Ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 50 illiyi münasibətilə Aİİdə tədbir təşkil olunub FOTO


Siyasət 10 İyl 2019 19:53:00 249 0

Ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 50 illiyi münasibətilə Aİİdə tədbir təşkil olunub  FOTO

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 50 illiyi münasibətilə tədbir keçirilib.

Son.az bildirir ki, institutdan Trend-ə verilən məlumata görə, millət vəkili, siyasi elmlər doktoru Elman Nəsirov, İnstitutun müəllim-tələbə heyəti və digər qonaqlar tədbirdə iştirak ediblər.

Tədbiri giriş nitqi ilə açan rektor Ceyhun Məmmədov ölkəmizdə tarixən mövcud olan multikultural və tolerant mühit, o cümlədən, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-din münasibətlərinin inkişaf etdirilməsi istiqamətində görülən işlər barədə məruzə ilə çıxış edib. Vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin bu sahədə müstəsna xidmətlərinə bariz nümunə kimi, Azərbaycan Respublikasının Konstitusiyasında müvafiq müddəaları, "Dini etiqad azadlığı haqqında" qanunu və digər qanunvericilik aktlarını göstərmək mümkündür.

Dövlət-din münasibətlərinin düzgün qurulmasında, respublikada dini əmin-amanlığın və sabitliyin yaranmasında Ulu Öndərin mühüm rol oynadığını vurğulayan rektor Azərbaycanda dövlətin din siyasətinin həyata keçirilməsini təmin etmək məqsədilə Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ilin iyununda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradıldığını nəzərə çatdırıb.

C.Məmmədov bildirib ki, Heydər Əliyevin 1969-cu ildə Azərbaycan rəhbərliyinə seçilməsi tariximizin dönüş nöqtəsi kimi yaddaşlara həkk olunub. Qeyd edib ki, Azərbaycanda hər bir sahədə müşahidə olunan inkişaf tendensiyası təhsil sektorunda da nəzərə çarpmaqdadır. Bu inkişafın əsasında isə ulu öndər Heydər Əliyevin ideyaları və həmin ideyaların işığında həyata keçirilən siyasi-strateji kurs dayanır. Bu gün məhz ulu öndər Heydər Əliyevin miras qoyduğu, özündə yüksək norma və dəyərlər sistemini ehtiva edən ənənələr Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının yüksək diqqəti və qayğısı ilə atılan addımlar, icra edilən dövlət proqramları təhsil sistemində yeni uğurların əldə olunmasına gətirib çıxarır. C.Məmmədov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə milli-mənəvi və dini dəyərlərin qorunması istiqamətində dövlət siyasəti böyük uzaqgörənliklə həyata keçirilir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun, eyni zamanda, Azərbaycan İlahiyyat İnstitutunun yaradılması bu siyasətin parlaq nümunəsidir.

Millət vəkili, siyasi elmlər doktoru Elman Nəsirov ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, Azərbaycan dövlətçiliyinin bərpasında, qorunub saxlanılmasında misilsiz xidmətlərindən bəhs edərək, Ümummilli Liderin xalqımızın rifahı naminə həyata keçirdiyi siyasi-iqtisadi islahatlardan söhbət açıb.

Azərbaycan Dövlətinin Ulu Öndərdən xalqımıza əmanət olduğunu qeyd edən E.Nəsirov "Bu əmanəti gözbəbəyi kimi qorumaq və Heydər Əliyev ideyaları ətrafında sıx birləşib, bu ənənələri qorumaq hər birimizin müqəddəs borcudur. Ulu Öndər həm 1969-1982-ci, həm də 1993-2003-cü illərdə Azərbaycana rəhbərlik etdiyi dönəmdə hər iki dövr bir-birindən zaman baxımından, həmçinin ictimai-siyasi formasiya baxımından fərqlənsə də, Azərbaycan dövlətçiliyinə xidmət hər iki mərhələdə bir-birinə oxşardır, eyniyyət təşkil edir. Heydər Əliyev Azərbaycanı Sovet İttifaqının inkişaf etmiş respublikalarından birinə çevirdi. Ulu Öndərin ən böyük xidmətlərindən biri də bu idi ki, 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsdiq edilməsinə nail oldu".

Azərbaycanın müstəqilliyinin bərpasından sonrakı ilk illərdə ölkəmizdə bütün sahələrdə yaşanan tənəzzüldən bəhs edən E.Nəsirov ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra, respublikamızın dinamik inkişaf yoluna qədəm qoyduğunu, beynəlxalq ictimaiyyət arasında dərin hörmət və nüfuz qazandığını vurğulayıb.


Xəbərə aid fotolar