“Ağdam bandası”ndan XƏBƏR VAR


Kriminal 11 İyl 2019 18:19:00 325 0

“Ağdam bandası”ndan XƏBƏR VAR

Bakı Ağır Cinayətlər Məhkəməsində Rusiyada silsilə qətllər törətməkdə və sifariş etməkdə təqsirləndirilən, "Ağdam bandası" qruplaşmasının başçısı, 57 yaşlı Murad Məmmədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, prosesdə dövlət ittihamçısı çıxış edərək M.Məmmədovun 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, M.Məmmədov Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105 (qəsdən adam ödürmə), 209 (quldurluq), 162 (soyğunçuluq), 163 (şantaj yolu ilə mənimsəmə) və 222-ci (qanunsuz olaraq silah saxlama, daşıma, ötürmə) maddələri ilə ittiham olunaraq 2010-cu il axtarışa verilib və 2016-ci il fevralın əvvəlində Azərbaycanda tutulub.

Paytaxtın Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Rusiyanın 2010-cu ildən "İnterpol" vasitəsilə beynəlxalq axtarışa verdiyi 1962-ci il təvəllüdlü, Ağdam rayonun Salahlı kəndindən olan Murad Məhəmməd oğlu Məmmədov həbs edilib.

Murad Məmmədov Sankt-Peterburqda üç nəfərin qətlinin sifarişçisi olub. 2009-cu ildə Rusiyada silsilə qətllərdə təqsirləndirilərək saxlanılan üç azərbaycanlı - Əlibala Əliyev, Kamil Qurbanov və Zamin İsayev 24 il müddətinə azadlıqdan məhrum ediliblər.

Araşdırmalar zamanı məlum olub ki, "Ağdam bandası" qruplaşmasının başçısı Murad Məmmədov həmin vaxt Zamin İsayevə 300 min rubl verərək başqa bir azərbaycanlını öldürməsini istəyib. Z.İsayev bu iş üçün Əlibala Əliyev və Kamil Qurbanovla əlbir olub. Qanunsuz olaraq silah əldə edən dəstə üzvlərindən Əlibala Əliyev yanlışlıqla başqa adamı öldürüb. Bir neçə ay sonra Zamin İsayev özü Murad Məmmədovun sifariş etdiyi şəxsi öz evində güllələyərək öldürüb.