5,5 milyard manatı qanunsuz ölkədən çıxaran bankirə


Kriminal 12 İyn 2019 20:04:00 238 0

5,5 milyard manatı qanunsuz ölkədən çıxaran bankirə

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət yolu ilə əldə edilmiş külli miqdarda pulu leqallaşdırmaqda təqsirləndirilən "Royalbank"ın 10 saylı filialının keçmiş direktor müavini Malik Əliyev və tanışı Rüfət Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə Rüfət Vəliyev 15 il, Malik Əliyev isə 13 il azadlıqdan məhrum edilib.

Onlar CM-in 193-1 (cinayət yolu ilə əldə edilmiş pulları və ya digər əmlakı leqallaşdırma), 313 (vəzifə saxtakarlığı) və 320-ci (saxta sənəd hazırlama və ya istifadə) maddələri ilə təqsirli bilinib.

İttiham aktına əsasən, "Royalbank"ın 10 saylı filialının keçmiş direktor müavini Malik Əliyev 2012-ci ilin əvvəlində Rüfət Vəliyevlə görüşərək ona cinayət yolu ilə əldə olunmuş pulların leqallaşdırılmasını təklif edib. M.Əliyev onu "AGbank"ın İdarə Heyətinin sədri Azər Mövsümovla görüşdürüb. R.Vəliyev görüşdə özünü "Provision Group", "İmpeks+", "Blast", "Qalaksi A", "Asin Co. LTD", "Primo A" və "İTEK" MMC-lərin direktoru kimi təqdim edib. O, guya xarici iqtisadi ticarət fəaliyyəti göstərəcəklərini, külli miqdarda dövriyyələri olacağını bildirib və bunun üçün bankın filiallarının birində onlara otaq ayrılmasını istəyib. A.Mövsümov onlar üçün "AGbank"ın Xətai filialında otaq ayırıb.

M.Əliyev "Royalbank"da işlədiyi vaxtdan bəri tanıdığı Vidadi Əliyev, Ülkər Nəbiyeva və Arzu Əsgərovanı da işə cəlb edib. R.Vəliyev və istintaqa məlum olmayan şəxslərin gətirdiyi cinayət yolu ilə əldə edilmiş külli miqdarda pulları V.Əliyev sayıb, onların saxta olub-olmadığını yoxlayıb. Daha sonra həmin pullar adları qeyd olunan şirkətlərin hesablarına köçürülüb, ardınca xarici valyutaya konversiya edilərək xarici ölkələrin banklarındakı hesablara köçürülüb. Ü.Nəbiyev və A.Əsgərova R.Vəliyevin tapşırığı ilə xarici bankların hesablaşma nömrələri və köçürüləcək məbləği kompüter vasitəsilə yazaraq çap edib M.Əliyevə təqdim ediblər. R.Vəliyev isə həmin sənədləri şirkətlərin möhürü ilə təsdiqləyib, imzaladıqdan sonra icra olunması üçün M.Əliyev və V.Əliyevə təqdim edib.