Serroz, sevgi, beşinci dəfə düz çıxan ölüm xəbəri


Kriminal 03 Sen 2019 20:14:00 261 0

Serroz, sevgi, beşinci dəfə düz çıxan ölüm xəbəri

Bu gün Yaşar Nurinin 68 yaşı tamam olur.

60-cı illərin əvvəllərində televiziyada, əsasən, uşaq verilişlərində gülərüz, şən, çılğın bir oğlan uşağı görünməyə başlayıb. Üzündə şeytan tükü varmış kimi onu kim görürmüşsə, dərhal ekran qarşısında sehrlənib qalarmış və özündən asılı olmadan simasında təbəssüm yaranarmış.

Yaşar Nurinin Buratinodan başlayan "macəraları"

Bir gün, iki gün... Bu oğlan efir ulduzuna çevrilməyə başlayır. Tamaşaçının gözü ekranda həmişə onu axtarır. Bu kim olar? - deyə dillərdə suallar dolanır. Kimin oğludur, görəsən? Bəziləri deyir Fazil Salayevə çox oxşayır, yəqin onun oğludur, digərləri tamam başqa bir sənətkarın oğludur, yaxud filan yazıçının qohumudur - deyir. Məktəblərdə həmyaşıdları özlərini ona bənzətməyə çalışırdılar, tellərini onun kimi darayır, onun mimikalarını yamsılayırdılar.

İllər keçir, televiziyaya ilk dəfə Buratino obrazı ilə çıxan və elə Buratino kimi simasından gülüş və səmimiyyət əksilməyən, tamaşaçısını da öz müsbət aurasına alıb aparan bu oğlan uşağı böyüdükcə daha çox efirlərə yaraşır, daha çox arzu edilirdi. Böyüdükcə efirdəki rolu da böyüyürdü, uşaq verilişlərindən böyük verilişlərinə keçirdi. İndi daha çox əyləncəli proqramlardakı səhnəciklərdə oynayırdı. O, tərəf müqabilləri olan böyük aktyorlardan zərrə qədər geri qalmırdı, hətta onların arasında belə fərqlənir, seçilməyə başlayırdı.

Məsələ sosiskada deyil e...

Artıq indiki İncəsənət və Mədəniyyət Universitetinin tələbəlik illəri arxada qalmışdı. Həmin cəlbedici, balaca oğlan kinolara çəkilirdi, teatr tamaşalarında oynayırdı, kifayət qədər tanınan və sevilən bir aktyor idi.

1982-ci ilin dekabr axşamında, o vaxtkı "Kommunist" nəşriyyatında işləyən dostu İlham Rəhimli ona zəng edir ki, sənə "əməkdar artist" fəxri adı verilib: "Qəzetdə siyahıda adını öz gözlərimlə oxudum, qəzet çapa gedir, sabah özün də görəcəksən".

Aktyor sevincindən sabahı gözləyə bilməyib, nəşriyyata gəlir. Çap prosesində olan qəzetin hazır səhifəsini götürüb baxır və sənə muştuluğa bir fransız köynəyi məndə - deyir. Sonra birdən gözləri dolur, rəngi tutulur: "Yazıq atam neçə il səhnədə külüng vurdu, bir quru ada da həsrət qaldı".

Səhər çalışdığı teatrda da onu hamı təbrik edirdi, amma axşamdan tutulan siması açılmırdı ki, açılmırdı. "Atam Vücudun halal payı mənə düşdü"-deyir.

Teatr aləmində Vücud ləqəbi ilə tanınan aktyor onun atası Məmmədsadıq Nuriyev, onun oğlu isə hamının sevimlisi aktyor Yaşar Nuru idi. Bu həmin Məmmədsadıq Nuriyevdir ki, Musiqili Komediya, indiki Milli Dram Teatrlarında çalışmaqla bahəm, həm də çox sayda Azərbaycan filmlərində qısa, epizodik obrazlar canlandırıb. Məsələn, "Uşaqlığın son gecəsi"ndə dostundan iki kilo sosiska təvəqqəsində olan Davud obrazını xatırlayın.

"Nə vaxt demisən ki, Davud, köpəyoğlu, al, bu iki kilo sosiskanı sənin üçün gətirmişəm. Özümün pulum var, alaram da, amma sən gətirsən, deyərəm dostum gətirib. Məsələ sosiskada deyil e, məsələ "vnimatelni" olmaqdadır".

Sənətkarlar üç cür olur - birincilər xalqın da yaddaşında qalır, xalq artisti fəxri adını da qazanır. İkincilər nə xalqın yaddaşında qalır, nə də fəxri ad üzü görürlər, üçüncülər fəxri ad üzü görməsələr də xalqın yaddaşında həmişəlik həkk olunurlar. Onların adı gələndə kimsə hər hansı bir obrazından sitat gətirməklə onu xa- 39 tırlayır və xatırladır. Məmmədsadıq Nuriyev üçüncü kateqoriya aktyorlardan olub. Kinoda, səhnədə müxtəlif obrazlar oynayıb, istedadlı və məhsuldar olub, nə yazıq ki, əməyi layiqli qiymətini almayıb, amma bu günə qədər də yaddaşlarda var. Onun övladı Yaşar Nuriyə "əməkdar artist" fəxri adı veriləndə ona görə aktyor əvvəl sevinib, sonra kədəri sevincinə qarışıb ki, atam bu ada həsrət köçdü dünyadan.

Yaşarın doğuluşu, yaxud niyə məhz Yaşar...

