Moskvadan İrəvana Bakı zərbəsi:


Siyasət 11 İyl 2019 13:24:17 225 0

Moskvadan İrəvana Bakı zərbəsi:

Ermənistan yenə təlaşdadır. Səbəb yenə də Rusiya, Avropa və ABŞ-dır.

Rusiya prezidenti Vladimir Putinin yeni təşəbbüsü İrəvanda təlaş yaradıb. Belə ki, V.Putin MDB-nin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) müşahidəçi dövlət statusunun təsis edilməsini və bu təşkilata üzv dövlətlərin səlahiyyətlərinin dəqiqləşdirilməsini nəzərdə tutan qanun layihəsini Dövlət Dumasına yollayıb.

Sənəddə KTMT barədə ikinci protokolun müddəalarına əsasən "KTMT üzvü olan ölkələrin nümayəndələri" anlayışı dəqiqləşdirilir, KTMT-də səlahiyyətli nümayəndə əvəzinə təşkilatda daimi və səlahiyyətli nümayəndə ilə baş katibin müavini postları təsis olunur, vəzifələrin anlayışları açıqlanır. Bu protokolla habelə KTMT-nin baş katibinin və onun ailə üzvləri ilə yanaşı, onun müavinləri və müavinlərin ailə üzvlərinin imtiyazları ilə toxunulmazlığı təsdiqlənir.

Yəni KTMT-nin baş katibi və müavinlərinin özləri ilə yanaşı, ailə üzvləri üçün də bu ilin aprelin 18-də qəbul edilmiş "Diplomatik münasibətlər haqqında" Vyana konvensiyasının şərtləri nəzərdə tutulur.

Üçüncü protkol isə KTMT üzvü olmayan, amma bu təşkilatın məqsədlərini və məramlarını bölüşən ölkələrlə beynəlxalq təşkilatlar üçün "müşahidəçi" və "tərəfdaş" statuslarını təyin edir.

Maraqlıdır ki, KTMT-nin hüquqi statusu barədə anlaşmaya dəyişikliklər edilməsi ilə bağlı ikinci və üçüncü protokollar 2002-ci ilin oktyabrın 7-də hazırlanmış, 2018-ci ilin noyabrın 8-də KTMT ölkələrinin liderlərinin Astanadakı zirvə toplantısında imzalanma üçün təqdim edilmişdi.

Yəni Astanadakı müzakirələrdə Ermənistanın baş naziri Nikol Paşinyan bilavasitə iştirak edib, dəyişiklərə razılıq verib.

Ermənistanın hakimiyyət dairələrini, xüsusilə də baş nazir Nikol Paşinyanı təlaşa salan da elə həmin protokollardır. Belə ki, ikinci protokola edilən düzəliş və əlavələr qüvvəyə minərsə, onda KTMT-nin sabiq baş katibi, erməni general Yuri Xaçaturov avtomatik olaraq cinayə məsuliyyətindən və məhkəmə təqibindən qurtulur.

Çox yəqin ki, Rusiyanın "məsləhət"lərindən sonra KTMT üzvü olan digər ölkələr sözügedən düzəlişlərlə əlavələri Ermənistanda ötən ilin yayında baş verən hadisələrdən, yəni ABŞ ssenarisi ilə Nikol Paşinyanın hakimiyyətə gətirilərək Serj Sarqsyanın devrilməsindən sonra razılaşdırıblar.

Üstəlik, 2008-ci ilin 1 mart hadisələri ilə bağlı Yuri Xaçatorova qarşı ittihamlar irəli sürüləndən və o, həbs olunandan sonra Rusiyanın səbr kasası daşmışdı.

Səbəb trivialdır: general Y.Xaçaturov Rusiyanın Ermənistandakı kreaturalarından biridir.

Nikol Paşinyan da dərk edir ki, Ermənistanın strateji müttəfiqi sayılan Rusiya və KTMT üzvləri hələlik dolayı yolla, institusional qaydada rəsmi İrəvanı qətiyyətlə pisləyiblər. Bu "pisləmə", əslində, sərt ultimatum, Rusiyanın səbr kasasının daşdığını göstərən məqamdır.

V.Putin də KTMT-nin artıq sabiq sədri Yuri Xaçaturovun həbsindən nəticə çıxararaq təşkilatın rəhbərinin bundan sonra təqib olunmasına imkan verməməyə çalışır.

Ermənistan da bununla faktiki olaraq razılaşıb. Bu isə Qərbə meylli xarici siyasət yürütdüyünü gizlətməyən, "hər qərarda və hər addımda xalqla dövlətin maraqlarının nəzərə alındığını" vurğulayan Nikol Paşinyanın administrasiyasının nə qədər "prinsipial" olduğunu göstərir.

Paşinyanı narahat edən başqa məqam isə KTMT-də "müşahidəçi" və "tərəfdaş" statuslarının təsis olunmasıdır.

Ekspertlərin fikrincə, Rusiya prezidenti Vladimir Putinin bu qərarı, əslində, KTMT-nin qapılarının Türkiyə və Azərbaycan üçün taybatay açılmasıdır.

Ermənistan mediası yazır: "Ermənistan üçün çox ciddi problemlər yaranır. Doğrudanmı ötən ilin noyabrın 8-də, Astanadakı KTMT sammitində rəsmi İrəvan belə "yeniliklər"in Ermənistana qarşı istifadə edilməcəyi barədə təminat alıb? Yoxsa "yeniliklər"dən Ermənistanın arxasında ona qarşı yeni ssenarilərin qurulması üçün istifadə ediləcək? Bəlkə KTMT-də bu məsələ ilə bağlı Ermənistana qarşı "konsensus minus bir" formalaşıb və rəsmi İrəvan da alternativi olmadığında ümumi ralızaşmanı qəbul etmək məcburiyyətində qalıb?! Aydındır ki, Moskvanın istəyi və təşəbbüsü ilə KTMT Nizamnaməsinə edilən dəyişikliklər daha qlobal məzmunlu proseslər üçün nəzərdə tutulsa da, əslində, həm də Ermənistandakı "inqilab"ın cəzalandırılmasıdır".

Halbuki situasiya bir qədər fərqlidir.

Belə ki, Azərbaycan indiyədək tam müstəqil, heç bir dövlətdən, siyasi və ya hərbi blokdan asılı olmayan, qarşılıqlı əlaqələrdə yalnız üfüqi münasibətlərə üstünlük verib. Belədir və belə də olacaq.

Ona görə Azərbaycanın KTMT-yə üzv dövlət qismində qatılması, "MDB NATO-su" adlandırılan və Rusiyanın total nəzarətindəki hərbi-siyasi strukturda təmsil olunması nəinki yaxın, hətta orta perspektivdəki məsələ deyil.

Azərbaycan ən nikbin ehtimalla müşahidəçi statusu ilə kifayətlənəcək.

Bu isə Ermənistanı narahat etməməlidir, çünki Azərbaycanın səbr kasası artıq dolmaq üzrədir. Ermənistan qoşunlarını işğal altında saxladığı Azərbaycan ərazilərindən yaxın vaxtlarda, qeyd-şərtsiz çıxarmasa, Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatların başlanması qaçılmaz proqnoz təsiri bağışlayır.

Ermənistana belədə KTMT yardım edən deyil, etməyəcək də.

Elçin Alıoğlu Son.az