Alim Qasımovla müsahibə: "O olmasa, mən də Alim olmazdım" FOTO


Kriminal 01 Okt 2019 11:07:00 256 0

Alim Qasımovla müsahibə: "O olmasa, mən də Alim olmazdım"  FOTO

Dünya cazının nəhəng səsi Byork (İsland əsilli müğənni, mahnı yazarı, multi-instrumentalist, prodüser - red.) bu günlərdə maraqlı açıqlama verib. Ən çox dinlədiyi musiqiçinin Alim Qasımov olduğunu söyləyib. Bəli, Azərbaycan musiqisinin xəzinəsi, sevimli sənətkarımız Alim...

Son.az publika.az-a istinadla xanəndə ilə səmimi söhbəti təqdim edir:

- Alim olmaq çətindir?

- Mən alim deyiləm, bisavadam.

- Məncə, ən vicdanlı alimsiniz.

- Nə deyim?!

- Sirlərinizdən deyin. Elə bir ifanız varmı ki, yalnız tanrı ilə öz aranızdadır, kimsə ilə bölüşmək istəməzsiniz?

- Məşq zamanı, hazırlıq vaxtı zümzümə edirsən, elə improvizələr üzə çıxır ki, çalışırsan onu təkrarlayıb dinləyicilərə də göstərə biləsən. Bu, elə bir zövqdür ki, insanları məhrum qoymaq istəmirsən. Etiraf edirəm ki, sənət yolumda özümün özümdən öyrəndiyim çox şey olur.

- Öyrətməkdə necə, qısqancsınız?

- Hər səfərində qısqanclıqla başlayıram. Elə ki, cezm oluram, hətta bilmədiklərim də qopur dilimdən. Onsuz da səs yazılarım var. Öyrətməsəm də gedib dinləyəcəklər. Həddən artıq qısqanclıq olsaydı, ifalarımı çərçivələyərdim. Bəli, sənətimə qarşı qısqancam, amma daim bu duyğu ilə mübarizə aparıram. İnanırsınız, bu günədək studiyada çox az hallarda səs yazdırmışam. İfalarımın böyük əksəriyyəti canlı konsertlər, məclislər, toylarda lentə alınıb. Ona görə rahat deyə bilərəm ki, sənət qısqanclığımı yuyub aparıb.

- Alim bəy, tarixən çox ağır əsərlər yazılıb ki, musiqiçilər ona yaxın durmağa cəsarət etməyiblər. Hətta bir neçə dirijor orkestri idarə edərkən ürəkləri dayanıb. Elə bir əsər varmı ki, sənətinizin əzəmətinə rəğmən, dilə gətirməyə qəlibiniz dözməyib?

- Ümumiyyətlə, oxumaq istədiyim çox əsər olub. Məsələn, rəhmətlik Şəfiqə Axundovanın "Bu ayrılıq nədən oldu" mahnısı. Dəfələrlə məşq etmişəm, sözlərini əzbərləmişəm. İstədiyim halda, əhvalda oxuya bilmədiyimə, ifamın ruhuma cavab vermədiyinə görə illərdir, elə sakit də qalıb. Türk sənətçiləri də bu əsəri orkestr ilə çox maraqlı ifa ediblər deyə yalnız tar və kamança ilə o eşqi ala bilməmişəm. Yəqin bu səbəbdəndir ki, hələ də gözləyirəm. Belə çox mahnılar var. Bəziləri var ki, çox qəlizdir. Məsələn, Zəki Mürenin bir neçə əsəri var. Çoxdan əzbərləmişəm, özüm üçün zümzümə edirəm, amma studiyaya gedib lentə aldırmaqda tərəddüd edirəm. Bilirsiniz, bizdə musiqi aləti də azdır. Tar, kamança, dəflə həmin orkestr səslənməsinə nail ola bilmərik. Siz deyən kimi çox mahnı var ki, niyyətlənirəm, amma son nəticə ruhumu oxşamadığı üçün bölüşməyə cürət etmirəm.

- Alim Qasımov üçün ən doğma ətir hansıdır? Hansı ifanızda o ətiri daha çox duyursunuz?

- Qızıl gül ətri. Allah o gülü çox gözəl yaradıb. Peyğəmbərimiz də ətrini çox sevib. Ən çox namaza gedəndə təbii ətirlərdən istifadə etməyi sevirəm. İfalarıma gələndə isə bu həmin məqamdakı halımdan və səsimdən asılıdır. Səsim halımla danışa bilirsə, o ifaların hamısında eşq, təmiz aura, aydın fikir və qızıl gül ətri var. Əlbəttə, Çahargahın bərdaştı bir aləmdir. Şurun, rastın şirin məqamı da var, çətini də... Hamısı əzizdir, doğmadır. Ona görə ayrıseçkilik etmək istəməzdim.

- Bəs fəsillərin dəyişkənliyi əhvalınıza təsir edir?

- İstini çox sevirəm. Üşüməsəm, payız da yaxşıdır.

