MTN generalı və polkovniki Ali Məhkəməyə müraciət etdi


Kriminal 14 İyn 2019 15:54:00 286 0

MTN generalı və polkovniki Ali Məhkəməyə müraciət etdi

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyev yenidən kasasiya şikayəti ilə Ali Məhkəməyə müraciət ediblər.

Son.az Teleqraf.com-a istinadən xəbər verir ki, hər iki MTN zabitinin şikayəti araşdırılması üçün Fərhad Əliyevin icraatına verilib.

Məhkəmənin ilkin baxış iclasının vaxtı müəyyən edilib.

Qeyd edək ki, Elçin Quliyev və Azər Mehdiyev bundan əvvəl də Ali Məhkəməyə müraciət edib. Bu ilin yanvarında hakim Fərhad Əliyevin sədliyi ilə araşdırma aparılan zaman Elçin Quliyev və Azər Mehdiyev şikayətlərinin geri götürülməsi barədə məhkəməyə ərizə ilə müraciət ediblər.

Bu səbəbdən onların şikayətinə baxılmayıb və icraatdan çıxarılıb.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Elçin Quliyev 10 il 6 ay, Azər Mehdiyev isə 8 il azadlıqdan məhrum ediliblər.

Elcin Quliyev Bakı Hərbi Məhkəməsində çıxarılan hökmün ləğvini və ona bəraət verilməsini istəyib. O, müsadirə olunması üçün üzərinə həbs qoyulan əmlaklarının da özünə qaytarılmasını tələb edib. Azər Mehdiyev də apelyasiya şikayətində bəraət istəyib.

Bu iş üzrə zərərçəkmişlərdən yalnız iş adamı Maqsud Mahmudov apelyasiya şikayəti verib. O, dəymiş ziyanla bağlı mülki iddianın təmin olunmasını, təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılmasını istəyib. Maqsud Mahmudov Elçin Quliyev və Azər Mehdiyevə qarşı 200 min manata yaxın mülki iddia qaldırıb.

Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə tərəflərin apelyasiya şikayətləri təmin edilməyib.