Kinoya bağlı ömür... FOTO


Kriminal 11 Sen 2019 17:25:00 237 0

Kinoya bağlı ömür...  FOTO

Bu gün Xalq artisti Muxtar Dadaşovun anadan olmasından 106 il ötür

Kino tariximizdə layiqli iz qoyan, dərin məzmunlu yaradıcılığı ilə yaddaşlarda əbədiləşən sənətkarlarımızdan biri də tanınmış rejissor, Xalq artisti Muxtar Dadaşovdur. Muxtar Dadaşov ustad operator olmaqla yanaşı, həm də kinorejissor kimi fəaliyyət göstərib. Onun lentə aldığı sənədli filmlər tariximizin əsl kino salnaməsidir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu gün Xalq artisti, kinorejissor, ssenarist, aktyor və operator Muxtar Dadaşovun anadan olmasının 106-cı ildönümü tamam olur.

O, 1913-cü il sentyabrın 11-də Bakıda anadan olub. Hələ erkən yaşlarından tale onun yolunu böyük sənət məbədindən salır. Belə ki, Akademik Milli Dram Teatrının səhnəsində görkəmli dramaturq Cəfər Cabbarlının "Sevil" tamaşasında Gündüz rolunu oynayır. Bu, onun həyatında yeni səhifələr açır. Qəlbində görkəmli sənət ustaları ilə bir yerdə çalışmaq arzuları baş qaldırır. 1929-cu ildə Gənc Tamaşaçılar Teatrında rejissor assistenti kimi fəaliyyətə başlayır. Eyni zamanda, tamaşalarda kiçik rollar oynayır. 1931-ci ildə kinostudiyada operator assistenti vəzifəsinə düzəlir. Bir sıra sənədli və bədii filmlərin lentə alınmasında iştirak edir. 1933-cü ildə ali operator təhsili almaq məqsədilə Moskvaya gedir. Orada da bir sıra filmlərin çəkilişində iştirak edir. Təhsilini başa vurduqdan sonra böyük ümidlərlə vətənə dönür, kinostudiyada operator işinə qayıdır. 1935-ci ildə "Rəqs edən bağalar" bədii filminin (Abdulla Şaiqin "Oyunçu bağa" hekayəsi əsasında) quruluşçu operatoru olur.

Dövrün mühüm ictimai-siyasi hadisələri onun lentə aldığı sənədli filmlərin əsas mövzusunu təşkil edib. "Ana yurdum, Azərbaycan", "Arazın o tayında", "Sabir", "Kür", "Səadət yolu ilə" və s. filmlərində vətənin əsrarəngiz təbiəti, tarixi şəxsiyyətləri kino dili ilə tərənnüm olunub.

O, kino haqqında danışanda deyərmiş: "Kino həyatın aynasıdır. Sabir demişkən, "düzü-düz, əyrini-əyri" əks etdirməyə qadir olan möcüzədir. O, mənən saf, canını sənətə fəda edən istedadlı və professional şəxslərin əlində olmalıdır". Doğrudan da, o, kinoya qəlbən bağlı olub. Ekran əsərlərində fərdilik qabarıq şəkildə görsənib. 1953-cü ildə lentə aldığı "Arazın o tayında" filmində qaldırdığı problem bütöv Azərbaycan ideyasından güc alıb.

Muxtar Dadaşov 1945-ci ildə çəkilən "Arşın mal alan" filmində operator köməkçisi olub. Xalq artisti Leyla Bədirbəyli bu filmin çəkilişlərindən söz düşəndə, Muxtar Dadaşovu aktyorun daxili aləminə nüfuz etməyi bacaran sənətkar kimi xarakterizə etmişdi. "Kəndlilər", "Yeni horizont", "Vətən oğlu", "Sualtı qayıq T-9" bədii filmləri də onun operator kamerası vasitəsilə həyata vəsiqə alıb.

Quruluşçu rejissor kimi isə debütü "Qanun naminə" bədii filmi olur. Xalq yazıçısı Süleyman Rəhimovun "Mehman" povesti əsasında çəkdiyi filmin ssenarisini də özü yazır. Filmdə baş rola kənardan aktyor (Şimali Osetiyadan Bimbulat Vatayev) dəvət olunsa da, ekran əsərində bir çox görkəmli sənətkarlarımız rol alıb: Adil İsgəndərov, Rza Təhmasib, Mustafa Mərdanov, Nəcibə Məlikova, Nəsibə Zeynalova, Hacıbaba Bağırov...