- Çox həzin cümlə oldu.

- Amma bir məqam da var ki, fəsilləri olduğu kimi yaşamağı sevirəm. Bir dəfə Peterburqa getmişdim. Qar yox idi. Hər yer yağış, palçıq içində... O vaxtdan Rusiyaya nə qədər dəvət alıram, hamısına deyirəm ki, qoy qış gəlsin, qar yağsın gələcəm. Digər yandan baxanda isə, axı bütün fəsillər əzizdir. Hərəsinin bir aləmi var. Bizim xarakterimizdə problem varsa, buna fəsil neyləsin?!

- İfalarınızı fəsillərə bölürsünüz?

- Bunu dərinliyinə qədər bilmirəm. Amma musiqidə belə bir bölgü var. Məsələn, humayunun ayrı fəlsəfəsi var, Bayatı Qacarın, Şurun, rastın öz əhvalı var. Hərəsi insana bir fəsli yaşadır.

- Ana təbiət ürəyinizə payızı tez-tez gətirir?

- Bu əsəb ki var, o hamının canındadır. İstəyirsən, yaradıcı insan ol, istəyirsən fəhlə ol. Lap evdar qadınsan, fərq etməz. Hamımızın küsdüyü məqamlar olur. Bir də baxırsan qadın deyir, bu nə həyatdır, ömrüm mətbəxdə bozbaş bişirməklə keçir. Hər kəsin ürəyində bir naşükür şeytan yatır. Bəzən ona qalib gəlmək mümkün olmur. Təbii ki, mən də insanam. Allah bir tikə səs verib. Əvvəllər deyirdim, 60 yaşdan sonra oxumaram. 60-dan sonra gördüm, yox, səs gəlir axı... Qərara gəldim ki, səsim özü imtina edəndə, susacam. Bəli, yarpaqlarımız solur, amma bahar da gəlir.

- Bahar gəlirsə, sevgi də yenidən tumurcuqlayır. Sizin üçün sevmək asandır, yoxsa sevilmək?

- Allah xalqımızı qorusun. Sənətkarların özünə, sənətinə məxsusi simpatiya duyanlar var. Bu, ləzzətli duyğudur. Hətta miqdarı çoxaldıqca "qudurursan", bezirsən. İnsan belə məxluqdur. Hər şeydən bezir. Lakin bunu sevənlərinə bildirməməlisən. Bəzən ağır konsert proqramından halsız, yorğun çıxırsan. Bir uşaq yaxınlaşır ki, şəkil çəkdirmək istəyirəm. Mütləq çəkdirirəm. Hətta yanımdakılar da etiraz edir. Deyirəm, yox, bu elə bir sevgi, elə doğma istəkdir ki, mütləq qarşılıq verməliyəm. Hərdən deyirəm ki, 40 ildir pəhrizdəyəm. Əlimdə silah sənətin keşiyində durmuşam. 5 dəqiqəlik ifa üçün bəzən 3-4 gün yataqdan çıxmamışam. Xəstə yatağında müalicə alıb, sağalmışam ki, konsert vaxtı səsim sözümə baxsın. Bu zülümlərin tək şahidi Allahdır. O qədər zövqdən, adi yeməkdən, gəzməkdən imtina etmişəm ki, sənətim üçün, qazandığım sevginin əvəzini verməliyəm. Bu sevgi məni özümə qarşı hədsiz tələbkar edib. İllərdir öz istəklərimi, rahatlığımı unutmuşam. Bəzi sənətkar dostlara nəzər salıram. Elə sərbəst, elə rahatdırlar ki... Bugün necə oxuyacam, gözəl bacaracammı, səsim məni yarıyolda qoyacaqmı, düşünmürlər. Mən belə etinasız ola bilmirəm. Bəzən ifamda xırda bir qüsur sezirəm. Heç kim fərqinə varmasa da günlərlə içimi didirəm ki, niyə məndə alınmadı. Hətta son vaxtlar konsetim gözəl keçəndə, evə zəng vururam ki, şükür Allaha azad oldum. Axı xanımlar azad olanda bir rahatlıq gəlir onlara.

(gülürük)

- Bu doğulan əsərlər də bizə həzz verir.

- İnan ki, çox çətindir. Bəzən məni toya çağırırlar. Görürəm, halım yoxdur, o əhvalda deyiləm. Getmirəm. O da deyir, yəqin məni saymır, ona görə gəlmədi. Deyirəm, inciyir incisin, halım yoxdur, oxuya bilməyəcəm, getmirəm. Bilmir axı nəyin məsuliyyətini çəkirəm. Qazanc xatirinə sənətimi ucuzlaşdıra bilmərəm. Çünki özümü tanıyıram. İfamda nəyisə bəyənməsəm, neçə gün əsəbi gəzəcəm. Evdəkilərin də qanını qaraldacam. Bax, özümə qarşı bu tələbim xoşuma gəlmir. Daha doğrusu, zülümkaram.