Arvadı evdən gedən kişi gecə yarısı qaynını güllələdi


Kriminal 24 İyl 2019 16:55:00 246 0

Arvadı evdən gedən kişi gecə yarısı qaynını güllələdi

Bakıda qətl hadisəsi törətməyə cəhd etməkdə təqsirli bilinən Maştağa qəsəbəsi sakini, 1977-ci il təvəllüdlü Elvin Səlimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az publika-ya istinadən xəbər verir ki, Elvin Səlimov 2 iyun 2016-cı il tarixdə ailə münasibətlərinin pozulması zəminində arvadı Səmayə Səlimova uşaqları ilə birlikdə qardaşı Səlim Səmədovun evinə getməsindən sonra, onları evinə qaytarmaq üçün bir neçə dəfə arvadı və qaynına zəng vursa da, sonuncular onun telefon zənglərinə cavab verməyib.

İçki qəbul etdi, silaha əl atdı

O, iyunun 10-da atası Sahibin işdən çıxarılmasına da qaynı Səlim səbəb olduğunu ehtimal edib. Heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyətilə Səlimi öldürmək qərarına gəlib.

Elvin Səlimov həmin gün saat 22 radələrində mağazadan spirtli içki alıb və qəbul etdikdən sonra qanunsuz olaraq əldə etdiyi, Maştağa qəsəbəsi, dəmir yolu xəttinin yaxınlığında torpağa basdırdığı 8 ədəd patronu olan tapançanı götürüb.

Gecə yarısı evə girdi

Elvin Səlimov iyunun 10-dan 11-nə keçən gecə, saat 1 radələrində orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində qaynının yaşadığı Qaradağ rayonu, Sahil qəsəbəsi, Zahid Qasımov küçəsindəki evə gəlib. O, fərdi yaşayış evinin həyətinə girərək, üzərindəki tapançanı atəşə hazırlıq vəziyyətinə gətirib.

Həmin vaxt həyətdə olan oğlu Samir evdə olan ailə üzvlərinə atasının gəldiyini xəbər verib, sonra arvadı, qaynı və sonuncunun arvadı Lalə evdən həyətə çıxıb.

İçkili olan yeznəsini yola salmaq istədi

Bu zaman Səlim onun içkili vəziyyətdə olduğunu görüb. O, bacısının ərinin qolundan tutaraq gedib yatmasını, ayıq vəziyyətdə olarkən gəlməsini bildirib. Belə vəziyyətdə o, Elvini darvazadan çölə çıxarıb.

Elvin yenidən içəri keçmək istəyib, amma Səlim ona ayıldıqdan sonra gəlməsini məsləhət görüb, eyni zamanda ailə üzvlərinə tərəf çevrilərək onlara içəri keçmələrini tapşırıb.

Atəş açdı, qaynını yaraladı

Bu vaxt Elvin onun telefon zənglərinə cavab verilməməsini, həmçinin atasının işdən çıxarılmasını bəhanə edərək, Səlimin yaxın qohumları arvadı və bacısının gözləri qarşısında öldürmək istəyib.

Bu məqsədlə Elvin özündə olan silahlı qaynı Səlimə tuşlayıb və atəş açıb. Onun açdığı atəş nəticəsində Səlim ağır zərər vurmaya aid olan xəsarətlər alıb. Atəşin təsirindən Səlim arxaya gedərək darvazaya söykənib.

İki dəfə atəş açmağa cəhd etdi, qadın imkan vermədi

Daha sonra Elvin qaynına tərəf daha bir atəş açmaq istəsə də, güllə açılmayıb. O, silahı atəş vəziyyətinə gətirərək təkrar atəş açmaq istəsə də, yenə də güllə açılmayıb.