyim mahhı çoxdur: "Ana Kür", "Qərənfil", "Oxu, tar", "Qəşəngdir"... Son zamanlar "Mənim dünyam" və "Necə əl çəkim" mahnılarını öyrənmişəm... Xeyransa Məmmədova Moskva, Kiyev, Xarkov, Yerevan və Tbilisi şəhərlərində də çıxış edib. O, hər gün musiqi həvəskarlarından çoxlu məktublar alır. Aldığı məktubların sayı 1000-i çoxdan keçib. O, boş vaxtlarında pianoda, qarmonda, nağarada müxtəlif mahnıların oynaq ritmlərini çalmağı xoşlayır. Nəğmələr Xeyransanı qanadlandırır. O, daha yüksək uçuşlara hazırlaşır".

Əfsuslar ki, bu uçuşlar gerçəkləşmədi...  

Modern.az saytı Xeyransa Məmmədovanın sənət yoldaşlarının onunla bağlı xatirələrini təqdim edir. Xeyransanın yaxın rəfiqəsi  Mərhum ifaçının yaxın rəfiqəsi olmuş respublikanın Əməkdar artisti Nuriyyə Hüseynovanı eşidək:  

"1980-ci illər idi. Bu ərəfələrdə tez-tez ölkədə müsabiqələr keçirilirdi. Hamımız rayon uşağı idik. Elə müsabiqəyə də rayondan seçildik və Bakıya gəldik. Xeyransa ilə də ilk tanışlığımız indiki Heydər Əliyev adına Respublika Sarayında məşq zamanı oldu. Balaca, sakit  bir qız idi. Xeyransa məndən 3 yaş böyük idi. Ancaq içərilərində ən hündürü mən idim. Məni heç kim 5-ci sinif şagirdi kimi görmürdü. Artıq biz seçilmişdik və mən birincilik qazanmışdım. Müsabiqənin şərtlərinə görə 1, 2, 3-cü yerləri qazanan uşaqlar ayrı-ayrı salonlarda konsert verməli idilər. Məhz mən birinci yer qazandığım üçün sarayda konsert verdim. Konsertləri uğurla verdik.  O zaman Bülbül adına Orta İxtisas Musiqi Məktəbində  xanəndəlik sinfi açıldı. O vaxta kimi belə bir sinif açılmamışdı. O sinfə müəllim olaraq İslam Rzayevi və tələbə  kimi Xeyransa Məmmədovanı götürdülər. İslam Rzayev bu sinfin müəllimi kimi xanəndəlikdən dərs deməyə başladı. Mənə də çox təkid etdilər ki, burda qalıb təhsil alım, lakin valideynlərim icazə vermədi. Mən öz rayonumuza geri qayıtmalı oldum".

Nuriyyə Hüseynovanın səzlərinə görə, 1981-ci ildə yenidən müsabiqə keçirildi:

"Mən 2-ci dəfə yenidən müsabiqəyə qatılmalı oldum. Birinci il keçirilmiş müsabiqənin qalibləri yenidən sarayda yekun konsert verməli idilər. Xeyransa da orada idi, çox istəyirdim ki, ona yaxınlaşım, tanış olum. Buna nail oldum və sonra biz rəfiqə olduq. Dövlət adamalarının təkidi ilə mən Bakıda qalası oldum, təhsilimi Bülbül adına Orta İxtisas Məktəbində davam etdirməliydim. Onda Xeyransa artıq 2 il idi ki, orda təhsil alırdı. Bizim hər ikimizin müəllimi İslam Rzayev idi. Sonradan Şövkət Ələkbərova və Arif Babayev də bu musiqi məktəbində dərs deməyə başladı. Üç görkəmli sənətkar bizə dərs deyirdi. O zamanlar  tələbə ilə müəllim arasında  səmimi bir münasibət var idi. Məktəbin direktoru Üzeyir Hacıbəylinin nəslindən olan Nazim Əlverdibəyov idi. Nazim müəllim bizim hər birimizə o qədər xoş münasibət bəsləyirdi ki, belə deyim nazımızla oynayırdı".

İslam Rzayevin ən yaxşı tələbəsi

(adsgarden = window.adsgarden || []).push({});