“Ağdam bandası”nın killer başçısına hökm oxundu


Kriminal 29 İyl 2019 19:52:00 251 0

“Ağdam bandası”nın killer başçısına hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində Rusiyada silsilə qətllər törətməkdə və sifariş etməkdə təqsirləndirilən, "Ağdam bandası" qruplaşmasının başçısı Murad Məmmədova hökm oxunub. 

Son.az bildirir ki, qafqazinfo-nun əldə etdiyi məlumata görə, hakim Faiq Qəniyevin icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə M.Məmmədov 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, M. Məmmədov Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105 (qəsdən adam ödürmə), 209 (quldurluq), 162 (soyğunçuluq), 163 (şantaj yolu ilə mənimsəmə) və 222-ci (qanunsuz olaraq silah saxlama, daşıma, ötürmə) maddələri ilə ittiham olunaraq 2010-cu il axtarışa verilib və  2016-ci il fevralın əvvəlində Azərbaycanda tutulub.

Paytaxtın Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Rusiyanın 2010-cu ildən "İnterpol" vasitəsilə beynəlxalq axtarışa verdiyi 1962-ci il təvəllüdlü, Ağdam rayonun Salahlı kəndindən olan Murad Məhəmməd oğlu Məmmədzadə həbs edilib.

"İnterpol"un saytında da axtarışda olduğu qeyd olunan Murad Məmmədovun heç bir fotosu yoxdur. O Azərbaycan, rus və özbək dillərini bilir.

Murad Məmmədov Sankt-Peterburqda qətlə yetirilən üç nəfərin sifarişçisi olub. 2009-cu ildə Rusiyada silsilə qətllərdə təqsirləndirilərək saxlanılan üç azərbaycanlı - Əlibala Əliyev, Kamil Qurbanov və Zamin İsayev 24 il müddətinə azadlıqdan məhrum edilib.

Araşdırmalar zamanı məlum olub ki, "Ağdam bandası" qruplaşmasının başçısı Murad Məmmədov həmin vaxt Zamin İsayevə 300 min rubl verərək başqa bir azərbaycanlını öldürməsini istəyib. Z.İsayev bu iş üçün Əlibala Əliyev və Kamil Qurbanovla əlbir olub. Qanunsuz olaraq silah əldə edən dəstə üzvlərindən Əlibala Əliyev yanlışlıqla başqa adamı öldürüb. Bir neçə ay sonra Zamin İsayev özü Murad Məmmədovun sifariş etdiyi şəxsi öz evində güllələyərək öldürüb.