Dirijor pultu arxasında keçən bir dahi ömrü...


Kriminal 02 Avq 2019 20:27:00 272 0

Dirijor pultu arxasında keçən bir dahi ömrü...

O, Azərbaycan bəstəkarlarının bir çox simfonik və musiqili səhnə əsərlərinin kantata və oratoriyalarının ilk ifaçısı olmaqla yanaşı, bu əsərlərin təqdimatında özünəməxsus orijinal ifaçılıq üslubu yaradıb. Azərbaycan milli dirijorluq məktəbinin formalaşması onun adı ilə bağlıdır. Bəli, maestro Niyazinin traktirovkasında milli bəstəkarların bir çox əsərləri, o cümlədən, Üzeyir Hacıbəyovun "Koroğlu" operası Azərbaycan musiqisinin qızıl fonduna daxil edilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu gün dünya şöhrətli dirijor, bəstəkar, ictimai xadim, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Niyazi Tağızadə -Hacıbəyovun vəfatından 35 il ötür. İllər keçsə, zaman dəyişsə də Niyazi ürəklərdə yaşayır, yeri hər zaman görünür.

Maestronun Azərbaycan Opera və Balet Teatrının səhnəsində hazırladığı Müslüm Maqomayevin "Nərgiz", Qara Qarayevin "Vətən", Fikrət Əmirovun "Sevil" operaları, eləcə də, Qara Qarayevin "Yeddi gözəl" və "İldırımlı yollarla" baletləri böyük uğur qazanıb. 1961-ci ildə Leninqrad Opera və Balet Teatrında Arif Məlikovun "Məhəbbət əfsanəsi" baletinin ilk tamaşasını hazırlayan maestro, həmçinin Ankara Opera və Balet Teatrında Pyotr Çaykovskinin "Qaratoxmaq qadın", Cüzeppe Verdinin "Aida" operalarına, İstanbul Opera və Balet Teatrında türk bəstəkarı Ə.Sayqunun "Koroğlu" operasının ilk tamaşasına və "Yunis Əmrə" oratoriyasına dirijorluq edib.

Tağızadə-Hacıbəyov Niyazi Zülfüqar oğlu (Maestro Niyazi)ÿ 1912-ci il avqustun 20-də böyük musiqiçimiz Zülfüqar Hacıbəyovun ailəsində dünyaya gəlmişdir. O, bu soyadın davamçısı kimi özünü yeni bir istiqamətdə təsdiq edə bilib. Niyazinin yeniyetməlik illəri Azərbaycanın səfalı guşələrindən olan Şuşada keçib. O, Azərbaycanın ikinci konservatoriyası, musiqi məktəbi kimi hallanan bu diyarın ab-havasında sənətə ilk addımlarını atıb. Uşaqlıq illərindən Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Əbdürrəhim bəy Haqverdiyev, Cəlil Məmmədquluzadə, Nəcəf bəy Vəzirov, Hüseyn Cavid, Süleyman Sani Axundov, Abdulla Şaiq, Hüseyn Ərəblinski, Cahangir Zeynalov, Abbas Mirzə Şərifzadə, Mirzağa Əliyev, Sidqi Ruhulla kimi Azərbaycan incəsənətinin yaradıcıları arasında böyüyüb, onlardan çox mətləblər əxz edib.

Kiçik yaşlarından musiqi ilə məşğul olmasına baxmayaraq, hərbçi olmaq arzusunda idi. İlk musiqi təhsilini Y.A.Şefferlinq adına məktəbdə skripka sinfində almışdı. Sonradan atası Zülfüqar Hacıbəyov və əmisi Üzeyir Hacıbəyovun tövsiyəsi ilə təhsilini Moskvada Mixail Fabianoviç Qnessinin bəstəkarlıq sinfində davam etdirdi. Q.Popov, P.Ryazanov, L.Rudolf, S.Ştrasserin bəstəkarlıq məşğələlərində də iştirak edən Niyazi dirijorluq fəaliyyətinə 1934-35-ci illərdə başlayıb. Bu sahədə xüsusi təhsili olmayan gənc bəstəkar ilk illər Neftçilər İttifaqı Dram Teatrının, Radio Komitəsinin orkestrində çalışmağa başladı. 1935-37-ci illərdə Azərbaycan Dövlət Estrada Orkestrinə rəhbərlik edən Niyazi 26 yaşında artıq keçmiş SSRİ məkanında məşhur insanların siyahısına adını daxil edə bildi.

Milli musiqi sənətində "qızıl mərhələ"nin simvolu

1937-ci ildə Mirzə Fətəli Axundzadə adına Opera və Balet Teatrında dirijorluq vəzifəsinə dəvət olunan maestro 1938-ci ildə Moskva şəhərində keçirilən Azərbaycan incəsənəti ongünlüyündə Müslüm Maqomayevin "Nərgiz" operasına dirijorluq edib. 1938-ci ildə Azərbaycan İncəsənətinin birinci Moskva dekadasından sonra Niyazi simfonik orkestrin baş dirijoru və bədii rəhbəri təyin olunub.

1948-ci ildən həyatının son gününə qədər simfonik orkestrin baş dirijoru və bədii rəhbəri olan sənətkarın yaradıcılığı ölkəmizin baş orkestrinin tarixində şanlı mərhələdir. Niyazinin rəhbərliyi ilə orkestr ən yüksək peşəkarlıq zirvələrinə qalxmış, neçə-neçə musiqiçilər nəslini yetişdirən əsl sənət məktəbi olmuşdur. Neçə-neçə musiqiçi Niyazini özünün ustadı və himayədarı hesab edir, onun adını milli musiqi sənətində "qızıl mərhələ"nin simvolu kimi xatırlayırlar.

O, daha çox dirijor pultu arxasında dursa da, bəstəkarlıq fəaliyyətini də unutmadı. 30-cu illərin əvvəllərində ilk əsəri olan "Od içində" fortepiano poemasını, daha sonra "Talış xalq mahnıları" mövzusunda fortepiano pyeslərini, Azərbaycanın ilk simfonik əsərlərindən olan "Zaqatala suitası"nı yazdı. Korifey sənətkar Azərbaycan mahnılarından "Kəklik", "Qaragilə", "Xumar oldum", "Ay bəri bax" və digər simfonik orkestr üçün işləmiş, 1935-ci ildə "Rast" və "Şur" muğamlarını nota köçürmüşdür.

Azərbaycan kinosu səsli filmlərə keçid aldığı dövrlərdə Niyazi bu sahəyə də öz töhfəsini verə bilib. O, bir sıra film və teatr tamaşaları üçün musiqi bəstələyib. Bunların arasında "Kəndlilər", "Mənsur", "Ceyhun və Ülkər" filmlərinin adını qeyd etmək olar. O, "Almaz" filminin musiqisini atası Zülfüqar Hacıbəyovla birgə işləyərək 40-cı illərdə Süleyman Rüstəmin "Təbrizim" şerinə mahnı bəstələyib. Az sonra isə ilk dəfə "Xosrov və Şirin" operasını yazıb.

Gənclikdə qazanılan şöhrət...