Yaddan çıxmış sənətkarlar: “Bulaq” səsli aparıcı


Kriminal 06 Okt 2019 13:08:00 288 0

Yaddan çıxmış sənətkarlar: “Bulaq” səsli aparıcı

Onu Azərbaycan radiosunda "Bulaq" verilişini dinləmiş hər kəs yaxşı xatırlayır. "Bulaq" verilişinin qızıl səsli aparıcısı teatrda da yaddaqalan obrazlar canlandırıb - Nadya, Pəri, Yaxşı, Gülüş, Turac, Sona... saymaqla bitməyən xarakterik rollar.

Son.az bildirir ki, Modern.az "Yaddan çıxmış sənətkarlar" layihəsində bu dəfə Xalq artisti, görkəmli aktrisa Məhluqə Sadıqovadan bəhs edir.

Diş texnikliyindən səhnəyə...

Arayış: Məhluqə Ələsgər qızı Sadıqova 28 aprel 1917-ci ildə Şuşa şəhərində doğulub. Beş il buradakı 1 saylı qız məktəbində oxuyub. 1930-cu ildə ailəsi Bakıya köçüb və Məhluqə xanım 6 saylı məktəbdə yeddinci sinfi bitirib. O, 1936-cı ildə Bakı Tibb Texnikumunun diş texniki fakültəsini qurtarıb. Tibb təhsili alanda rəqs və dram dərnəklərində məşğul olub.

Məhluqə Sadıqova 1936-cı il sentyabr ayının 27-də Akademik Milli Dram Teatrının truppasına işə götürülüb. Aktrisa 54 il bu teatrda çalışıb.

Məhluqə xanım Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında üslub və forma, məzmun və mahiyyət, estetik dəyər və psixoloji tutum baxımından bütün janrlarda hazırlanmış tamaşalarda iştirak edib. Aydın və səlis diksiyası, ifadəli səhnə danışığı aktrisanın oynadığı rollara dolğunluq və bütövlük gətirib. O, 40 ildən çox radionun "Bulaq" folklor-etnoqrafik verilişinin aparıcılarından biri olub. Öz oyununda xarakterik ifadə vasitələrinə üstünlük verən Məhluqə Sadıqova "Oqtay Eloğlu", "Solğun çiçəklər", "Almaz", "Sevil", "Dönüş", "1905-ci ildə", "Göy quş", "Skapenin kələkləri", "Pəri cadu", "Vaqif", "Fərhad və Şirin", "Xanlar", "Günahsız müqəssirlər", "Şeyx Sənan", "Qış nağılı", "Vanya dayı", "Şeytanın şagirdi", "Nazirin xanımı", "Lənkəran xanının vəziri", "Qadın faciəsi", "Yalan", "Atayevlər ailəsi", "Şöhrət və ya unudulan adam" və digər səhnə əsərlərində mükəmməl obrazlar yaradıb. Yaşı ilə əlaqədar "Azdrama"dan uzaqlaşdırılan aktrisa 1992-ci ildə o vaxt yenicə yaradılan Bakı Bələdiyyə Teatrına dəvət alaraq, orada fəaliyyət göstərib.

Məhluqə Sadıqovanın sənətdə göstərdiyi xidmətlər yüksək qiymətləndirilib. O, 1949-cu ildə Əməkdar artist, 1978-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.  

Aktrisa 2003-cü il avqust ayının 15-də Bakıda vəfat edib.  

Məhluqə xanımın həyat yoldaşı  - xalq artisti Ələsgər Şərifov da Azərbaycanın tanınan  aktyor və rejissorlarından biri idi. Onların Ceyhun, Yalçın və Natəvan adlı üç övladları dünyaya gəlib. Ceyhun Şərifov bir neçə il AzTV-in idman şərhçisi kimi fəaliyyət göstərib. Yeri gəlmişkən, Ceyhun kinoda da çəkilib, həm də Azərbaycanın məşhur filmlərindən birində - "Ögey ana"da. Həmin filmdə İsmayılın dostu Dadaş Ceyhun Şərifov olub. Məhluqə xanımın övladlarından böyük oğlu Ceyhun və qızı Natəvan Şərifovların Bakıda, digər oğlu Yalçının isə Amerikada yaşadığı bildirilir. 

"Bulaq" verilişinin qızıl səsli aparıcısı Səhnəmizə Azərbaycan qadınının sadə və təmkinli danışığını, şirin ləhcəsini gətirən Məhluqə Sadıqova XX əsr milli mədəniyyətimiz tarixində məharətli bədii qiraət ustası kimi də tanınmışdı. Qeyd etdiyimiz kimi, o, 40 ildən çox Azərbaycan radiosunun "Bulaq" folklor-etnoqrafik verilişinin aparıcılarından biri (digər aparıcı Səməndər Rzayev idi) olub. "Bulaq" verilişi 1969-cu ilin oktyabrında açılmışdı. O zaman çox aparıcılar sınanıb saf-çürük olunduqdan sonra Məhluqə Sadıqova və Səməndər Rzayev "Bulaq"ın səsi kimi qəbul edilmişdi. Hər bazar günü eyni vaxtda  saat 19.30-da efirə çıxan bu veriliş Azərbaycan dinləyicisini öz sehrinə salaraq, onun yaddaşındakı bütöv xalq və qədim millət duyğularını oyadırdı. Efirə yeni dil, yeni danışıq tərzi, əsl xalq ruhunu gətirən "Bulaq" milli şüurun dirçəlişinə öz misilsiz töhfələrini verirdi. Məhluqə xanım özünün dərin təsir gücünə malik, emosional və bənzərsiz səsi sayəsində tükənməz xəzinə olan xalq yaradıcılığını Azərbaycan dinləyicisinə sevdirməsi ilə yaddaşlarda silinməz iz qoyub.