Məmmədsadıq Nuriyevin xanımı Rəfiqə evdar qadın idi, evdə dörd körpəyə baxırdı. İndi o iki qız və Yaşar Nurinin qardaşı müxtəlif sahələrdə çalışırlar, müəllimə, tibb bacısı, mühəndis. 1951- ci ilin 3 sentyabrında dünyaya göz açan Yaşarsa meylini aktyorluğa salmışdı.

Qəribədir, o vaxt "Sovetski"də böyüyən uşaqlar, ya "vor zakon" olmagı arzulardılar, ya da sənətkar-aktyor, rejissor, bəstəkar. Yaşar da aktyor olmaq istədi.

Bir dəfə oxuduğu 173 saylı məktəbin həyətində futbol oynayarkən, topla məktəb pəncərəsinin şüşəsini qırmışdı. Direktor tələb elədi ki, atan gəlsin və şüşənin pulunu ödəsin. Atası məktəbə gələndə isə direktor onu tanıyıb və aktyoru gülərüzlə qarşılayıb, pul da almadan yola salıb.

Özü müsahibələrində bu barədə belə deyir: "Düşündüm ki, mənim kiçik xətamı, dələduzluğumu atama görə keçdilər, gərək mən də aktyor olam ki, böyüyəndə böyük xəta və dələduzluqlarımı da özümə görə keçsinlər. Özümə bələd idim axı".

O vaxt Gəncə Teatrında işləyirdi, özü də məhz Yaşar dünyaya gələndə "Yaşar" pyesində Əliqulunu oynayırdı Məmmədsadıq Nuriyev. Ona görə də əvvəlcə oğlunun adını Əliqulu qoymaq istəyib, sonra düşünüb ki, elə arzusunda olduğu qəhrəmanın öz adını qoysun - Yaşar.

Yaşadığı məhəllənin uşaqlarından fərqli olaraq, sakit, məktəbə vaxtında gedib-gələn, yaxşı oğlan idi. 10-12 yaşı olarmış, yenə atası ilə teatra gedib. "Toy kimindir?" tamaşasının başlanmasına bir neçə saat qalmış rejissor deyib ki, Qoşunun oğlu Tapdıq rolunu oynayan aktyor xəstələnib. Hərə bir təklif verib. Aktyor İbrahim Hüseynov deyib ki, Məmmədsadığın oğlu o rolu əzbər bilir, çünki bütün tamaşalara baxıb, icazə verin oynasın, baxın. Balaca Yaşar bu təklifə o qədər sevinib ki, bir saatın içində bilmədiyi yerləri də əzbərləyib və axşam tamaşada uğurla oynayıb. Nəsibə Zeynalova, Lütfəli Abdullayev, Bəşir Səfəroğlu, Münəvvər Kələntərli və atası ilə ilk dəfə bir səhnəyə çıxıb.

1972-ci ildə o vaxtkı İncəsənət İnstitutunda Rza Təhmasibin sinfini əla qiymətlərlə başa vurur. Zatən institut illərində onu artıq hazır aktyor bilirdilər. Uşaqlığından televiziyada çıxış etməyi onu həm populyarlaşdırmışdı, həm də ustalaşdırmışdı. Onu sevən tələbə yoldaşlarının, yəni qızların heç birinə fikir verməzdi gənc Yaşar, sadəcə, dodaqucu gülümsəyib keçərdi. Fikrində anasının bir sözü dolaşırdı: "Gedib yada-yalana ilişərsən, bilmərik kimdir, nəçidir, gətirib salarlıq ailənin içinə. Sənə qızı da özüm seçəcəm ".

Elə də oldu. Anasının seçimi ilə Yaşar Konservatoriyada təhsil alan, Rəhimə adlı uzaq qohumlardan olan qızın izinə düşdü, bir gün, iki gün gedib-gəldi arxasınca. Bir gün qıza yaxınlaşıb deyir: "Bilirsən, nə var, vaxt yoxdur ssenari qurmağa, bütün günü səhnədə ssenari ilə oynayıram, evlənirik, vəssalam".

Yaşar Nuriyə hansı qız "yox" cavabı verərdi ki.

Evlənirlər. O illər Yaşar Nuri, artıq Tofiq Kazımovun dəvəti ilə Dram Teatrında işə başlamışdı. 55 manat məvacib alırdı. Orda ilk rolunu oynayırdı - vampir rolunu. Bəli, peşəkar səhnədə ilk rolu vampir olmuşdu. Ona görə sənətin vampirinə çevrildi.

Buratinodan Elçin müəllimə qədər

Teatrda yaratdığı obrazlar, aktyor oyunu barədə teatrşünas İlham Rəhimli belə deyir: "Səhnəyə gəlməyini xəbər vermək kimi bir fənd var. Bu, milli dramaturgiyamızda ən məşhur fənddir. Azərbaycan milli teatrı peşəkarlaşandan sonra aktyor teatrı olub. Seyrçi teatra ilk növbədə aktyora baxmağa gəlir. Bunu yaxşı bilən, bütün hüceyrələri ilə hiss edən aktyor da oynadığı epizodun səhnəyə çıxma vaxtı yetişəndə, qabaqcadan seyrçilərini xəbərdar eləyir ki, bəs, arxayın olun, bu gün mən sizinləyəm. Aktyor tam əmin olmalıdır ki, tamaşaçı səsini eşitcək, məhz onu-sevimli və istəkli sənətçisini, anların intizarıyla gözləyir.