Yaşar Nuri haqda inanılmaz gerçəklər FOTO


Kriminal 04 Sen 2019 13:26:00 273 0

Yaşar Nuri haqda inanılmaz gerçəklər  FOTO

Dünən Xalq artisti Yaşar Nurinin doğum günü idi.

Son.az kulis.az-a istinadən bu münasibətlə aktyor haqda maraqlı faktları təqdim edir.

Aktyor Məmmədsadıq Nuriyevin ailəsində dünyaya göz açıb. Uşaq vaxtından aktyorluğa meyli varmış. Bunun da bir səbəbi var. Bir dəfə məktəb pəncərəsini sındırıb, direktor deyib ki, get atanı çağır, şüşənin pulunu versin. Atası məktəbə gələndə direktor onu tanıyır və xəcalət çəkir, Yaşarı da bağışlayır.

"Düşündüm ki, mənim kiçik xətamı, dələduzluğumu atama görə keçdilər, gərək mən də aktyor olam ki, böyüyəndə böyük xəta və dələduzluqlarımı da özümə görə keçsinlər. Özümə bələd idim axı" - sonradan Yaşar Nuri o günləri belə xatırlayacaqdı.

***

Sinif yoldaşları özlərini ona bənzətmək üçün dəridən-qabıqdan çıxır, saçlarını onun kimi darayır, Yaşarın hərəkətlərini yamsılayırdılar.

***

12 yaşında "Toy kimindir?" tamaşasına baxmağa gedib. Tamaşaya az qalmış rejissor əsəbiliklə deyir ki, bəs deməzsənmi, Tapdıq rolunu oynayan aktyor xəstələnib. Aktyorlardan biri deyib, Məmmədsadığın oğlu burdadır, tamaşanı da əzbər bilir, neçə dəfə baxıb, bir yoxlayaq onu. Yaşar bu gözlənilməzliyə çox sevinib və rolun öhdəsindən gəlib. İlk dəfə atasıyla bir səhnəni paylaşıb. Həmin tamaşada Nəsibə Zeynalova, Lütfəli Abdullayev kimi aktyorlar da vardı...

***

Tələbə vaxtı artıq populyar idi. Ətrafında qızlar pərvanə kimi dolanırdı. Yaşar isə qızların heç birinə fikir vermirmiş. Anasının sözünü qulağında sırğa edibmiş: "Sənə qızı özüm tapacam". Elə də olub. Qız da kim ola? Konservatoriyada təhsil alan Rəhimə adlı uzaq qohum. Yaşar Nuri qızın izinə düşür, bir-iki gün arxasınca gedir, axırda bezib qızın yolunu kəsir və ona deyir:

- Bilirsən, nə var? Vaxt yoxdur ssenari qurmağa, bütün günü səhnədə ssenari ilə oynayıram. Evlənirik. Vəssalam.

Cavabı nə oldu? Yaşar Nuriyə hansı qız "yox" deyə bilərdi ki?

***

Evlənən kimi Dram Teatrına işə dəvət olunur. Peşəkar səhnədə ilk rolu da vampir rolu olur.

***

Daha çox komik obrazları oynayıb. "Ac həriflər", "Yarımştat" kimi televiziya tamaşalarında rol alıb. Ancaq ona ən çox məşhurluq gətirən televiziya tamaşası "Səni axtarıram" olub. Firəngiz Mütəllimova ilə bir yerdə oynayıblar və deyilənə görə, bundan sonra aralarında sevgi münasibəti yaranıb.

***

Qızı Kulis.az-a müsahibəsində atasının Firəngiz xanımla münasibətinə bu cür reaksiya verib:

"Əgər onların arasında məhəbbət olubsa və yaxud da mənim atamın Firəngiz xanıma qarşı hisləri olubsa, bu gözəldir".

***