"Onu Amaliya Pənahova səhnəyə qaytardı"  

Uzun illər Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Məhluqə Sadıqova ilə çiyin-çiyinə çalışmış Xalq artisti Rafiq Əzimov görkəmli aktrisa haqqında xatirələrini Modern.az-la bölüşüb:  

"Məhluqə xanım Şuşada anadan olub, atası dünyasının dəyişdikdən sonra maddi çətinlik çəkdikləri üçün Bakıya köçüblər. Bakıda Tibb məktəbində təhsil alıb, diş texnikliyini öyrənib. Tibb məktəbində oxuyanda özfəaliyyət dərnəklərində çox fəal iştirak edib. Məhluqə xanımın çox gözəl səsi vardı. Elə Tibb məktəbində oxuduğu vaxt mərasimlər, şənliklər olardısa, onu seçərdilər ki, həm rəqs etsin, həm də oxusun. Məhz bu istedadı onu müsabiqə yolu ilə Akademik Milli Dram Teatrına gətirib çıxardı. Burada ilk rolu da Mirzə Fətəli Axundzadənin "Aldanmış Kəvakib" povestinin motivləri əsasında Cananın Şahnamə əsərində paxıl qadın obrazı olub. Bu roldan sonra zaman-zaman müxtəlif rejissorlarla işlədi. Deyərdim ki, ən sevdiyim rolu "Solğun çiçəklər" tamaşasındakı "Pəri" obrazı idi. Həmin personajı o çox məharətlə ifa edirdi. Dram teatrınınn səhnəsində 400 dəfədən artıq "Pəri" kimi  səhnəyə çıxıb. Onun həyat yoldaşı Ələsgər Şərifov da bu teatrda uzun illər sənətkar kimi çalışıb. Məhluqə xanımla bir çox tamaşalarda tərəf müqabili olmuşam. Onun üçün janr müxtəlifliyinin fərqi yox idi.  Həm satirik, həm də dramatik obrazları çox mükəmməl canlandırırdı".

Rafiq Əzimov deyir ki, aktrisa Rusiya və Qərb dramaturgiyasındakı obrazları elə məharətlə canlandırırdı ki, danışığı, hərəkətləri seçmək olmazdı ki, o, Şərq qadınıdır:

"Çox nadir hallarda görünər ki, xarakterik aktrisalar bütün obrazları rahatlıqla canlandıra bilsin. 90-cı illərdə bir çox aktyor, aktrisalarımızı Dram Teatrından uzaqlaşdırdılar. İndinin özündə də həmin hadisə bizim qəlbimizdə acılı hadisə kimi qalır. Həmin illərdə bir çox istedadlı, qocaman sənətkarlarımız tetrdan uzaq düşdülər ki, onların arasında Məhluqə xanım da var idi. Lakin sağ olsun Amalya xanımı, 1992-ci il noyabrında Məhluqə Sadıqovanı Bələdiyyə teatrına dəvət etdi. Orada çalışdığı illərdə Məhluqə Sadıqova bir sıra obrazları çox ustalıqla canlandırıb. Bələdiyyə teatrının Türkiyəyə tez-tez səfərləri olurdu. Biz eşidirdik ki, yaşının çoxluğuna baxmayaraq, Məhluqə Sadıqova böyük həvəslə həmin səfərlərdə təşkil olunan tamaşalarda çıxış edir".

"Yeganə aktyor mən idim ki, evlərinə qonaq getmişdim"

"Məhluqə Sadıqovanın həyat yoldaşı Ələsgər Şərifovun 70 yaşı olanda evlərindəki yubiley tədbirinə məni də qonaq çağırdılar. Onu da deyim ki, teatrda işləməklərinə baxmayaraq, heç kimlə gəliş-gedişləri yox idi. Evlərinə ilk dəfə getməyimə rəğmən, həmin yubileydə özümü o qədər rahat hiss elədim ki, sanki öz evimdəyəm. Məhluqə xanım evdə tetrdakından da mehriban, gülərüz idi. Ələsgər müəllimin mənlə arası yaxşı olduğuna görə, teatrdan tək mən dəvətli idim. Bilmirəm elə bəlkə də seçilən qonaq olduğum üçün bütün məclis boyu ər-arvad mənə xüsusi diqqət ayırmışdılar. Ələsgər müəllim Məhluqə xanıma "Məşəd Məhluqə" deyirdi. Cütlük kimi münasibətləri çox əla idi. Onları tanımayan da kənardan baxanda başa düşərdi ki, aralarında səmimi münasibət var".

"Kənardan baxan onu düzgün qiymətləndirə bilməzdi"

Məhluqə Sadıqova ilə Bələdiyyə teatrında çalışmış Əməkdar artist Mahirə Yaqubova da onunla bağlı xatirələrindən danışıb: