Böyük maarifçi şair


Kriminal 14 Avq 2019 20:07:00 263 0

Böyük maarifçi şair

Azərbaycan realist ədəbi düşüncəsinin əsas nümayəndələrindən biri, özünəməxsus satirik üsluba malik olan Qasım bəy Zakir rəvan dildə əxlaqi-didaktik əsərlər qələmə alıb. XIX əsrin birinci yarısında maarifçilik hərəkatının formalaşması və inkişafına öz qələmi ilə töhfələr verən şair cəmiyyətdəki eybəcərlikləri tənqid edib, xalqın maariflənməsi naminə mübarizə aparıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu gün görkəmli satirik şairin anadan olmasından 235 il ötür. O, müasirləri Abbasqulu ağa Bakıxanov, İsmayıl bəy Qutqaşınlı və Mirzə Fətəli Axundzadə kimi xalqı maarif yoluna istiqamətləndirməkdə satiranı ədəbi janrların ən münasibi hesab edib. Xalqı cəhalətdə, zillətdə saxlayanları satira atəşinə tutub. Qələmə aldığı əsərlərdə Azərbaycan həyatının bir çox tipik xüsusiyyətlərini ümumiləşdirən şair, eyni zamanda, satirik şeirin yeni nümunələrini - mənzum məktub, mənzum hekayə və təmsil janrlarını yaradıb.

Xalqı zülmətdə saxlayan mürtəce qüvvələrə qarşı mübarizə aparan şair təzyiqlərə məruz qalır, düşmənlərinin sayı gündən-günə çoxalır. Var-yoxu talan edilir, mülkü zorla əlindən alınır. Oğlu və qardaşı oğlu şərlənərək tutdurulur... Bütün bunlara baxmayaraq, heç bir təhdid onu tutduğu yoldan döndərə bilmir. Şair bu barədə yazır:

Rahi-müsibətdə keçmişəm candan,

Müxənnətdir qorxan bir qaşıq qandan.

Ehtiyatım yoxdur paşadan, xandan,

Analar doğubdur şiri-nər məni!

"Aslan, qurd və çaqqal", "Tülkü və qurd" təmsilləri ilə cəmiyyətin sağlam yollarla inkişafı naminə çağırışlar edir, məmur özbaşınalığının qarşısını almaq üçün kəskin mübarizə aparır.