"Əvvəl yumruqladım, sonra butulka ilə başına vurdum"


Kriminal 23 Sen 2019 13:07:00 267 0

"Əvvəl yumruqladım, sonra butulka ilə başına vurdum"

Abşeron rayonunda dəhşətli qətl törətməkdə təqsirli bilinən 1996-cı il təvəllüdlü Məzahir Şıxməmmədovun barəsində cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Son.az teleqraf.com-a istinadən xəbər verir ki, onun barəsində olan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Azər Paşayevin icraatına verilib. Bu iş üzrə yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, bu il martın 8-də Abşeron rayonu, "Gənclər Şəhərciyi" yaşayış kompleksindəki mənzillərin birində çarpayıda yanmış kişi meyiti aşkarlanıb.

Abşeron Rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri zamanı müəyyən olunub ki, yanğın zamanı dünyasını dəyişən Namiq Şıxməmmədovun sifət nahiyəsində sınıq xəsarətləri var.

Araşdırmalarla bu hadisəni mərhumun qardaşı oğlu Məzahir Şıxməmmədovun törətdiyi və izi itirmək məqsədi ilə mənzilə od vurduğu məlum olub. Hadisəni törədən şəxs yaşadığı Sumqayıt şəhərində saxlanılaraq Abşeron Rayon Polis İdarəsinə gətirilib.

Saxlanılan şəxs dəhşətli cinayəti spirtli içki qəbul etdikdən sonra törətdiyini etiraf edib. Cinayətin üstü mərhumun 4-cü mərtəbədə tapılan mobil telefonu vasitəsi ilə açılıb.